Rusiya ABŞ-ı ünvan göstərdi, Pentaqon isə boynundan atdı
“İdlibdə rus qırıcısının vurulması terrorçuların MANPAD kimi tanınan portativ (daşına bilən) havadan müdafiə sistemini haradan aldığının araşdırılması ehtiyacını doğurur”.
Ovqat.com xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuriy Şvıtkin “Sputnik”-ə açıqlamasında bildirib.
Şvıtkinin fikrincə, bu günə qədər terrorçuların əlində MANPAD silahı yox idi: “Aydındır ki, terrorçulara bu silahlar xarici ölkələr tərəfindən verilib. Bu mənbəyi üzə çıxarmaq istiqamətində araşdırma aparılmalıdır".
Rusiyalı deputat MANPAD-ın mənşəyinin Qərb ölkələri olduğunu da xatırladaraq, necə deyərlər, daşı adını çəkmədən ABŞ və onun rəhbərliyi altında formalaşan koalisiya qüvvələrinin bostanına atıb.
“Sputnik” onu da xatırladıb ki, yanvar ayının əvvəllərində Kreml sözçüsü Dmitri Peskov verdiyi açıqlamasında ABŞ-ın Suriyadakı müxaliflərə silah verilməsi önündəki məhdudiyyətləri ləğv etməsinin portativ raketlərinin (MANPAD) terrorçuların əlinə keçməsinə imkan yaradacağını bildirmiş və bununla ilə bağlı Pentaqona xəbərdarlıq etmişdi.
Maraqlıdır ki, Rusiyadan verilən bu açıqlamaya ABŞ-ın cavabı özünü çox gözlətməyib. Pentaqon Sözçüsü Erik Pahon rus hərbi təyyarəsinin MANPAD-la vurulmasına münasibətini açıqlayaraq deyib:
"ABŞ Suriyadakı tərəfdaşlarına yer-hava tipli heç bir silah verməyib və vermək fikrində də deyil".
"Al-Masdar News" ABŞ-ı yalanlayır
Suriya rejiminə bağlı Al-Masdar News saytı isə bir müddət əvvəl müxalif mənbələrə əsaslanaraq yaydığı xəbərdə ABŞ-ın kürd separatçılarına gizli şəkildə MANPAD silahları verdiyini bildirmişdi. Saytın 16 yanvar 2018-ci il tarixində dərc etdiyi xəbərə görə, MANPAD-lar Suriyanın şimal-qərbində yerləşən Afrinə də göndərilib. YPG ilə ABŞ arasında bağlanan gizli müqavilədə separatçıların bu silahlardan Türkiyəyə və onun dəstəklədiyi qruplara qarşı istifadə edilməsi də nəzərdə tutulubmuş.
Maraqlıdır ki, onurğa sütu PKK/PYD-çilərdən təşkil olunan Demokratik Suriya Qüvvələrinin keçmiş sözçüsü Telal Silos da ABŞ-dan MANPAD istədiklərini etiraf etmişdi. Sözçü bildirmişdi ki, hazırda havadan hücum təhlükəsi ilə qarşı-qarşıya deyillər. Amma sabah bu təhlükə də yarana bilər və DSQ buna hazır olmalıdırlar. Baxmayaraq ki, ABŞ-dan bu istəyə müsbət cavab verildiyi rəsmən təsdiqlənməsə də, Al-Masdar News saytının yayınladığı məlumat bəzi şübhələrə yol açır.
Bütün bu məlumatlardan rus təyyarəsini vuran MANPAD silahının kürd separatçıları tərəfindən İdilibdəki müxalif qüvvələrə ötürüldüyü ehtimalı ortaya çıxır. Bu ehtimalı dəstəkləyən arqumentlər də az deyil. Məsələ burasındadır ki, kürd separatçıları Türkiyənin Zeytun Budağı əməliyyatına görə, təkcə Ankaranı düşmən elan etməyiblər. Onların fikrincə, əsgərlərini Afrindən çəkmək və separatçıları aldatmaqla Rusiya da bu məsələdə günahkardır.
Görünür, həm ABŞ, həm kürd separatçıları Rusiya-Türkiyə müttəfiqliyinin pozulması üçün ən yaxşı təxribatın İdilibdə rus təyyarəsinin vurulması ola biləcəyini düşünüblər və bu işdə müxaliflərin “ayı xidmətindən” faydalanıblar. Nədən ki, Astana sammitlərində və Soçi görüşlərində İdilbə nəzarət Türkiyəyə həvalə olunmuşdu. Razılaşmaya əsasən, Hələbdən bu bölgəyə çəkilən müxaliflərdən Türkiyə Şimali İraqda terrorizmə qarşı mübarizədə istifadə edəcək və onları “terrorçudan-savaşçıya” çevirən təkamül prosesinə nail olacaqdı. Rus təyyarəsinin vurulmasında adı hallanan Ceyş ən-Nəsr də ASO-nun tərkibində yer alan qruplardandır. Faktiki rus təyyarəsinin Türkiyənin nəzarət etməli olduğu ərazidə həm ASO-ya bağlı qüvvələr tərəfindən vurulması regional müttəfiqlər arasına güvənsizlik və ixtilaf salmağa hesablanmış ola bilər.
Paylaş: