Xəbər lenti

 
 
“İsrailin hazırda üzləşdiyi ən böyük təhlükə İranın nüvə silahı əldə etmə ehtimalıdır”.
 
Ovqat.com
xəbər verir ki, İsrailin Baş naziri Benjamin Netanyahu belə deyib.
 
David Barneanın İsrail Kəşfiyyat Xidmətinin (MOSSAD) rəhbəri olması münasibəti  ilə keçirilən tədbirdə çıxış edən Netanyahu İrana qarşı gizli əməliyyatların dayandırılmayacağını bildirib.
 
 
İranın nüvə proqramı ilə bağlı fikirlərini ABŞ Prezidenti Co Bidenə də çatdırdığını deyən Netanyahu deyib:
 
"Bunu 40 ildir dostum olan Co Bidenə dedim ki, saziş olsun, ya da olmasın, İranın nüvəsizləşdirilməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Böyük dostumuz ABŞ-la kəllə-kəlləyə gəlmək bahasında olsa belə, ümidvarıq ki, bu yaşanmaz, varoluş təhlükəmizə qarşı mübarizə haqqımızı seçərik”.
 
Qeyd edək ki, Netanyahunun bu cür kəskin mövqeyi təkcə İsrail-İran arasında deyil, həmçinin İsrail-İslam dünyası arasında da münasibətlərin normalaşmasına mane olur. Bu da ABŞ-da birmənalı qarşılanmır. Yaxın Şərqdə bitib-tükənməyən müharibələr ABŞ-ın həm hərbi büdcəsində ciddi itkilərə yol açır, həm də dünya üzərindəki yumşaq gücünü sıradan çıxarır. Onun digər rəqibləri də bundan istifadə edib öz coğrafiyalarında üzləşəcəkləri hesablaşmaları Yaxın Şərqə daşıyır və özgə coğrafiyanın insanları vasitəsilə vəkalət mübarizəsinə çevirirlər. Nəticə etibarilə ABŞ-ın dünyada itirdiyi nüfuzunu rəqibləri doldurur. Bu da istənilən super dövlət üçün sonun başlanğıcı deməkdir.
 
Xüsusilə Obama hakimiyyəti dövründə gördüyümüz kimi, Vaşinqton  bu prosesin qarşısını almaq üçün Tel-əvivlə məsafə saxlamağa çalışır, nəticədə, demokratlar hökuməti ilə Netanyahu arasında çəkişmələr ortaya çıxır. Obamanın ilk hakimiyyəti dövründən fərqli olaraq, Co Baydenin Netanyahu qarşısında daha güclü olduğu sezilir. Qoca demokrat prezidentin əsas gücü isə Netanyahunun son seçkilərdə istədiyi səsi ala bilməməsindən qaynaqlanır. 
 
Məlum olduğu kimi, son parlament seçkilərində Netanyahunun rəhbərlik etdiyi Likud partiyası ən çox səs toplamasında baxmayaraq, müttəfiqlik edəcəyi qüvvələrlə belə, koalisiya qura bilmədi. Bunun başlıca səbəbi isə hökumət quruculuğunda önəmli rol oynayan 8 ərəb millət vəkilinin Netanyahunu yox, onun rəqibini dəstəkləməsi idi. Mümkündür ki, bu ssenaridə İsrailin nazıyla oynamaqdan bezən ABŞ hakimiyyətinin də rolu var. Netanyahunun MOSSAD-ın tədbirində İranla yanaşı ABŞ-a da meydan oxuması bu mənada təsadüfə bənzəmir.
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 340          Tarix: 1-06-2021, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma