Xəbər lenti

Pentaqon Suriyanın şimal-şərqində hər hansı birtərəfli hərbi hərəkətin qeyri-məqbulluğu barədə xəbərdarlıq edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bu ərazidə ABŞ tərəfindən dəstəklənən kürd qüvvələrinə qarşı hücum əməliyyatı keçiriləcəyini bəyan etmişdi.

Pentaqonun sözçüsü Sean Robertson dekabrın 12-də deyib: “Suriyanın şimal-şərqinə münaqişə iştirakçılarından hər hansı birinin, xüsusilə də ABŞ-ın hərbi heyətinin yaxınlıqda olduğu bir şəraitdə birtərəfli hərbi hərəkəti ciddi narahatlıq doğurardı”.

Robertson deyib ki, “biz belə bir hərəkəti qeyri-məqbul hesab edəcəyik”. Sözçü daha sonra ABŞ-ın müttəfiqi olan Suriya Demokratik Qüvvələrinin (SDQ) özünü İslam Dövləti adlandıran təşkilata qarşı mübarizədə sədaqətli partnoyr olduğunu xatırladıb:

“Biz bu həlledici məqamda İŞİD-in nəfəs almasına imkan verməməliyik və verməyəcəyik, çünki əks halda koalisiya partnyorları ilə birgə əldə etdiyimiz əhəmiyyətli nailiyyətlərimizi təhlükə qarşısında qoya bilər və İŞİD-in dirçəlməsi riskinə imkan vermiş olarıq”.

Eyni zamanda Robertson ABŞ-ın Türkiyə sərhədlərinin təhlükəsizliyinə tam sədaqətli olduğunu vurğulayıb.

Pentaqon sözçüsü yada salıb ki, Ankara və Vaşinqton lap bu yaxlınlarda Suriyada yüksək səviyyəli işçi qrup yaradlıblar. Onun sözlərinə görə bu qrup Türkiyə və ABŞ arasında əməkdaşlığı, koordinasiyanı və məsləhətləşməni gücləndirəcək.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Türkiyə yaxın günlərdə Suriyada, Fərat çayının şərqində yeni hərbi əməliyyata başlayacaq.

“Röyter”-in məlumatına görə, bunu Türkiyə prezidenti R. T.Ərdogan dekabrın 12-də Ankarada bəyan edib. O qeyd edib ki, bu əməliyyat ordakı ABŞ ordusuna qarşı yox, YPG kürd qruplaşmalarına qarşıdır.

Türkiyə prezidenti deyir ki, Suriyadakı kürd yaraqlıları, onun ölkəsinə qarşı terror təhlükəsi yaradır. Ərdogan həmçinin ABŞ-ı, Ankaranın YPG qruplaşması ilə bağlı göstərdiyi sübutları ciddi qəbul etməməkdə, həmçinin ordakı kürd yaraqlılarına hərbi yardım göstərməkdə günahlandırıb.

Türkiyə dəfələrlə YPG qrupunun terrorçu PKK təşkilatı ilə əlbir olduğunu bəyan edib. Ərdogan hesab edir ki, Vaşinqtonla Ankara arasındakı razılaşmaya baxmayaraq kürd yaraqlıları hələ də ABŞ-dan yardım alırlar.

Qeyd edək ki, Türkiyə hələ bundan əvvəl Suriyanın şimalında “Zeytun budağı” adlı hərbi əməliyyat keçirib və hazırda bu bölgədə ordusu var. Türkiyə dəfələrlə bəyan edib ki, bu əməliyyatlarda məqsəd sərhəd bölgəsini terrorçu qruplardan təmizləməkdir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 457          Tarix: 13-12-2018, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma