İtaliyada seçkinin ilkin nəticəsi Silvio Berluskoninin sağ-mərkəzçi koalisiyasının daha çox səs topladığını göstərir.
Lakin parlamenti idarə etməkdən ötrü heç bir partiya, yaxud koalisiya yetərincə səs toplaya bilməyib. Martın 4-də keçirilmiş seçkidə bülletenlərin yarıdan çoxu sayılıb. Berluskoninin koalisiyasının səslərin 37 faizini topladığı bəlli olub. Koalisiya üzvləri – antimühacir Liqa Partiyası 18 faiz, Berluskoninin Forza Italia (İrəli, İtaliya) partiyası isə 14 faiz toplayıb. İtaliyanın mürəkkəb seçki sisteminə uyğun olaraq, çoxluqdan ötrü 40 faiz səs lazımdır.
Mövcud isteblişmentə qarşı çıxan, 31 yaşlı Luici Di Maio-nun rəhbərlik etdiyi Beş Ulduz Hərəkatı (Five Star Movement) 31 səslə ikinci yeri tutub və parlamentdə ən böyük tək partiyaya çevrilib.
Keçmiş baş nazir Matteo Renzinin hakim sol-mərkəzçi Demokratik Partiyası (PD) cəmi 24 faiz səs yığmağı bacarıb.
Üç dəfə baş nazir olmuş, 81 yaşlı Silvio Berlusconi barəsində vergi fırıldağıyla bağlı məhkumluq olduğundan vəzifəyə seçilə bilməz. Amma o, gələcək hökumətdə əsas rol oynamağa can atır, baş nazirliyə namizədi Avropa Parlamentinin prezidenti Antonio Tajanidir.
“Reuters” informasiya agentliyi İtaliyanın uzunmüddətli siyasi sabitsizliklə üz-üzə qaldığını yazır. Belə ki, İtaliyanın üç əsas fraksiyası ölkəni təkbaşına idarə edə bilməyəcək və ənənəvi hökumətin qayıdış perspektivi də yoxdur. Agentlik bunun Avropa Birliyinə yeni başağrısı olacağını vurğulayır. İndi iki ssenari mümkün görünür. Birincisi, AB-yə skeptik yanaşan koalisiyanın formalaşmasıdır ki, bu koalisiya AB-nin büdcə məhdudiyyətlərinə meydan oxuyacaq və Avropaya inteqrasiyada daha az maraqlı olacaq. İkinci ssenari çıxılmaz durumun həllindən ötrü yeni seçkilərin keçirilməsidir. (Azadlıq Radiosu)
Paylaş: