Xəbər lenti

 Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq hər keçən gün genişlənir və bir az da yeni mahiyyət kəsb edir. İndiyə qədər Azərbaycan və Türkiyə hərbi hava qüvvələri arasında keçirilən birgə təlimlər hava qüvvələri sahəsində əməkdaşlığın bir forması idi. Ancaq bu gün Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın yeni bir sahəsinə qədəm qoyur.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, bu, indiyə qədər Türkiyə ilə Azərbaycan arasında misli görünməmiş bir təlimdir:

“Hər iki ölkənin Silahlı Qüvvələrinin bir çox növlərini əhatə edən irimiqyaslı hərbi təlimlərdə hava qüvvələrinin bir hissəsi, vertolyotlar, artilleriya qüvvələri, quru qoşunlarının digər növləri, raket, daxili qoşunlar və jandarma qoşunları iştirak edəcək. Bu təlimlər birgə əməliyyatların işlənib hazırlanması, yeri gəldikdə düşmənin hər hansı bir təcavüzünü dəf etmək üçün həm ştat qərargah təlimlərini özündə ehtiva edir, həm də konkret əsgər və döyüş texnikasının iştirakı ilə keçirilir. Bu təlimlər ətrafımızda olan müəyyən qüvvələrə yönəlmiş çox ciddi mesajdır. Birinci növbədə Ermənistana mesajdır ki, Azərbaycan tək deyil, yəni bir çox dövlətlərdən hərbi dəstək ala bilər, xüsusilə də Türkiyədən. Türkiyənin bu təlimlərin keçirilməsində böyük hüququ var. Çünki 1921-ci ilin mayında Rusiya ilə imzalanmış Qars müqaviləsinə görə, Türkiyə həm də Naxçıvanın təhlükəsizliyi üçün bir zəmanətçi rolunu oynayır. Bütün bunlar onu göstərir ki, Azərbaycanı Türkiyə ilə həm də hərbi sahədə imzalanmış müqavilələr birləşdirir”.

Politoloq bildirib ki, hərbi təlimlərdən sonra Türkiyədə hazırlanmış yeni silah növlərinin baxışı da olacaq: “Azərbaycan Türkiyədən silah alır və getdikcə alınan silahların çeşidi artmaqdadır. Bir sözlə, həyata keçirilən hərbi təlimlər Azərbaycanın müdafiə qüdrətinin artırılması baxımından çox böyük əhəmiyyətə malikdir və düşməni daim qorxuda saxlayır”.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlər mayın 5-dək davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 365          Tarix: 2-05-2017, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma