![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 12:13
Bu gün, 11:51
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
![](/uploads/posts/2021-06/1622713393_tahrir1.jpg)
Suriyanın şimalındakı ən aktiv rejim əleyhdarı silahlı müxalif qüvvə kimi fəaliyyət göstərən Təhrir əş-Şam Heyətinin lideri Əbu Məhəmməd əl-Cövlani ABŞ-ın PBS kanalına müsahibə verib.
Ovqat.com-un məlumatına görə, qurulduğu 2017-ci ildən bəri ABŞ-ın terror təşkilatı siyahısında yer alan Təhrir əş-Şam Heyətinin liderinin bu müsahibəsi ciddi müzakirələrə səbəb olub.
Bəzi müşahidəçilərin fikrincə, ABŞ-dakı müəyyən dairələr 2013-cü ildən bəri Suriyada yürütdükləri uğursuz siyasət nəticəsində həm Dəməşq rejimini itirərək Rusiya və İranın bölgədə daha aktiv hala gəlməsindən, həm Türkiyə kimi müttəfiqi ilə münasibətlərin pozulmasından, həm də yerli ictimaiyyət arasında heç bir dayaqlarının qalmamasından narahatdırlar və bu səbəbdən öz mövqelərini redaktə etmək qərarına gəliblər. Bunun üçün isə İsrailin diktəsi ilə hərəkət etməkdən uzaqlaşıb, yerli faktorlarla razılaşmaq məcburiyyəti hiss edirlər. Yeni Yaxın Şərq siyasətinə isə PKK/PYD kimi ünsürlərdən imtina edib daha geniş əhatə dairəsi olan qrupları dəstəkləməkdə maraqlıdırlar. Necə ki, ABŞ bənzər siyasəti 20 il işğal altında tutduğu, fəqət heç cür nəzarət altına ala bilmədiyi Əfqanıstanda da həyata keçirməyə başlayıb. Ötən ildən etibarən ABŞ-Taliban danışıqları nəticəsində Pentaqon öz qoşunlarını Əfqanıstandan çıxararaq hakimiyyəti Talibana ötürmək barədə razılığa gəlib və hazırda bu istiqamətdə addımlar atır.
![](/uploads/posts/2021-06/1622713708_a0d65868de8512b13bb149daccf7dc199152dfb1.jpg)
Əl-Cövlani ilə müsahibə, belə görünür ki, Suriyada da eyni siyasəti həyata keçirməyə hesablanıb və bu məqsədlə indiyədək terrorçu kimi tanınan təşkilatın ABŞ ictimai rəyində formalaşan imicini dəyişdirmək istənilir.
PBS telekanalının "Cəbhə xətti" proqramının reportyoru Martin Smitə müsahibəsində Cövlani də suallara verdiyi cavablarda ondan gözlənilən mövqeyi sərgiləməyə çalışıb. Nə üçün ABŞ telekanalında müsahibə verməsi ilə bağlı suala Cövlani bu istəyin ona aid olmadığını, sadəcə PBS telekanalının təklifi ilə razılaşdığını bildirib. O, qeyd edib ki, məqsədi ABŞ və Qərb ictimaiyyətinin region barədə yanlış qənaətini dəyişdirməkdir.
Cövlani Qərb dünyasına mesajının nə olduğunu sualına cavabən rəhbərlik etdiyi təşkilatın Avropa və Amerika üçün təhlükə yaratmadığını “ilk və ən vacib mesaj” kimi dinləyicilərin diqqətinə çatdırıb. Cövlaninin iddiasına görə, nəinki onun, ümumiyyətlə Suriyadakı heç bir təşkilatın xarici hücumlara başalaması üçün zəmin yoxdur.
![](/uploads/posts/2021-06/1622714086_tahrir.png)
Dünya dövlətlərinin Bəşər Əsədi devirmək üçün bir çox səhv siyasət yürütdüyünü bildirən Cövlani bu siyasətlərin dəyişdirilməsinin vacibliyini vurğulayıb. O da bir çox dünya dövlətləri kimi, Suriyada lider və rejim dəyişikliyi istədiklərini gizlətməyib. Açıq məntlə olmasa belə, dolayısıyla Qərb ölkələri ilə eyni məqsədlərdə birləşə biləcəklərinə eyham vurub.
Müsahibəsində özünün Amerika Birləşmiş Ştatları, Birləşmiş Millətlər Təşkilatı və dünyanın bir çox hökuməti tərəfindən terrorist hesab edildiyini xatırladan Cövlani bildirib ki, o, özünü bölgənin lider kimi görmür, sadəcə idarə etdiyi təşkilatın Suriya inqilabının bir parçası olduğunu və inqilabın bir nəfərlə məhdudlaşmadığını düşünür.
Terrorist elan edilməsinə gəlincə, Çövlani bunun haqsız qərar olduğunu və həqiqəti əks etdirmədiyi qənaətindədir: “Bu yanaşma heç bir etibarı olmayan siyasi etiketdir. Biz 10 illik müharibə prosesi zamanı Qərb və Avropa cəmiyyəti üçün heç bir təhlükə yaratmadıq. Odur ki, Qərb ölkələrini siyasətlərinə yenidən baxmağa çağırıram”.
Jurnalist Martin Smit 2014-cü ilin sentyabr ayında Çövlaniyə "ABŞ və müttəfiqlərinə qarşı mübarizə aparacaqlarını söylədiyini" xatırladıb və mövqeyini dəyişdirib-dəyişdirmədiyini soruşub. Çövlani isə belə bir açıqlama vermədiklərini deyib. Əksinə, özünün və silahdaşlarının ABŞ tərəfindən təşkil edilən bir çox hücuma məruz qaldıqlarını və bu səbəbdən bir çox dostunun öldürüldüyünü vurğulayıb.
![](/uploads/posts/2021-06/1622713387_tahrir2.jpg)
Təhrir əş-Şam liderinin "Terrorizm nədir?" sualına cavabı da konkret olub: “Bu gün hər bir dövlətin ayrı bir terror siyahısı var və onlara qarşı çıxan hər kəsi terror siyahısına salırlar. Terrorçu elan etmə ənənəsi indi bir siyasi alət halına gəlib və bu mənada terrorizmin ümumi tərifi də yoxdur”.
Çövlani Yaxın Şərqi "dəmir yumruqlu” zalımların idarə etdiyi bölgə adlandıraraq bu coğrafiyada uzun illərdir müharibə getdiyini xatırladıb və Qərbi bölgə insanlarını günahlandırmamışdan əvvəl obyektiv və elmi təhlillər aparılmağa çağırıb.
Tarixin müəyyən bir hissəsini əsas götürüb kiminsə “Əl-Qaidəyə qoşulduğu”nu irəli sürənlərin mühakiməsinin səhv olduğunu Çövlani onu da vurğulayıb ki, hazırda Yaxın Şərqdə bir çox insanın həmin təşkilata könül verməsi səbəbsiz deyil. “İnsanları Əl-Qaidəyə qoşulmağa sövq edən əsas amil ABŞ-ın bölgədəki davamlı təcavüzkar siyasətidir. ABŞ və Avropa Fələstin məsələsində sionistləri dəstəkləyir, İraq və Əfqanıstanda etdiklərinin xalqın əks reaksiya verməsinə səbəb olur”.
Cövlani İŞİD-lə Təhrir əş-Şam arasındakı önəmli fərqin mülki vətəndaşlara münasibətdən qaynaqlandığını bildirib. Mülki insanların öldürülməsinə qarşı olduqlarını deyən Təhrir əş-Şam lideri xatırladıb ki, İŞİD-dən bu məsələ ilə əlaqədar fikir ayrılığı səbəbindən ayrılıb: “Çünki İŞİD hərbi və mülki bölgələrdə günahsız insanları öldürərək səhv siyasət izləyirdi”.
![](/uploads/posts/2021-06/1622713361_tahrir.jpg)
Jurnalistin “Təhrir əş-Şam”ın da bu məsələdə “süddən çıxmış ağ qaşıq olmadığını, onun da “intiharçı bombalar”dan istifadə etdiyini xatırlatmasına Cövlaninin cavabı da fərqliliyi ilə seçilib: “Onlar “intihar bombaları” deyil, şəhadət aktivistləridir. Döyüş təyyarələrimizin olmadığı bir şəraitdə bu cür fədailərdən böyük düşmən qruplarına qarşı silah kimi istifadə edirik. Bu cür hücumlar pis və utandırıcı döyüş metodları deyil, əksinə, şərəfli hərəkətlərdir. Əgər bizim də döyüş təyyarələri və batareyalarımız olsaydı, şəhadət fəallarından istifadə etməzdik".
Elədirsə, bu canlı bombaların partlaması nəticəsində öldürülən mülki insanların günahını kimin günahına yaza bilərik?
Cövlani bu suala cavab verək bildirib ki, Təhrir əş-Şam “intiharçı bombalar”dan mülki hədəflərə qarşı heç vaxt istifadə etməyib və etməyəcək də: “Biz həmişə hərbi hədəfləri hücum obyekti kimi seçirik və mülki yaşayış məntəqələrindən uzaq məkanlarda şəhadət partlayışları törədirik”.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər