Xəbər lenti

BMT Təhlükəsizlik Şurası ballistik raket sınağına cavab olaraq, Şimali Koreya barəsində sanksiyaları sərtləşdirib.

Azərtac BBC telekanalına istinadla xəbər verir ki, yeni məhdudiyyət tədbirləri KXDR-dən işçi qüvvəsinin ixracını qadağan edir. ABŞ tərəfindən hazırlanan qətnamə, həmçinin Şimali Koreyaya yanacaq ixracına ciddi məhdudiyyətlər qoyur və ticarət embarqosu rejimini gücləndirir.

Təhlükəsizlik Şurasının bütün 15 üzvü, o cümlədən KXDR-in əsas ticarət tərəfdaşları olan Rusiya və Çin də qətnamənin lehinə səs verib.

Sənədə əsasən, Şimali Koreyaya neft məhsullarının çatdırılması ildə 500 min barrelə qədər məhdudlaşdırılacaq. ABŞ-ın məlumatına görə, 2016-cı ildə Pxenyan 4,5 milyon barrel neft idxal edib və beləliklə, bu ölkəyə karbohidrogen məhsullarının ixracatının həcmi demək olar ki, 90 faizə qədər azalmalıdır.

BMT-nin qətnaməsi, həmçinin KXDR-ə xarici valyuta axını üzrə əsas mənbəyi təhlükə altında qoyur. Təhlükəsizlik Şurası BMT-nin bütün üzvlərindən Şimali Koreyadan olan əmək mühacirləri ilə əlaqələri kəsməyi və onları 24 aydan gec olmayaraq vətənlərinə yollamağı tələb edir.

Şimali Koreya rəhbərliyi ölkəyə beynəlxalq sanksiyaların tətbiqindən sonra kəskin azalan xarici valyuta axınını təmin etmək məqsədi ilə yüksək ixtisaslı işçiləri, əsasən də tikinti üzrə mütəxəssisləri digər ölkələrə göndərir. KXDR-dən olan minlərlə mühacir Çin, Monqolustan, Yaxın Şərq, həmçinin Rusiyada əmək fəaliyyəti ilə məşğul olur.

İndiyədək BMT-nin sanksiyaları Şimali Koreya hökumətinin əsas gəlir mənbəyinə toxunmurdu.




Ana səhifəyə qayıt        Baxış: 607          Tarix: 23-12-2017, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma