
Ramiz Mehdiyevin həbsindən sonra gündəmə gələn məsələlərdən biri də onun “Tərtər işi” ilə əlaqəsinin olub-olmamasıdır. Bəzi müxalifət nümayəndələri və ictimai fəallar, hadisələrin arxasında yüksək dövlət məmurlarının, o cümlədən Mehdiyevin də adının hallandığını iddia edirlər. Bu konteksdə keçmiş təhsil naziri Misir Mərdanovun Globalinfo.az-a açıqlaması da diqqət çəkib. O bildirib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər.
Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına səbəb ola bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, hazırkı şəraitdə ölkədə Rusiya ilə əlaqəli qüvvələrin, xüsusilə dövlətə xəyanətdə ittiham olunan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi zərurəti yaranır:
“Çünki Türkiyə, Gürcüstan və Azərbaycan Müdafiə Nazirlikləri arasında birgə fəaliyyətə dair razılıqlar əldə olunub. Bu, ölkəmizin qərbyönümlü hərbi-ictimai əməkdaşlığa, o cümlədən NATO və Türkiyə ilə əlaqələrə daha çox meyl etdiyini göstərir. Ona görə də həbs prosesinə Ramiz Mehdiyevlə başlanılması əlamətdardır. Çünki o və Azərbaycan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov uzun illər “5-ci kolon” kimi qiymətləndirilən çevrədə mühüm rol oynayıblar: biri inzibati orqanlarda, digəri isə hərbi sahədə. Dövlət çevrilişi cəhdinə dair ittihamların tək bir şəxsin fəaliyyətinə bağlanması real görünmür. Belə hallarda mütləq hərbi və asayiş strukturlarından olan şəxslərin iştirakı ehtimalı nəzərə alınmalıdır. Görünür, onların arasında Ramiz Mehdiyevə bağlı şəxslər hələ də var. Ona görə də əlaqəli qüvvələrin eyni zamanda və hərtərəfli şəkildə araşdırılıb zərərsizləşdirilməsi vacibdir. Təkcə fərdi təqib kifayət etməz, çünki qalan qüvvələr təxribatlara davam edə bilərlər. Ramiz Mehdiyevin həbsi həmin addımların başlanğıcı kimi qiymətləndirilə bilər”.
Siyasi şərhçi bildirib ki, Türk dünyası çərçivəsində birgə hərbi strukturların yaradılması təşəbbüsləri reallaşarsa, Azərbaycanda Rusiya təsiri olan “5-ci kolon”un həm inzibati, həm də hərbi strukturlardan təmizlənməsi daha aktuallaşacaq:
“Misir Mərdanov doğru deyir, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin araşdırılmasını sürətləndirə bilər. Lakin onun həbsini yalnız həmin işlə məhdudlaşdırmamaq lazımdır. Bu, müdafiə, təhlükəsizlik və asayiş strukturlarında genişmiqyaslı islahatların başlanğıcı ola bilər. Azərbaycanın bu istiqamətdə davamlı tədbirlər görməsi milli təhlükəsizlik üçün zəruridir”.
Qeyd edək ki, “Tərtər işi” Azərbaycanda 2017-ci ildə baş verən və hərbi qulluqçulara qarşı işgəncə, qanunsuz azadlıqdan məhrum etmə və digər hüquq pozuntuları ilə əlaqəli olan genişmiqyaslı bir cinayət işidir. İstintaq 2021-ci ildə yenidən başlanıb və bir çox yüksək rütbəli hərbi və hüquq-mühafizə orqanı əməkdaşları cinayət məsuliyyətinə cəlb olunub.
Ləman İmran
Globalinfo.az
Paylaş: