Xəbər lenti

 

ABŞ İŞİD-ə qarşı planlaşdırılan Raqqa hərəkatına qoşulacağı gözlənilən kürd separatçılarına silah göndərməyə başlayıb.

Ovqat.com bildirir ki, dünən Pentaqon bu barədə rəsmi açıqlama verib.

Açıqlamada YPG-yə (PKK uzantısı olan PYD-nin silahlı qanadı) kiçik silah, sursat və bəzi hərbi texnika göndərildiyi qeyd olunub. Adı açıqlanmayan Pentaqon sözçüsü kürd qruplarına verilən silahlar arasında AK-47 tipli avtomat və kiçikdiametrli pulemyotların da olduğunu etiraf edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ayın əvvəllərində  YPG-yə silah göndərilməsinə razılıq vermiş və sözügedən qərar Türkiyənin sərt reaksiyasına səbəb olmuşdu. Rəsmi Vaşinqton YPG-ni İŞİD-lə mübarizədə “təsirli müttəfiq” olaraq gördüyü halda, Türkiyə onu PKK-nin uzantısı kimi qiymətləndirir və təşkilata verilən silahların PKK-nın əlinə keçməsindən narahatlığını ifadə edir.

 Suriyada İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın sözçüsü Polkovnik Con Dorriyanın bu məsələylə bağlı fikirləri isə narahatlığı nəinki azlatmır, əskinə, daha da artırır. Polkovnik suriyalı kürdlərə göndəriləcək ağır silahların geri alınmayacağını ifadə etmişdi.

Suriyadan gələn son xəbərlər ABŞ tərəfindən dəstəklənən silahlı qüvvələrin İŞİD-in qalası sayılan Raqqaya doğru irəlilədiyini göstərir. Raqqaya şimaldan üç kilometrə qədər yaxınlaşan YPG güclərinin qərbdən 25 kilometr aralıda olduqları açıqlanmışdı.




Ana səhifəyə qayıt        Baxış: 1 108          Tarix: 31-05-2017, 13:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma