Xəbər lenti

Ermənistanda Nikol Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik yenidən alovlanıb. Analitik Akop Badalyanın yazdığına görə, 15 oktyabrda din xadimlərinin həbsi və Kilikya katolikosu I Aramın mövqeyi bu gərginliyi daha da artırıb. Paşinyanla arxiyepiskop Şaan Sarkisyan arasında baş tutan görüş ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hökumətin açıqlamasında kilsə ilə bağlı narahatlıqlara toxunulmasa da, Kilikya katolikosluğu sonradan Aram I-in etirazını çatdırdığını bəyan edib. Analitiklərə görə, bu məsələ Ermənistanın daxili dini-siyasi balansını dəyişə bilər.

Bəs Ermənistanda nə baş verir? Paşinyan hakimiyyəti üçün kilsə ilə münasibətlərdə hansı risklər yaranır?

Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Musavat.com-a danışıb.

Siyasi şərhçi qeyd edib ki, hazırda Emənistanda gedən kilsə-hökumət qarşıdurmasına Kilikiya katolikosluğunun müdaxilə etməsi qonşu ölkənin ABŞ-a təhvil-təsliminin tərkib hissəsidir:

“Məlum olduğu kimi, Paşinyana qədər Ermənistan Rusiyanın forpostu olaraq tanınırdı. 2013-cü ildən etibarən isə İrəvanın problemləri başladı. Həmin ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqına inteqrasiyaya can atan post-sovet ölkələrinə, o cümlədən Azərbaycan və Ermənistana quruma assosiativ üzvlük və azad ticarət sazişi imzalamaq təklif olundu. Azərbaycan tərəfi o zaman Ermənistanın ərazimizi işğal etməsini və aramızdakı düşmənçilik münasibətlərinin hələ də çözümlənmədiyini əsas gətirib İrəvanla eyni təşkilatda təmsiliyin mümkün olmadığını dilə gətirdi. Erməni məsələsinin həqiqətən də Rusiyanın Cənubi Qafqazı əlində saxlamaq projesi olduğunu qəbul edən Aİ rəsmiləri İrəvan qarşısında yeni tələblər qoydular: Rəsmi Bakı ilə münasibətləri tənzimləməli, Madrid prinsiplərinə əsasən, Qarabağ ətrafında 7 rayonun Azərbaycana qaytarılmalı, bundan sonra isə Qarabağın statusunun müəyyənləşdirilməsi danışıqlarına başlanılmalıdır. O dövrdə Ermənistanın baş nazir olan Serj Sarkisyanın yarı-könül razılaşdığı bu şərtlərin həyata keçirilməsinin qarşısını Moskva aldı. Dərhal Kremlə çağırılan Sarkisyan Putinlə keçirilən məxfi görüşdən sonra Aİ ilə assosiativ üzvlükdən imtina etdi və Rusiya ilə Gömrük İttifaqına girmək barədə saziş imzaladı. Bununla da Rusiyanın köləsi olan Sarkisyan hakimiyyətinin dəyişdirilməsi planı işə düşdü. O zamana qədər Azərbaycanın işğal altındakı əraziləri uğrunda mübarizəsinə mane olan Qərb qüvvələri rəsmi Bakının bu istəyini anlayışla qarşılamağa başladılar. Azərbaycan Ermənistana sarsıdıcı zərbəni 3 il sonra - 2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibə ilə vurdu. Moskvanın müdaxiləsi ilə son hədəfə çata bilməyən bu hərbi əməliyyatlardan sonra Sarkisyan hökuməti tamamilə nüfuzunu itirməyi başladı. Ardınca da Qərbin dəstəyi ilə Paşinyan tərəfdarları küçələrə çıxdı və 2018-ci ildə bu proses Rusiyanın forpostu kimi fəaliyyət göstərən iqtidar komandasının tənəzzülü ilə nəticələndi. Yeri gəlmişkən 2018-ci ildə Azərbaycanda da sanki İrəvanla paralel şəkildə Ramiz Mehdiyev komandasının budanması əməliyyatları gedirdi və bu proses 2019-cu ilin axırında tamamlandı. Ardınca da II Qarabağ savaşı və Azərbaycanın çoxdan arzuladığı qələbə”.

Heydər Oğuzun fikrincə, Paşinyanın hakimiyyətə gəlməsi ilə həyata keçirilən Ermənistanı rus nəzarətindən çıxarma siyasətində ən mühüm mərhələlərdən birini də kilsənin zərərsizləşdirilməsi məsələsi təşkil edir: “Bunun başlıca səbəbi ermənilərin dini inancının xarakterindən qaynaqlanır. Məlum olduğu kimi, ermənilər ortodoksdurlar. Ortodoksların digər xristian məzhəblərindən ən başlıca fərqi milli dəyərlərə münasibətləridir. Məsələn, katoliklər bəşəri dəyərləri ön plana çıxardıqları halda, ortodoksal kilsələr dini dəyərlərlə milli dəyərləri vəhdət halında qəbul edirlər. Bir növ, öz milli ideyalarına dini don geyindirirlər. Ona görə də ortodoks kilsələri həm də ona inanan millətlərin adı ilə anılır – Rus Provaslav, Ermən Qriqoryan, Müqəddəs Georgi, Rum Ortodoks, Qaqauz Ortodoks kilsələri və s. kimi.

Erməni dini inanc sisteminin bu özəlliyini nəzərə alan bütün imperialist qüvvələr sözügedən ölkə üzərində tam nəzarət qurmaq üçün ilk növbədə kilsəni ələ keçirməyə və ya ermənilərin dinini dəyişdirməyə çalışmışlar. Hələ 5-ci əsrdə Pers imperiyası ermənilərdən din dəyişdirməyi tələb etmiş və bu, Vartan Mamikonyan adlı keşişin başlatdığı üsyanla nəticələnmişdi. O dövrdən indiyədək bütün xarici müdaxilələr erməni kilsəsinin müqavimətini qıra bilməmiş, kilsə özünü qorumağı bacarmışdı. İndiki mərhələdə isə Qərb ölkələri erməniləri islah etməyin yeni metodunu tətbiq edirlər və bu siyasət deyəsən tədricən tutur da. Yeni mərhələdə ermənilər xarici müdaxilə ilə deyil, içəridən islah olunurlar. Söhbət Paşinyan hakimiyyətinin kilsəni ifşa etməsindən gedir.

Paşinyanın başlatdığı bu proses nəticəsində ermənilərin öz kilsəsinə təsəvvür edildiyi qədər bağlı olmadığı ortaya çıxdı. Qısa müddət ərzində Paşinyan 15-dən çox nüfuzlu keşişi qandallayıb içəri atdı. Eçmiədzin kilsəsinin katolikosu II Karekinin subaylıq əhdini pozduğunu, başqa sözlə desək, zina yolu ilə öz yaxın qohumundan uşaq doğuzdurduğunu və bunu etiraf etməsini tələb etdi. Prosesə Paşinyanın arvadı Anna Akopyan və hakim Vətəndaş Müqaviləsi partiyasının yüksək rütbəli üzvləri də qoşuldu. Faktiki olaraq erməni kilsəsinin zinakarlar tərəfindən idarə olunduğunun etirafı olan bu tələblər Eçmiədzinin tarixdən tamamilə silinməsi mənasına gəlirdi. Məhz belə bir zamanda digər erməni katolikosluğu olan Kilikiya kilsəsinin ruhani lideri I Aramın barışdırıcı missiya tələbi ilə çıxış etməsi təsadüfi deyil. Görünən budur ki, ABŞ və Qərb dövlətləri Eçmiədzin kilsəsinin tam məhv olmasını istəmir, sadəcə əl-qolunun bağlanaraq Kilikiya kilsəsinin himayəsindən asılı vəziyyətə düşməsini arzulayırlar”.


Siyasi şərhçinin fikrincə, Kilikiya kilsəsinin Ermənistanda nüfuzunun artırılmasına yönəlmiş bu siyasət ABŞ-ın Zəngəzur dəhlizinə tam nəzarəti imkanını genişləndirmək üçün nəzərdə tutulub: “Çünki 8 avqustda Vaşinqtonda Trampla Paşinyan arasında bağlanan yeni müqaviləyə görə, Zəngəzur dəhlizinin (yeni adıyla TRIPP) işlədilməsi 99 illiyinə ABŞ-a bağlı bir şirkətə veriləcək. Faktiki olaraq ABŞ-ın tam nəzarətinə keçməsi planlaşdırılan Zəngəzur dəhlizinin təhlükəsizliyi isə Eçmiədzin kilsəsinin ram olunmasından asılıdır. Əks halda Rusiya bu kilsənin ictimai nüfuzundan faydalanaraq İrəvanda hakimiyyət dəyişikliyinə nail ola və ya erməni millətçilərinin əliylə terror hadisələri törədə bilər. Eçmiədzin kilsəsinin daşnaklar üzərində təsir imkanlarını da hesaba qatsaq, bu ehtimal kifayət qədər mümkün görünür. Amma Paşinyanın təbliğatı ilə nüfuzdan düşmüş Eçmiədzinin indiki halı ABŞ üçün sürpriz sayılacaq aksiyaların keçirilməsinə imkan vermir. Üstəlik, Kilikiya kilsənin İrəvanda artan nüfuzu da Eçmiədzindən boşalan yerin ABŞ-a daha yaxın məbəd tərəfindən doldurulması anlamına gəlir”.

Eçmiədzinlə Kilikiya kilsəsinin arasında 700 ildən çoxdur ki, dərin rəqabətin getdiyini iddia edən Heydər Oğuz bu iki kilsənin ayrılma səbəblərinə də aydınlıq gətirdi: “İlk baxışdan Eçmiədzin ümumdünya ermənilərinin əsas dini məbədi kimi görünür. Kilikiya da guya onun daxilində fəaliyyət göstərən muxtar hüquqlara malik kilsədir və əsasən Yaxın Şərq ölkələrində yaşayan ermənilər üzərində təsir imkanına sahibdir. Amma bu, sadəcə zahiri görüntüdür. Əslində isə Kilikiya ilə Eçmiədzin kilsələri 14-cü - 15-ci əsrlərdə artıq ayrılmışdı. Bu iki kilsənin ayrılması türklərin Kilikiyanı krallığını fəthi ilə başlayır. İlk dəfə Kilikiya Krallığı 1375-ci ildə Məmlüklər tərəfindən fəth olundu. 1515-ci ildə isə həmin ərazilər Osmanlıların əlinə keçdi. Nəticədə Kilikiya Katolikosluğu ənənəvi statusunu itirdi və Cənubi Qafqazın Rusiya tərəfindən işğalından sonra İrəvan yaxınlığında (Eçmiədzin) yerləşən Erməni Apostol Kilsəsi isə öz müstəqilliyini daha da möhkəmləndirdi. 1915-ci ildə baş verən erməni xəyanətindən sonra Kilikiya kilsəsi tamamilə çökdü və bu ərazilərdə yaşayan ermənilərin böyük əksəriyyəti Yaxın Şərqin müxtəlif ölkələrinə köçdülər. Kilikiya kilsəsi də məhz həmin dövrdən sonra Livanın Antelias şəhərinə daşındı.

Sovet hakimiyyəti illərində Kilikiya ilə Eçmiədzin kilsələri arasındakı rəqabət də böyüdü və ayrılmalar dərinləşdi. Hazırda ABŞ-ın Cənubi Qafqaz üzərində hegemoniyasını bərqərar etməyə çalışdığı bir zamanda Kilikiya kilsəsinin ön plana çıxması Rusiyanın Ermənistandakı ən güclü silahının əlindən alınması ilə nəticələnə bilər.

Ermənistanda Kilikiya kilsəsinin nüfuzunun güclənməsi nə qədər Rusiyanın təsir dairəsinin azaldılmasına xidmət etsə də, İrəvanın Türkiyənin təsir dairəsinə düşməsini də əngəlləməyə hesablanıb. Zira Kilikiya kilsəsi Eçmiədzindən daha çox anti-türk ritorikasına sahibdir. Bununla belə, Türk düşmənçiliyinin onlara yaxşı heç nə vəd etmədiyini hər kəsdən yaxşı bilənlər də Kilikiya kilsəsinə mənsub ermənilərdir. Xarici müdaxilələr olmasa, onlar rahatlıqla türklərlə dil tapa, hətta Osmanlı imperiyasında olduğu kimi, “milləti-sadiq” ünvanına layiq görülmə imkanı qazana bilərlər. Bir sözlə, indiki şəraitdə hər şey ermənilərin özlərini necə aparmalarından asılıdır. Onlar heç kimin forpostu olmağı qəbul etməsələr yaşadıqları regionda ayın-şayın ömür sürə, hətta sülhün gətirdiyi fürsətlərdən faydalanaraq böyüyə bilərlər. Əks halda, yadellilərin şirnikləşdirici vədlərinə aldansalar, yenə qlobal hesablaşmaların növbəti qurbanına çevriləcəklər. Ermənilər anlamalıdırlar ki, onlar indiyədək öz “xristian qardaşları”nın əlində türk dünyasına təzyiq vasitəri kimi istifadə olunublar, sonunda isə türklərlə sövdələşmə predmetinə çevrilərək tərk ediliblər. Və kiminsə forpostu olmaq özəlliklərindən vaz keçmədikcə, bu aqibətləri heç vaxt dəyişməyəcəkdir”.

Xalidə Gəray,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 41          Tarix: Bu gün, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma