Xəbər lenti
 
 
ABŞ hökuməti Ukraynaya yalnız öz ərazisini müdafiə etmək üçün silah verir. 
 
Ovqat.com
-un məlumatına görə, bunu bazar ertəsi keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
 
Sözçü Rusiya prezidenti Vladimir Putinin Qərbin Kiyevə uzaqmənzilli raketlərin tədarükü ilə bağlı xəbərdarlığını şərh edərkən bildirib ki, ABŞ-ın Ukraynaya silah yardımının səbəblərinə ölkə prezidenti Co Bayden çox açıq şəkildə aydınlıq gətirib:
 
"Prezidentin keçən həftə dərc olunmuş məqaləsinə müraciət etməyinizi tövsiyə edərdim. Orada o, Ukraynadakı məqsədlərimizi açıqladı və Ukraynaya nə üçün daha təkmil raket sistemləri və döyüş sursatları göndərdiyimizi izah etdi. Biz onlara öz ərazilərini müdafiə etmək üçün vəsait ayırırıq. Bu, Rusiya tərəfdən aparılan müharibədir. Biz Ukraynaya tarixi yardım etməyə çalışırıq ki, Ukrayna öz azadlığı üçün mübarizə apara bilsin", - Jan-Pyer jurnalistlərin sualına cavab verərkən vurğulayıb.
 
Xatırladaq ki, Rusiya prezidenti V.Putin bir müddət əvvəl “Rossiya-1” telekanalına verdiyi müsahibədə demişdi ki, ABŞ Ukraynaya uzaqmənzilli artilleriya silahları verərdə, Moskva indiyədək toxunmadığı obyektlərə zərbə endirəcək. O, həmçinin vurğulamışdı ki, bu cür silahların Kiyevə verilməsi hələlik heç nəyi dəyişmir. “Söhbət sovet və ya rus sistemlərinə (Qrad, Smerç, Uraqan) bənzər çoxsaylı buraxılış raket sistemlərindən, həmçinin 45-70 km. uçan raketlərdən gedir. Ukrayna ordusunda artıq belə silahlar onsuz da var, ona görə də ABŞ və bəzi digər ölkələrdən tədarük sadəcə olaraq hərbi texnika itkilərinin doldurulması ilə bağlı ola bilər”, - deyə Putin bildirmişdi. Rusiya liderinin bu sözləri Moskvanın Kiyevdəki Prezident sarayını hədəf alacağı ilə bağlı xəbərdarlığı kimi qəbul olunmuşdu.
 
ABŞ-ın Ukraynaya 40 milyard dollarlıq nəhəng hərbi yardım ayırmasına, HIMARS hava hücumundan müdafiə sistemləri və s. kimi müasir silahlar vermək istəməsinə baxmayaraq, Putinin bu yardımların döyüş meydanındakı vəziyyətə təsir etməyəcəyini düşünməsi əsassız deyil. Məsələ burasındadır ki, ABŞ-ın hədiyyə etdiyi bu silahlar onların real mənzili qısaldılmış versiyalarıdır. Məlumata görə, ekipaj heyəti 3 nəfərdən ibarət olan HIMARS sistemləri MGM-140 ATACMS mərmiləri ilə 165 km məsafəni rahatlıqla vura bilər. ABŞ administrasiyası isə Kiyevə verməyi planlaşdırdıqları HIMARS sistemlərinin mənzillərinin 70 km-dən çox olmayacağını bildirmişdi. Pentaqon yetkililəri həmçinin qeyd etmişdilər ki, Ukrayna ABŞ-a bu silahlarla Rusiyadakı hədəfləri vurmayacaqları barədə zəmanət veriblər. Bu faktlar göstərir ki, ABŞ Ukraynaya verəcəyi silahlar həqiqətən də Putinin dediyi kimi, döyüş meydanında heç nəyi dəyişməyəcək, sadəcə qüvvələr balansını qısmən bərabərləşdirəcək. Məqsəd isə təbii ki, müharibəni uzatmaqdır və Putin də sözügedən açıqlamasında bu iddianı təsdiqləmişdi.


Ana səhifəyə qayıt        Baxış: 5 428          Tarix: 7-06-2022, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma