Xəbər lenti

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani “Teleqraf.com-a maraqlı müsahibə verib.

– Əfşar bəy, hazırda İranda sosial-iqtisadi durum necədir, hansı çətinliklər yaranıb?

– Dolların qiymətinin bahalaşması müşahidə olunurdu. Demək olar ki, dolların məzənnəsi beş qat qalxdı, amma son bir ayda yenidən ucuzlaşma oldu. Son günlər isə dolların məzənnəsi yenidən bahalaşıb. İrana qarşı II mərhələ sanksiyaların başlaması səbəbindən dolların bahalaşması müşahidə edilir. Yəni sanksiya öncəsi dollar psixoloji təsirini yaradıb. Dollara tələbat bir qədər artıb. Yeyinti məhsullarında, avtomobillərin qiymətində son 6 ayda bahalaşma baş verib. Dövlət rəsmiləri də deyirlər ki, sanksiyaların, Trampın İranla imzalanan nüvə sazişindən çıxmasının müəyyən təsirləri var.

Ancaq başqa hadisələr, mövqelər də olur. Tramp, onun nazirləri müəyyən fikirlər deyirlər, bunun da təsiri mümkündür. Biz iqtisadi məsələlər üzrə mütəxəssis deyilik. Amma görünən odur ki, sanksiyaların tətbiq ediləcəyinə dair bəyanatların da təsiri olur, amma sanksiya tətbiq olunanda təsir düşünüldüyü kimi dəhşətli olmayacaq.

Hesab edirəm ki, devalvasiya prosesi, qiymətlərin bahalaşması yalnız sanksiyalar və Trampın bəyanatlarının təsirindən doğmayıb. Əlbəttə, sanksiyanın təsir var, amma İran dövlətinin özü də əvvəlcədən proqnoz aparmalı, ölkəyə daxil olan dolların tənzimlənməsini həyata keçirməli idi. Məncə, bu istiqamətlərdə müəyyən nöqsanlar olub. Yəni bütün mənfi təsirləri sanksiyaların və ya Tramın üzərinə atmaq doğru deyil. Hər halda İranda böyük iqtisadiyyat var. Vəziyyətin bu cür olmasının bir səbəbi sanksiya və onun təsirləridirsə, digəri səbəb də daxildə vəziyyətin müdrikcəsinə idarə edilməməsi halları ola bilər.

– Noyabrın 4-dən İrana qarşı ABŞ-ın II mərhələ sanksiyaları başlayacaq. Sizcə, İranda nələr ola bilər?

– İndi Avropa Birliyi, Çin, Rusiya kimi dövlətlər 5+1 sazişində qalırlar və sazişin icra edilməsində maraqlıdırlar. Avropa Birliyi çalışır ki, İranla alış-veriş mexanizmi hazırlasın. Hindistan İranla müqavilə bağlayıb. İran neft satanda onun qarşılığı olaraq dollar deyil, avro alacaq. Çinlə müqavilə var, çalışılır ki, yuanla, Rusiya ilə rublla ticarət edilsin. Avropanın İranla əməkdaşlığı davam etsə və İran neftini sata bilsə, məncə, yaxşı olar. İndi də İran neft satır.

Ola bilsin ki, ucuz satır, amma satır. İranın neft ixracatı təxminən 1 milyon barelə qədər azalıb, amma bildiyim qədər hazırda satış var. Avropa, Çin və Rusiya əməkdaşlığı davam etdirsə, İran neftini sata və öz ehtiyaclarını ödəyə bilsə, sanksiyaların təsiri dağıdıcı olmaz. Yəni, buna dözmək də olar. Bu halda ABŞ-da hakimiyyətə yeni qüvvələrin gəlişinə qədər səbir etmək mümkündür. Məncə, indi İran Konqresə keçiriləcək aralıq seçkiləri gözləyir. Seçkilərdə demokratlar qalib gəlsə, mümkündür ki, bunun Trampın siyasətinə müəyyən təsirləri olsun, prezidenti məhdudlaşdırsınlar. İndiki vəziyyət iki il dözülsə, növbəti seçkilərdə ehtimal ki, Tramp qələbə çalmayacaq. Ancaq bunların hamısı ehtimallardır. Yəni bunlar baş verərsə, İranın vəziyyətdən çıxması üçün fürsət yarana bilər. Əks təqdirdə daha çətin dövr başlayar.

– Nəzərə alın ki, Avropa Birliyi, Rusiya və hətta Çinin özü belə ilk növbədə ABŞ-dan qorunmaq, mümkün qədər onun sanksiyalarından kənarda qalmağa çalışır…

– Təbii ki, bu ölkələr özlərini də qorumalıdır. Onların hakimiyyəti də sorğu-sual altındadır. Bu səbəbdən də yeni yollar axtarılır. O mənadakı ölkələr ABŞ-ın kölgəsi altından necə çıxa, dollar və siyasi məsələlərdə hansı şəkildə sərbəstlik əldə oluna bilər. Hər halda ABŞ-ın kölgəsindən çıxmaq üçün yolların tapılıb-tapılmayacağı da məlum olacaq.

– İranın noyabrın 4-dən sonra qarşılaşacağı sanksiyalar girdabından çıxa bilməməsi, daxildə sabitliyin pozulması kimi ehtimallar varmı?

– Əgər yuxarıda qeyd edilən ehtimallar reallığa çevrilsə, İran indiki dövrü başa vura bilər. Sonrakı ildə ABŞ-da prezident seçkilərində yeni qüvvələr hakimiyyətə gələrsə və əlaqələr nisbətən yumşalarsa, vəziyyətdən çıxmaq olar. ABŞ-da Demokratlar Partiyası ilə Respublikaçıların İrana münasibətində ciddi fərqlər yoxdur, sadəcə yol fərqi var. Demokratlar zamanı İranla nüvə sazişi imzalandı. Ancaq Tramp problemləri hədə, zor yolu ilə həll etmək istəyir. İndiki vəziyyət davam edərsə, sözsüz ki, durum bir qədər ağırlaşacaq.

Ancaq İran prezidentinin və xarici işlər nazirinin başqa variantlara baş vurmasını istisna etmirəm. Məsələn, qeyd olunur ki, ABŞ sanksiyaları götürsə və nüvə sazişinə qayıtsa, Tehran Amerika ilə müzakirələrə hazırdır. Bu özü “yaşıl işıq” göstərməkdir. Yəni “İran normal şəraitdə ABŞ-la danışıqlara hazırdır” mənasını verir. Bunu İran rəsmiləri deyirlər. Mümkündür ki, danışıqlar məsələsi ortaya çıxsın. Əlbəttə, bu, birdən-birə olmayacaq.

– Gərginliyin olacağı qaçılmaz görünmürmü?

– Baxır hansı zamanda, kimlər tərəfindən, hansı situasiyada gərginlik ola bilər. İkincisi, hazırda da vəziyyət gərgindir. ABŞ-la İran arasında söz atışması var, bu da gərginlikdir. Bir var gərginlik, bir də var uçurum. Gərginliklə uçurum arasında ciddi fərqlər var. Bəzi hadisələr zamanı hər şey dağılıb gedir və biz buna uçurum deyirik.

Hesab edirəm ki, vəziyyət çətinləşsə və başqa yollara gedilməsə, ola bilsin ki, daha pis durum yaranar. Əgər ABŞ-ın qarşısında Çin, Yaponiya, Avropa, Rusiya dura bilmirsə, problemlərini danışıqlar yolu ilə həll edirlərsə, İran da bu yolu gedə bilər. Sadəcə İran indi Trampla danışıqlar aparmaq istəmir, ABŞ-ın 2015-ci ildə əldə edilən nüvə sazişinə qayıtmasını istəyir. Ola bilsin ki, Konqresə seçkilərdə Demokratlar qalib gəlsə, onlarla danışıqlar gedilsin. Ancaq o zamana qədər nələr ola bilər, vəziyyət hansı həddə qədər gərginləşə bilər kimi məqamları da nəzərə almaq lazımdır.

– Noyabrın 4-dən sonra İrana qarşı tətbiq ediləcək sanksiyalar vasitəsilə rejimin və hakimiyyətin dəyişməsinə nail olmaq mümkündürmü?

– Yox. İranda hakimiyyət dəyişikliyini görmürəm. İranın öz daxilində təbii ki, hər zaman islahatçılar olub, istəyiblər ki, ölkənin problemləri həll edilsin, normal xarici siyasət qurulsun, daxildə sərbəstlik və azadlıq olsun. Nəzərə almaq lazımdır ki, 20-25 ildir ki, islahatçılar deyilən qüvvə bunu istəyir. Düşünürlər ki, xarici siyasətdə, daxildə müəyyən dəyişiklik etmək lazımdır ki, İran İslam Respublikasının sistemi bir qədər möhkəmlənsin, eyni zamanda ölkə inkişaf etsin, xalqın da rifahı təmin olunsun. Bu məqsədlə islahatçılar çalışıblar. Parlamentdə nümayəndələri olub, prezident seçkilərində iştirak ediblər. Əlbəttə, onların qarşısında maneələr də yaradıblar və s.

Amma hər halda Həsən Ruhani kimi siyasətçi islahatçılar tərəfindən dəstəklənib. Fikrimcə, islahatçı qüvvələr ölkəni bu durumdan çıxarsalar, hakimiyyətin devrilməsi kimi fikirlərə də yer olmaz. İnsanlar arasında narazılıq var, amma bu daha çox iqtisadi məsələlərlə bağlıdır. Yəni xalqın hakimiyyətin qarşısında durması kimi mənzərə yoxdur. Xalq hakimiyyətdən istəyir ki, problemlər olmasın. Hökumət də çalışır ki, nələrsə etsin. Mümkündür ki, daxildə islahatçılara imkan verilsin, onlar hakimiyyətə gəlsin və ölkəni vəziyyətdən çıxarsınlar. Bir sözlə, müxtəlif yollar və variantlar var. Amma sanksiyalar vasitəsilə hakimiyyəti dəyişmək, sistemi yıxmaq mümkün deyil.

– İran-ABŞ qarşıdurmasında Rusiya İranın yanında yer almış kimi görünür. Bu qarşıdurma davam edərsə, Rusiyanın İranın yanından çəkilmə ehtimalı varmı?

– Rusiya-İran əməkdaşlığı olsa da, bu, strateji müttəfiqlik səviyyəsində olmayıb. Sadəcə olaraq, bəzi məsələlərdə Rusiya və İranın maraqları üst-üstə düşdüyü üçün əməkdaşlıq olub. Məsələn, Suriya problemi. Suriya problemi həll olunana qədər bu əməkdaşlıq davam edəcək. Çünki Suriyada Rusiyanın qarşısında ABŞ var. Bu səbəbdən də İran Rusiyaya lazımdır. Elə Rusiya da İrana lazımdır.

İkincisi, Krım problemi, ABŞ-ın Rusiyaya qarşı sanksiyası, NATO məsələsi, habelə son vaxtlar orta mənzilli nüvə raketləri haqda sazişdən ABŞ-ın çıxa biləcəyi haqda mövqe də var. Görünür ki, ABŞ-Rusiya münasibətlərində problemlər uzunmüddətli olacaq.

– İrana hərbi müdaxilə olsa, Tehran daha çox kimə arxalana bilər?

– ABŞ tərəfindən İrana hərbi müdaxilə olarsa, nəinki Rusiya, heç bir ölkə İranın yanında olmayacaq. Bu, aydın məsələdir. Əlbəttə, İrana hərbi müdaxilə ehtimalı yoxdur. ABŞ rəsmiləri də İrana hərbi müdaxilənin tərəfdarı deyillər. Sadəcə bəzən deyilir ki, Tramp daxili məsələlərdə problem yaşayarsa, seçki ərəfəsində uduzduğunu görsə, mümkündür ki, müdaxilə haqqında düşünülsün.

Ancaq mən bunu real hesab etmirəm. Düzdür, Amerika güclüdür, amma İran da zəif deyil. Həm də ABŞ Əfqanıstanda, İraqda, Yəməndə, Suriyada uzun illərdir ki, əziyyət çəkir, çətinliklə qarşılaşıb. Yəni İrana hücum etmək məsələsi gündəmə gələ bilməz. Sanksiyalarla, siyasi məhdudiyyətlərlə, təzyiqlərlə İranı istədiyi yola gətirməyə çalışır. Hərbi qarşıdurma ehtimalı ya ümumiyyətlə yoxdur, ya da çox azdır.

 




Ana səhifəyə qayıt        Baxış: 517          Tarix: 2-11-2018, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma