Xəbər lenti

   

“Əl-Qaidə ilə bağlantısı olan və Suriyanın İdlib bölgəsində fəaliyyət göstərən hərbçilərin sayı 36 min nəfər ola bilər”.

Ovqat.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası Katibinin Müavini Yuriy Kokov mətbuata açıqlamasında deyib.

“Rossiyskaya Gazeta”ya açıqlama verən Kokov bildirib ki, Suriyada əl-Qaidə ilə birbaşa əlaqəli olan Heyət üt-Təhrir əş-Şam (HTŞ) və Xürras əd-Din adlı beynəlxalq terror təşkilatları İdlibin böyük qisminə nəzarət edir:

 "Ekspertlərin fikrincə, bunların ümumi sayı 36 min nəfərə çatır və bu say həmin təşkilatların Suriya hökumət qüvvələrinə qarşı fəal şəkildə müqavimət göstərməsinə imkan verir. Yalnız sentyabr ayının ilk yarısında bu terrorçu ünsürlər hökumət qüvvələrinin mövqelərinə 300 dəfədən çox atəşə tutub, hücumlarda 150-dən çox əsgər ölüb".

Qeyd edək ki,  Rusiya-İran-Türkiyə arasında danışıqların aparıldığı Astana sammitində Suriyanın münaqişə ocaqlarına nəzarət 3 dövlət arasında bölüşdürülmüş və İdlib Türkiyənin payına düşmüşdür. Burada məskunlaşan silahlı qüvvələrin atəşkəsə uymasından da Türkiyə məsuldur. Di gəl ki, xüsusilə Heyət üt-Təhrir əş-Şam təşkilatı Türkiyənin də nəzarətində deyil, zaman-zaman Suriya və rus ordusuna atəş açaraq vəziyyəti gərginləşdirir və daha sonra cildini dəyişərək digər silahlı qüvvələrin arasında gizlənir. Bu da Suriya və müttəfiqlərinə İdlibə əməliyyat başlamaq üçün yaxşı bəhanələr verir.

Dərd burasındadır ki, bu hücum zamanı 10 minlərlə terrorçunun İdlibdən sıxışdırılıb Türkiyəyə tökülməsinə səbəb ola bilər. Bu isə Türkiyənin təhlükəsizlik qayğılarını artırır.

Rus təhlükəsizlik yetkilisinin dilə gətirdiyi fikirlər də gözlənilən İdlib əməliyyatının “ideoloji əsasları”ndan biri təsirini bağışlayır.




Ana səhifəyə qayıt        Baxış: 568          Tarix: 13-10-2019, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma