2018-ci ildən Azərbaycanda kadr islahatları aparılır. Xüsusilə də yaşlı nəsil məmurlar gənclərlə əvəzlənir. Köhnə komandadan idarəçilikdə çox az adam qalır. Nazirlər Kabinetinin və Prezident Administrasiyasının rəhbər heyəti, demək olar, gənc kadrlarla dəyişdirilib.
Amma “ixtiyarlar heyəti” vəzifədən könüllü getməyiblər. Onlardan olsaydı, ömürlərinin sonuna kimi vəzifədə qalardılar.
Düzdür, bəzi hallarda öz təşəbbüsü ilə vəzifədən ayrılan məmurlar var. Onların da sayı bir əlin barmaq sayından da azdır.
Bu günlərdə isə uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışmış, sabiq baş nazir, Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifədən könüllü şəkildə istefa verdiyini açıqlayıb. İndi də ölkədə N.Məmmədovun yaşıdı olan xeyli vəzifəli şəxs var.
Novruz Məmmədovun bu addımı onlar üçün örnək olacaqmı?
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz Novruz Məmmədovun peşəcə fransız dili müəllimi olduğunu xatırladıb.
H.Oğuzun sözlərinə görə, bir zamanlar Baş nazir olmuş N.Məmmədov aktyorluq da edib:
Heydər Oğuz
“Müəllim olmasına baxmayaraq, onu Azərbaycan iş həyatının müxtəlif sahələrində görmüşük. Aktyorluqdan tutmuş, Baş nazirliyə qədər. Səhv etmirəmsə, o, “Fransız” adlı bir bədii filmdə epizodik rola çəkilib. Səmimi deyim, onun Prezident Aparatından Baş nazirliyə, prorektorluğa qədər uzanan karyerasında ən uğurlu işi də elə “Fransız” filmindəki epizodik roludur. Biz onun nə Baş nazir kimi, nə də Prezident Administrasiyasının məsul işçisi kimi fərli işini görmüşük. Təbii ki, müəllimlik qabiliyyətini görmədiyimdən bu barədə fikir söyləməkdə çətinlik çəkirəm”.
Siyasi şərhçi deyib ki, Novruz Məmmədovun Azərbaycan siyasətinə bəxş etdiyi ən gözəl töhfəsi istefa mədəniyyətidir:
“Başqalarını süpürgə ilə kabinetindən qovurlar, yenə gəlib iş qapısının ağzında gözləyir ki, “bəlkə də qaytardılar”. Novruz müəllimin dediyinə inansaq, o, hətta nazirin xahişini belə yerə salıb, istefaya gedib. Məncə, adam bu misilsiz hərəkətləri ilə kreslosundan bərk-bərk yapışan bir çox nazirə, komitə sədrinə yaxşı nümunə ola bilər”.
Heydər Oğuz onu da vurğuladı ki, Novruz Məmmədovun son hərəkəti epizodik olsa da, yüksək qiymətə layiqdir:
“Etiraf edək ki, bir çox şəxsiyyətlər xırda hərəkət və manevrləri ilə tarixdə silinməz izlər qoyublar. Məsələn, ədəbiyyatşünaslığımıza Həsənoğlunun bir şeiri məlumdur.
“Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər”.
Fəqət Həsənoğlunun bu qəzəli ona Azərbaycan dilində ilk əsər yazan şair ünvanı qazandırıb. Hesab edirəm ki, Novruz müəllim də bu istefa mədəniyyəti ilə “YAP hakimiyyətinin Novruz gülü” adını qazana bilər. Yəni bahar fəslində ilk açan gülü, qaranquşu”.
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: