Xəbər lenti

Suriya Prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədir. Bu, 58 illik aradan sonra Suriya prezidentinin Ştatlara ilk səfəri sayılır. O, səfər çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə Nyu-Yorkda görüşüb. Rəsmilər görüşdə bir sıra ikitərəfli və regional məsələləri, o cümlədən ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvini, ölkədə vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.

Görüşlə bağlı ABŞ Dövlət Departamentinin yaydığı yazılı bəyanatda vurğulanıb ki, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvi prosesi ərəb respublikasının sabit və suveren ölkə olması üçün fürsətdir: "Tərəflər terrorizmlə mübarizə sahəsində davam edən səylər, itkin düşən ABŞ vətəndaşlarının axtarılması, İsrail-Suriya münasibətlərinin regionda daha böyük təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyəti barədə fikir mübadiləsi apardılar".

Suriyanın mövcud hakimiyyəti ABŞ başda olmaqla Qərblə əməkdaşlıq etməyə hazır görünür. Prezident əş-Şəraanın Prezident Donald Trampla görüşmək niyyətində olduğunu bəyan etməsi də bundan xəbər verir. O, "CBS News"a müsahibəsində bu barədə deyib: "Mən Prezident Trampla görüşəcəyəm və onunla ikitərəfli münasibətlərin bərpasını müzakirə edəcəyik. Biz ABŞ və Suriya arasında yaxşı və birbaşa münasibətlər qurmalıyıq".

Əş-Şaraa ABŞ və müttəfiqlərinin onların qarşısında qoyduğu tələblərə əməl etdiklərini vurğulayaraq deyib ki, İŞİD terror qruplaşmasına qarşı mübarizə aparıb, İranın Suriyadakı silahlı qruplarını və Livan "Hizbullah"ını regiondan, ölkədən çıxarıblar: "Halbuki bütün bunları beynəlxalq ictimaiyyət etməli idi. Ancaq beynəlxalq ictimaiyyət nə bir əsiri azad edə, nə də bir şəhərin mühasirəsini yara bildi".

Əhməd əş-Şaraa sanki bununla ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin Suriyaya az qala borclu olduqlarını çatdırmaq istəyib. Başqa sözlə, o, "biz üzərimizə düşəni, sizin şərt və tələblərinizi yerinə yetirdik, indi növbə sizindir" deyib.

Bu ilin mayında Səudiyyə Ərəbistanında Donald Trampla Əhməd əş-Şaraa arasında görüş olub. Həmin sammitdə ABŞ lideri Suriya prezdentinə sanksiyaları ləğv edəcəyi ilə bağlı vədlər də verib.

Bu ilin iyulunda isə ABŞ prezidenti Suriyaya qarşı tətbiq etdikləri iqtisadi sanksiyaların ləğvi haqqında fərman imzalayıb. Ağ Evin bildirdiyinə görə, bu qərar "sabitlik və sülhə gedən yol"da bir addımdır. Fərmanda qeyd edilib ki, ABŞ sabit, vahid, özü və qonşuları ilə sülh içində yaşayan Suriyaya dəstək verməyə sadiqdir: "Terror təşkilatlarına sığınacaq verməyən, dini və etnik azlıqlarının təhlükəsizliyini təmin edən vahid Suriya regional təhlükəsizliyi, firavanlığı dəstəkləyəcək".

Bu sənəd həm də Suriyanın görəcəyi işlərlə bağlı direktiv də sayıla bilər.

Rusiyaya qaçan keçmiş Suriya prezidenti Bəşşar Əsədə, onun ailə üzvlərinə və devrilmiş rejimin tərəfdarlarına qarşı sanksiyalar qüvvədə qalmaqdadır.

Yeri gəılmişkən, 2011-ci ildə ABŞ Suriyaya qarşı sanksiya tətbiq edib. Bu məhdudlaşdırıcı tədbir ovaxtkı prezident Bəşşar Əsəd daxil olmaqla ərəb respublikasının rəhbərliyinə şamil olunub. Habelə onların ABŞ ərazisindəki bütün bank hesabları dondurulub. Bundan başqa, sanksiya amerikalı iş adamlarının Suriyada bizneslə məşğul olmasını qadağan edir.

Dəməşqdən sanksiyaları götürmək niyyətini ABŞ lideri may ayının ortalarında Ər-Riyadda Suriya lideri Əhməd əş-Şəraa ilə görüşməzdən əvvəl bəyan etmişdi.

Sanksiyaların ləğv edilməsi başqa ölkələrində Suriya ilə iqtisadi-ticarət əlaqələrinin bərpasına, yeni sərmayələrin cəlb edilməsinə, iqtisadiyyatın yenidən qurulumasına və güclənməsinə səbəb olar, təkan verər.

Ağ Ev həm də Suriya hakimiyyətinin İsrailə münasibətlərini izləməyə imkan qazanıb. Yəhudi dövlətinin ötən aylardan druzların hüquqlarını müdafiə etmək üçün Suriyada keçirdiyi hərbi əməliyyatlara rəsmi Dəməşqin cavab addımı atmaması bununla bağlı ola bilər. Başqa sözlə, Əhməd əş-Şaraa bu sınaqdan hələ ki çıxa bilib.

Sanksiyaların aradan qaldırılması Əsəd rejimindən sonra Suriya vətəndaşlarının yeni həyata inamla başlaması üçün imkan verəcək.

Nyu-Yorkdakı danışıqların əsas mövzularından biri də Əhməd əş-Şəraanın rəhbərlik etdiyi "Həyat Təhrir əş-Şam" qruplaşmasının gələcəyidir. BMT, ABŞ və Böyük Britaniya, eləcə də Rusiya onu hələ də terror təşkilatı kimi qiymətləndirir. Belə ehtimal olunur ki, yaxın zamanda bu təşkilat ABŞ və müttəfiqləri tərəfindən terrorçular sırasından çıxarıla bilər.

Vaşinqtonla Dəməşq arasında müzakirəsi vacib sayılan məsələlərdən biri də İsrail-Suriya münasibətləridir. Ötən həftə Suriya xarici işlər və mühacirətlər naziri Asaad aş-Şeybani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer Londonda ABŞ-nin himayəsi altında danışıqlar keçiriblər.

Tərəflər təhlükəsizlik tədbirləri üzrə yeni müqavilə layihəsini müzakirə edib. Yeni müqavilə1974-cü ildə bağlanmış İsrail və Suriya qüvvələrinin Golan yüksəkliklərində geri çəkilməsinə dair sazişi əvəz edəcək. Rəsmi Dəməşq bu zaman BMT müşahidəçilərinin Golan yüksəkliklərinə qayıtmasını istəyib. İsrail öz növbəsində Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra - 2024-cü ilin dekabr ayında qoşunlarının tutduğu Hermon (Cebel-əş-Şeyx) zirvəsini öz nəzarəti altında saxlayacaq.

Əhməd əş-Şaraa bu görüşlərin yaxın günlərdə nəticə verə biləcəyini söyləmişdi. Onun sözlərinə görə, bunun üçün İsrail Suriyanın ərazi bütövlüyünə hörmət etməli və onun hava məkanını pozmamalıdır.

ABŞ və Suriya arasında müzakirəsi vacib sayılan məsələlərdən biri də PKK terror qruplaşmasının Suriyadakı qolları YPG/PYD-nin yaratdığı "Suriya Demokratik Gücləri"nin ("SDG") tərk-silah edilməsi, yaxud onların rəsmi silahlı qüvvələrə inteqrasiya olunmasıdır. SDG əvvəlcə buna razılıq versə də, sonradan vədinə xilaf çıxdı. Onlar Suriyadan muxtariyyət tələb edirlər. Bu İraqın şimalındakı yerli özünüidarəetmə qurumuna bənzəyə bilər. Ancaq Türkiyə və İran belə bir qurumun yaradılmasına qəti şəkildə etiraz edirlər. Belə ehtimal olunur ki, İraqdan sonra Suriyada da oxşar idarəetmə quruluşunun yaranması bölgə dövlətlərinin unitarlığı, dövlət bütövlüyü üçün təhlükəlidir, presedent ola bilər.

Bu günlərdə ABŞ-nin Türkiyənin İstanbul şəhərində yerləşən Baş Konsulluğundakı Suriya masasında işləyən beş diplomatı vəzifədən uzaqlaşdırılıb. Bu, "SDG"yə mərkəzi hakimiyyətə inteqrasiya olunması üçün təzyiqi artırdığı şəklində şərh olunur. Belə ehtimal edilir ki, ABŞ-nin bu silahlı qruplaşma ilə bağlı siyasi kursu elə də davamlı deyil.

Tərk-silah və ya inteqrasiya olunmayacağı halda Türkiyənin bu qruplaşamaya qarşı antiterror əməliyyat keçirəcəyi də gündəlikdə olan məsələlərdəndir. Bu baxımdan, "SDG"nin məsələsinə Tramp - əş-Şaraa görüşündə yer verilə bilər.

Suriyadakı müvəqqəti hakimiyyətə ilyarım möhlət verilib. Bu müddət ərzində o seçkilər keçirməlidir. Artıq bu müddətin yarısı bitib. Oktyabrın 5-də Suriya parlamentinə seçkilərin keçiriləcəyi elan edilib. Bu siyasi kampaniyanın uğurla reallaşması Suriyadakı hakimiyyətin demokratik dəyərlərə sadiqliyinin göstəricisi sayılacaq. Odur ki, ABŞ və Suriya liderlərinin görüşünün gündəliyinə bu siyasi kampaniya ilə bağlı məsələnin də daxil ediləcəyi istisna olunmur.

Beləliklə, ABŞ-Suriya aşağıdakı istiqamətləri müzakirə edə və razılığa gələ bilər:

-Suriyada sabitliyin qorunması, ona Ştatların dəstəyi;

-İsrail-Suriya danışıqları;

-Suriyanın təhlükəsizliyi;

-Ərəb respublikasındakı etnik qrupların və dini azlıqların hüquqların müdafiəsi və təmini;

-Terrora qarşı birgə mübarizə;

- Demokratik dəyələrin ölkədə bərqərar olması, azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi;

-Regional təhlükəsizlik istiqamətində əməkdaşlıq və s.

ABŞ Suriya ilə əməkdaşlığı gücləndirməklə Yaxın Şərqdə daha bir tərəfdaş qazana bilər. Başqa sözlə, onun regiondakı tərəfdaşlarının sırasına Suriya da qoşulacaq. Vaxtilə Suriyanın keçmiş lideri Bəşşar Əsədə islahatlar və əməkdaşlıq təklif edilmişdi. O, İran və Rusiyaya üstünlük verməklə ölkəsini və hakimiyyətini indiki hala saldı. Ona görə belə qənaətə gəlmək olar ki, Əhməd əş-Şaraa əsədlərin buraxdığı səhvlərdən, yanlış siyasi kursdan nəticə çıxarır...

Report.az




Ana səhifəyə qayıt        Baxış: 3 187          Tarix: Bu gün, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma