Türkiyədə PKK-nın fəaliyyətini sosial şəbəkələrdə təbliğ etməkdə ittiham olunan fransalı jurnalist Matias Depardon saxlanılıb. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, “National Geographic” dərgisinin tapşırığı ilə Batman əyalətinin Hasankeyf rayonuna çəkilişə yollanan Depardon tərcüməçisi ilə birlikdə yerli polis əməkdaşları tərəfindən saxlanılıb.
Dindirildikdən sonra jurnalist məhkəmə qarşısına çıxarılıb. Məhkəmə Matias Depardonun ölkədən deportasiya olunmasına dair qərar qəbul edib. Hazırda onun Qaziantep əyalətinin Miqrasiya İdarəsində saxlanıldığı bildirilir. Depardonun vəkilləri məhkəmə qərarının ləğv olunmasına dair iddia qaldırıblar.