İndiyədək ABŞ Ali Məhkəməsinə üzvlüyü verilmiş şəxslərdən 25 faizə qədəri Senatda təsdiqlənməyib. “Azadlıq” radiosunun əməkdaşı Ron Synovitz ən qalmaqallı namizədlərdən bəziləri haqda informasiya toplayıb.
Bu günlərdə namizədliyi prezident Donald Tramp tərəfindən verilmiş Brett Kavanaughnun Senatda təsdiqlənmə prosesi ertələnib. O, yeniyetmə ikən 15 yaşlı qıza təcavüz etməkdə suçlanır.
1987-ci ildə prezident Ronald Reyqan Robert Borkun namizədliyini verdi. O, Ali Məhkəmə hakimliyindən təqaüdə çıxan Levis Povelli əvəzləyəcəkdi.
Ancaq onun namizədliyi ideoloji əsaslarla rədd edildi. Demokrat senator Ted Kennedi Borku açıq şəkildə ittiham elədi ki, o, Amerikanı qadınların çirkin abortlara məcbur edildiyi, qaradərililərin təcrid olunmuş yeməkxanalarda əyləşdiyi, polisin gecə reydləri zamanı vətəndaşların qapılarını sındıra bildiyi bir ölkə kimi təsəvvür edir.
Bork həm də vaxtilə prezident Riçard Nikosunun ədliyyə departamentində çalışmış, onun “Utergeyt” qalmaqalını araşdıran xüsusi prokuroru işdən çıxarmaqla bağlı əmrlərini yerinə yetirmişdi.
Demokratların nəzarətində olan Senat Borkun namizədliyini 58-42 səs fərqilə rədd elədi.
Bundan sonra Reyqan 1987-ci ilin oktyabrında Duqlas Hovard Ginsberqin namizədliyini irəli sürdü. O, Reyqan administrasiyasında müxtəlif vəzifələr tutmuşdu.
Ginsberqin də namizədliyi alınmadı. Media onun 1960-cı illərdə universitet tələbəsi olarkən, həmçinin 1970-ci illərdə Harvard Universitetində professor yardımçısı ikən marixuana çəkdiyini üzə çıxardı.
Ginsberq özü namizədliyini geri götürdü və sonucda Antoni Kennedi Ali Məhkəmə hakimliyinə təsdiqləndi.
1991-ci ildə prezident George Buş Ali Məhkəmədə Turqud Marşallın yerinə Klarense Tomasın namizədliyini irəli sürdü. Bu, tarixdə ən sərt dinləmə prosesi kimi qaldı. Federal Təhqiqat Bürosuna sızdırılmış informasiyada Tomasın keçmiş həmkarı Anita Hill onu seksual nalayiq hərəkətlərdə ittiham elədi. Ancaq Senat 52-48 səs fərqilə onu təsdiqlədi və Ali Məhkəmə tarixinə ikinci qaradərili hakim kimi düşdü.
1969-cu ildə hakim Abe Fortas istefa verəndən sonra Prezident Nikon G. Harrold Carsvelli onun yerinə təyin etdirmək istədi. Ancaq insan haqları fəalları üzə çıxardılar ki, o, 1940-cı illərdə federal hakim olarkən irqi ayrıseçkiliyi dəstəkləyib, ümumiyyətlə, mülki hüquqların qorunması məsələsində mövqeyi zəifdir. Carsvellin namizədliyi rədd olundu – 51-45 səs fərqilə.
Prezident George W. Buş 2005-ci ildə baş hüquq müşaviri Harriet Ellan Miersi Ali Məhkəmədən təqaüdə çıxan Sandra Day O’Connorun yerinə təqdim elədi. O, prezidentə yaxın əlaqələri ilə seçilirdi, hələ 1994-cü ildə Texasın qubernatoru seçiləndən onun yanında idi.
Çifayda, bu dostluğun xeyri olmadı. Həm respublikaçılar, həm də demokratlar onun heç vaxt hakim işləmədiyini, vacib konstitusion məsələlərə dair aydın mövqe sərgiləmədiyini əsas gətirərək nominasiyaya qarşı çıxdılar. Tənqidçilər deyirdilər ki, Miers senatorların mürəkkəb konstitusiya məsələlərinə dair suallarını anlamır.
Namizədliyi veriləndən 8 gün sonra Ağ ev elan elədi ki. Miers Buşdannominasiyanı geri çəkməyi xahiş edib və Buş könülsüz razılaşıb.
Miers 1987-ci ildə Ginsberq qalmaqalından sonra Ali Məhkəmə hakimliyindən namizədliyi geri çəkilən ilk şəxs olub. ABŞ tarixində isə bu prosesdənçəkilən 7-ci namizəddir.
(Azadlıq radiosu)
Paylaş: