Xəbər lenti


Nina Axmeteli
Русская служба Би-би-си, 06.04.2020
 
Koronavirus pandemiyası müxtəlif ölkələrdə irqçilik və ksenofobiyanın yayılmasına səbəb olub. Gürcüstan bu günə qədər koronavirus infeksiyalarının böyüməsini dayandırmağı bacarsa da, ksenofobiya dalğası ondan yan keçməyib. Bu dəfə Asiya ölkələrindən gələn mühacirlər deyil, həmvətənləri olan etnik azərbaycanlılar sosial şəbəkələrdə təhqir hədəfinə çevrilib.
“Mənim üçün çox çətindir. Özümə deyirəm ki, hər şey yaxşı olacaq… Sonra bu mesajları alıram və sadəcə inandığım hər şeyi itirirəm”, – deyə Marneuli bələdiyyəsinin Təkəli kəndindən olan 22 yaşlı tələbə və jurnalist Gülgün Məmmədxanova öz “Facebook” səhifəsində yazıb.
O, 62 yaşlı Marneuli sakinində koronavirusa yoluxma təsdiqlədikdən və Gürcüstanın cənubundakı iki bölgədə karantin elan edildikdən sonra sosial şəbəkələrdə görünməyə başlayan təhqiramiz şərhlərə təpki verib.
Buna qədər ölkədə 50-dən çox təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma halı mövcud idi. Səlahiyyətlilər Marneulidə baş verən yoluxmanın ölkə daxilində geniş miqyaslı infeksiya yayılmasının başlanğıcı olacağından qorxub, çünki epidemioloqlar infeksiyanın mənbəyini təyin edə bilməyiblər.
Bu, martın 23-də Marneulidə və əhalisinin əksəriyyətinin etnik azərbaycanlılar olduğu qonşu Bolnisi bələdiyyələrində sərt karantin tətbiq olunmasını şərtləndirib.
Rəsmilər, digər bütün hallarda olduğu kimi, yoluxmuş şəxsin adını açıqlamayıblar. Lakin yerli xəstəxanaya yerləşdirilməsindən əvvəl qadının onlarla insanın toplaşdığı hüzr mərasimində olduğu bildirilib. Həmin qadının Azərbaycana səfər etməsini həkimlərdən gizlətməsi barədə şayiələr oda yağ töküb.
Bu ərazilərə girişi hərbçilər və polis kəsib. Sosial şəbəkələrdə bir çoxları Tiflisdəki klinikalardan birində ağır vəziyyətdə olan qadını cəzalandırmağa çağırıblar.
Şərhlərdə təkcə o deyil, profilaktik tədbirlərə əməl etməməkdə və gürcü dilini bilməməkdə günahlandırılan bütün etnik azərbaycanlılar ittiham olunub. Bəzi istifadəçilər ifrata varıb: “ibtidai şüurlu” adlandırdıqları əhalini Gürcüstandan qovulmağa çağırış ediblər.
“Siz bu “Korona”nı Azərbaycandan və İrandan gətirdiniz”, “ölkəni nə qədər çox tərk etsəniz, nəfəs almağımız bir o qədər asan olar” – bu cür şərhlər Marneulidə karantinlə bağlı şərhlərdə daha çox görünməyə başlayıb.
Karantinin dördüncü günü Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktor müavini Paata İmnadze bildirib ki, 62 yaşlı Marneuli sakininin yoluxma mənbəyi “praktik olaraq məlumdur”: bu, əvvəllər Gürcüstandan kənarda olmuş ailə üzvlərindən biridir.
Bir həftə sonra bütün Gürcüstanda axşam 9-dan səhər 6-ya qədər komendant saatı tətbiq edilib və baş nazir Georgi Qaxariya “faktiki olaraq universal karantin” adlandırdığı yeni məhdudiyyətləri qüvvəyə mindirib.
Aprelin 6-a olan məlumata görə, Gürcüstanda 188 yoluxma hadisəsi qeydə alınıb. Onların arasında infeksiyanın mənbəyi hələ məlum olmayanlar da var. 2 xəstə ölüb. Onlardan biri sərt karantin zonasından olan 79 yaşlı qadındır.
 
Nifrətə cavab
“Mən Gürcüstan vətəndaşıyam, etnik azərbaycanlıyam, gürcü dilini bilirəm. Dövlət tərəfindən qoyulmuş məhdudiyyətləri pozmuram, evdə qalıram!” – bu yazı sosial şəbəkələrdə Gürcüstanın müxtəlif bölgələrindən olan # ayrıseçkiliyəyox, #evdəqal, #biziyalnızsevgixilasedəcək kampaniyasına qoşulan etnik azərbaycanlılar, əsasən gənclər tərəfindən paylaşılıb.
Kampaniya aqressiv şərhlər yazan və dil biliyi yoxluğunu Gürcüstandakı etnik azərbaycanlıların geriliyi əlaməti olaraq təqdim edənlərə ünvanlanıb. İnsan Hüquqları Təlimi və Monitorinq Mərkəzinin (EMM) tədqiqatçısı və əsasən Gürcüstan azərbaycanlılarından ibarət “Salam” təşkilatının yaradıcılarından biri Kamran Məmmədov deyib: “Bu, dominant bir etnik qrupun təcavüzünə reaksiya idi. Bununla mən etnik çoxluğa demək istədim ki, aramızda gürcü dilində danışanlar da var. Universitetlərdə və Tbilisidə istisna olmaqla, illərdir bu ünsiyyət yoxdur”.
Onun sözlərinə görə, iki reallıq var: bir tərəfdən, Gürcüstan universitetlərində oxuyan və gürcü dildə danışan tələbələr, gənc etnik azərbaycanlılar, digər tərəfdən, Sovet İttifaqında böyümüş yaşlı nəsil və Gürcüstan universitetlərində təhsil almaq imkanı olmayanlar.
Məmmədov bildirib ki, koronavirusun yayılması təhlükəsi fonunda əhalinin bu hissəsi ən həssas olub. Gürcü dilini bilməyənlər üçün başa düşdükləri dildə kifayət qədər məlumat yoxdur.
Hökumət tərəfindən koronavirusla əlaqədar xüsusi olaraq yaradılan stopcov.ge veb saytı yalnız iki bölgədə karantin elan edildikdən sonra Azərbaycan dilində istifadəyə verilib.
 
Dil maneəsi
Rəsmi statistika gürcülərdən sonra Gürcüstandakı ən böyük etnik qrup olan Azərbaycan icmasında gürcü dilini bilməmə probleminə də dəlalət edir. 2014-cü ilin son ümumi siyahıyaalmasına əsasən, Gürcüstanda 230 mindən çox azərbaycanlı yaşayır ki, bu da əhalinin 6 faizindən çoxdur.
Onların yarısından çoxu – təxminən 177 min nəfər – Marneuli və Bolnisi bölgələrini əhatə edən Kvemo-Kartli əyalətində yaşayır. Yalnız 19 min nəfər gürcü dilini bilir.
Marneulidə yerləşən Mərkəzin direktoru Rəşan Ziyadalıyev məktəblərdə gürcü təhsilinin səviyyəsini əsas problemlərdən biri hesab edir. Özü də bu dili yalnız universitetə daxil olduqdan sonra etnik azlıqlar üçün gürcü dilində bir illik hazırlıq kursları verən xüsusi proqram çərçivəsində öyrənib. O deyir: “Bu proqram işləyir, amma hamı universitetlərə getmir. Mən rus məktəbini bitirmişdim, amma 12 il məktəbdə gürcü dilini öyrənsək də, gürcü dilində normal ünsiyyət qura bilmədim. Bu, Marneulidə tez-tez rast gəlinən hadisədir: insanlar məktəbi bitirir, amma dili bilmirlər”.
Onun sözlərinə görə, Azərbaycan dilində xəbərlər dərc edən Gürcüstan mediasının olmasına baxmayaraq, əhalinin əksəriyyəti, xüsusən yaşlı nəsil, Rusiya və ya Azərbaycan telekanallara baxır. Onlar ümumiyyətlə, pandemiya haqqında və evdə qalmaları lazım olduğunu bilir, lakin çoxları özləri və yaxınlarını infeksiyadan necə qorumaları barədə məlumatları olmadığını söyləyirlər.
Gürcüstanın İnsan Haqları üzrə Müvəkkilinin müavini Yekaterina Şiladzenin sözlərinə görə, Azərbaycan dilində məsləhət verən “qaynar xətt”ə edilən müraciətlər də buna sübutdur. “İnformasiya boşluğu karantin elan edildikdən sonra ilk günlərdə hiss olundu. Lakin dövlət idarələri, o cümlədən yerli özünüidarə orqanları fəal şəkildə əlaqə qurduqdan sonra müxtəlif dillərdə olan informasiya materiallarını səfərbər edə, sorğuların məzmununu dəyişdirə bildik. Əvvəllər zənglərin çoxu ümumi məlumatların alınması ilə bağlı idi. İndi konkret problemlər barədə bizə müraciət edirlər”.
Hökumət əhalini, o cümlədən etnik azlıqların nümayəndələrini məlumatlandırmaq üçün müxtəlif kanallardan istifadə edir. Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyi aparatından verilən məlumata görə, etnik azlıqların yaşadığı bölgələrdə fövqəladə vəziyyət və karantin vəziyyətinə dair tövsiyələrlə bağlı Azərbaycan və erməni dillərində 320 mindən çox çap materialı paylanıb.
Karantin elan edildikdən sonra dinamikləri olan maşınlar Marneuli və Bolnisi küçələrində gürcü, Azərbaycan və erməni dillərində evdə qalma çağırışları edib.
 
Sözdə bərabərlik
1990-cı illərdə böyüyən 35 yaşlı jurnalist, icma radiosunun rəhbəri, Marneuli sakini Kamilla Məmmədova üçün etnik azərbaycanlılara qarşı ksenofobiya sürpriz deyil. “Yeni nəsil, Gürcüstanda yaşayan və bu cür şərhləri oxuyan gənc azərbaycanlılar üçün acınacaqlıdır. Onların bu ölkə haqqında tamamilə idealist bir fikri var və o şərhlər bu fikri məhv edir. Özləri də tam vətəndaş haqlarına sahib olduqlarına inanır və birdən məlum olur ki, əhalinin aqressiv bir hissəsi onlara ehtiyac duymur, Gürcüstanda görmək istəmir”.
Gürcüstan müstəqillik qazandıqdan sonra uzun illər ərzində etnik azərbaycanlılar cəmiyyətdə görünməz qalıblar. 2003-cü ilin Qızılgül İnqilabı dönüş nöqtəsi kimi görünüb.
“Saakaşvilinin bir cümləsi – “Əgər kimsə azərbaycanlılara nifrət edərsə, mən azərbaycanlıyam, kimsə ermənilərə nifrət edərsə, mən erməniyəm”, etnik azlıqlar ilə işləməyə başlayan mülki sektoru çox dəyişdirib. Əvvəllər Tiflisdə yalnız zəruri olduqda səfər edirdik və qapalı həyat sürürdük”.
Kamran Məmmədovun sözlərinə görə, elan edilmiş bərabərliyə baxmayaraq, ətalət indiki hakimiyyət dövründə də davam edir, sosial şəbəkələrdə ksenofobiya dalğası yalnız əvvəllər gizli olan münasibəti çılpaqlaşdırıb. “Bəyan olunan mövqeyə baxmayaraq, etnik azərbaycanlı olaraq, pravoslav olmadığından Gürcüstanın tamhüquqlu vətəndaşı olmadığınızı hiss etdik. Belə bir münasibət həmişə olub və bizim üçün gündəlik həqiqətdir”.
Etnik və dini azlıqlara qarşı ayrıseçkilik Gürcüstanda problem olaraq qalır, hüquq müdafiəçiləri bununla razılaşırlar. Koronavirus pandemiyası içərisində ksenofobiyanın artması, onların fikrincər, daha da təhlükəlidir. “Virusun yayılması kontekstində nifrət dolu xitab adi haldan daha çox mənfi təsir göstərər. Bu cür düşüncə insanların təhqir olunmasına və məlumatdan təcrid olunmasına səbəb ola bilər. Onlar daha az maraqlanacaq və bu xəstəliyin yayılması və gedişi ilə bağlı müzakirələrə daxil ediləcək. Bunu ən böyük təhlükə görürük”, – deyə hüquq müdafiəçisi Yekaterina Sxiladze söyləyir.
Qeyd edir ki, bu vəziyyətdə ksenofobiya əsasən sosial şəbəkələrdə – etnik azlıqların nümayəndələri dostlarını və tanışlarını pandemiya ilə əlaqədar qaydalara riayət etməyə çağırdıqları yazılarda özünü büruzə verib. “Bunun oxşar yazılara mütəşəkkil hücum olması ilə bağlı müəyyən əlamətlər var idi. Bunun başqa bir təsdiqi, sosial şəbəkələrdə karantin rejiminin ləğvi barədə yayılan yanlış məlumatdır. Guya Kvemo-Kartli bölgəsində koronavirus hadisələri təsdiqlənməyib, karantin yoxdur”.
 
“Sevgi nifrətə qalib gəlir”
Tələbə Gülgün əvvəllər etnik azərbaycanlılarla əlaqəli ksenofob fikirlərlə qarşılaşdığını, lakin bu qədər olmadığını söyləyib. O həm də inanır ki, mənfi rəylər yazanlar arasında həqiqi insanlardan daha çox troll var. “Statusu yazanda mənə elə gəldi ki, yaxşılardan daha pis insanlar var. Amma sonra o qədər dəstək aldım və o qədər müsbət rəy oldu ki, bu şərhləri trolllarla bölüşdüyüm üçün utandım. Onların arasında həqiqi adamların da olduğunu bilirdim, amma hər halda ümumiləşdirmək mümkün deyil, çünki həm gürcülər, həm də azərbaycanlılar arasında belə insanlar var”.
Bir çox etnik gürcü – tələbə, müəllim və hətta rəsmi şəxslər sosial mediada qarşılaşdıqları ksenofobiyaya görə etnik azərbaycanlılardan üzrxahlıq yazı və şərhlər yayımlayıb.
“Əminəm ki, etnik azərbaycanlılar # Covid-19-u uğurla keçəcəklər, amma bu vəziyyətdə onları necə incitdiyimizi heç vaxt unutmayacaqlar. Onları dəstəkləyirəm! Ayrıseçkiliyə və nifrətə qarşı sevgi ilə birləşməyinizi xahiş edirəm!”, – dövlət müfəttişi Londa Toloraya “Facebook”-da yazıb.
İnsan Haqları Təlim və Monitorinq Mərkəzindən Kamran Məmmədovun dediyinə görə, sosial şəbəkələr vasitəsilə yayılan ksenofobiya dalğası cəmiyyətin diqqətini indiyə qədər bir çoxlarının görmədiyi problemə cəlb edə bilər. “Əminəm ki, bütün bunlardan müəyyən bir yara Azərbaycan ictimaiyyətində, o cümlədən dostlarımda və məndə qalacaq. Bu barədə açıq danışsaq da, ksenofobiyanın belə kollektiv təzahürünü görməmişik. Ancaq Gürcüstanın uğurlu olmasını istəyən hər kəslə birləşməlivə problemi həll etməliyik”.
Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 488          Tarix: 8-04-2020, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma