Xəbər lenti

Avropa Birliyi daim üzvlərinin demokratik siyasətini uyğunlaşdırmaq mübarizəsi aparıb. Bu problem 1999-cu ildə, uyğun siyasi və fiskal birlik olmadan valyuta birliyinin yaradılması ilə daha ciddi xarakter aldı. 2011-ci ildən başlayaraq isə avrozonanın suveren borc böhranı real, ancaq idarə olunan məsələyə çevrildi. İndi qeyri-işlək valyuta birliyində ilişib qalmış AB nə üzv dövlətlərin demokratiyasına uyğunlaşa bilir, nə də onları sıxışdıra.

“Foreign Affairs” dərgisində Helen Tompson yazır ki, sonucda son on ilin tendensiyası davam edir: davamlı həll olmadan böhran ardınca böhran.

Müəllif yazır ki, İtaliya hökuməti ilə avrozona hakimiyyəti arasında İtaliyanın büdcə defisiti ilə bağlı qarşıdurma AB-nin demokratiya ilə bacara bilməməsinə daha bir örnəkdir. İtaliya koalisiya hökumətinin üzvləri ötən ilki seçki zamanı vergi və xərclərlə bağlı vədlər veriblər, ancaq indi onları yerinə yetirə bilmirlər, bu halda defisit böyüyə bilər. Bu zaman öncəki hökumətin Avropa Komissiyası qarşısındakı öhdəlikləri də pozular. İtaliya borcunu maliyyələşdirməkdən ötrü Avropa Mərkəzi Bankından xeyli dərəcədə asılıdır, yəni, AB-yə meydan oxuya bilməz.

Digər tərəfdən, müəllif yazır ki, İtaliya seçicilərinin əksəriyyəti Avropanın ölkə siyasətinə nəzarətini qəbul etməyəcəklər. Elə Beş Ulduz Hərəkatının yüksəlişi də 2011-ci ildən sonra başlandı. O zaman Avropa Mərkəzi Bankı və Almaniya kansleri Angela Merkel İtaliya Prezidenti Qriqori Napolitanonu məcbur etdi ki, dikbaş baş nazir Silvio Berluskonini vəzifədən uzaqlaşdırsın, yerinə texnokrat hökumət qoysun. “Bu gün İtaliya hökuməti inanır ki, AB-yə qarşı nə qədər duruş gətirərsə, gələn mayda Avropa Parlamentinə seçkilərdə daha çox səs yığa bilər”, – məqalədə deyilir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 322          Tarix: 12-12-2018, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma