Xəbər lenti

Üzeyir bəyin doğum günü ilə Şəhriyarın ölüm günü eyni gündə qeyd olunur, amma məqsəd ayrıdır...

Azərbaycan Respublikasında, yəni Quzey Azərbaycanda sentyabrın 18-i Milli Musiqi günü qeyd olunur. Həmin gün Azərbaycanın tanınmış bəstəkarı, maarifçisi, mütəfəkkiri Üzeyir Hacıbəylinin doğum günüdür. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir.

Bu ilki tədbir dahi bəstəkarın 140 illik yubileyi ilə də əlamətdardır. Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verəcəyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirib. 

İlk dəfə olaraq, musiqi bayramının tədbirləri Bakıdan başqa Azərbaycanın ondan çox şəhər və rayonunda, o cümlədən Sabirabad, Şamaxı, Şəki, Biləsuvar, Füzuli, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz, Göygöldə də keçiriləcək. Tədbirdə Üzeyir Hacıbəylinin musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlər təşkil edilib. 

Xatırladaq ki, Prezident Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildə dahi bəstəkarın 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub.

Üzeyir Hacıbəyli Azərbaycan türküdür. Mənsub olduğu millətin milli dövlətinin qurulması yolunda fəaliyyət göstərib. Maarifçiliklə məşğul olub. Şərqdə və islam dünyasında opera yazmaqla öz ölkəsində və türk-müsəlman aləmində çoxsaylı ilklərə imza atıb. Bu baxımdan, onun doğulduğu günün öz vətənində Milli Musiqi günü olaraq qeyd edilməsi, məntiqli, təbidir.

Ancaq başqa cür də olur. Güney Azərbaycan türkü, ana dilində “Heydərbabaya salam” poemasının, çoxsaylı şeir və qəzəllərin müəllifi Məhəmmədhüseyn Şəhriyarın ölüm günü, yəni sentyabrın 18-də İranda fars poeziyası və ədəbiyyatı günüdür.

Məhəmmədhüseyn Şəhriyar  - tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi, 1906-cı ildə Təbrizdə anadan olub, 1988-ci il sentyabrın 18-də isə Tehranda vəfat edib. Onun bioqrafiyası haqqında aşağıdakı məlumat yayılıb: Təbrizin Bağmeşə bölgəsində, zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan alıb. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdi. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. Şəhriyar Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərib, onu Tehrandan Nişapura sürgün etdirmişdi. Ona görə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olub. Behçət Təbrizi bir müddət İranın müxtəlif şəhərlərində, həmçinin Məşhəddə yerli idarələrdə məmurluq edib. 1930-cu illərin ortalarında Tehrana qayıdıb, banklardan birinə işə düzəlib. 1950-ci illərin əvvəllərində Təbrizə qayıdaraq,  1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənib. 

Məhəmmdhüseyn Şəhriyarın ədəbiyyata uşaqlıqdan marağı olub. Hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşından isə fars dilində şeirlər yazıb. 1920-ci illərin ortalarından etibarən artıq istedadlı bir gənc şair kimi tanınmağa başlamışdı. Hamı onu Seyid Məhəmmədhüseyin Behcət Təbrizi kimi tanıyırdı. Bir gün o, özünə təxəllüs götürmək fikrinə düşür, bunun üçün Hafizin "Bəxtnamə" kitabını açır və bəxtinə "Şəhriyar" adı çıxır. Bu ad onun xoşuna gəlir və onu özünə təxəllüs kimi götürür, o vaxtdan poeziya aləmində onu "Seyid Məhəmmədhuseyin Şəhriyar" kimi tanıyır və sevirlər. Məhəmmədhüseyin Şəhriyarın yaradıcılığı çoxşaxəlidir. 

Şair azad ruhlu olub. Onun yaradıcılığında Azərbaycana sevgi xüsusi yer tutur. Ayrılıq, bölünmüş vətən dərdi, o tay, bu tay düşüncəsi də Şəhriyarın yaradıcılığının aparıcı mövzularındandır. 

Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran poeziyalarının aparıcı simalarından sayılır. 

Bununla belə, ana dili, Azərbaycan türkcəsinin təəssübkeşliyi şairin yaradıcılığında başlıca yerə malikdir: “Türkün dili”, “Dərya elədim”, “İman ilə getdi”, “Azadlıq quşu”, “Varlıq”, “Türk övladı, qeyrət vaxtıdır” və başqa şeirlərini örnək göstərmək olar. O, yaradıcılığında Azərbaycan türkcəsinə edilən təzyiqlərə, qadağalara qarşı çıxıb: 

“Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şeirini farsa, ərəbə qatmasa şair,

Şeiri eşidənlər, oxuyanlar kəsil olmaz”.

Onun ana dilində yazdığı “Behcətabad xatirəsi", "Qaranlıq gecələr", "El bülbülü", "O taydan gələnə", "Pərvanə və şəm", "Dan ulduzu da batdı", "Alnımın yazısı" və s. nümunələrdə dil, millət dərdindən bəhs edilir. 

Quzey Azərbaycandakı şairlər onun ithaf elədiyi çoxlu şeirlər də var. Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Səməd Vurğun, Balaş Azəroğlu, Hökumə Billuri, Söhrab Tahir, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanmış şeirlərdə - “Məmməd Rahim həzrətlərinə cavab", "Qardaşım Süleyman Rüstəmə ithaf", " Can Rüstəm", "El bülbülü", " Döyünmə, söyünmə", "Gözün aydın" əsərlərində Quzey Azərbaycan həsrətini ifadə edib: 

“Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!”

Yer gəlmişkən, "Heydərbabaya salam" poeması haqqında ilk elmi məqaləni Məmməd Əmin Rəsulzadə yazıb. "Ədəbi bir hadisə" adlı məqalə 1955-ci ildə "Azərbaycan" dərgisində dərc olunub. 

Yaradıcılığından bu örnəkləri diqqət çatıdırmaqda məqsədimiz Məhəmmədhüseyn Şərhiyarın Azərbaycan ədəbiyyatının, türk dili və poeziyasının nümayəndəsi olduğunu təsdiqləyən çoxsaylı əsərlərə diqqət çəkməkdir. 

Azərbaycanın iki dühasına verilən qiymət təzadlıdır. Birinin doğulduğu gün, o birinin isə vəfat etdiyi gün bayramdır. Biri milli musiqinin təbliği, o biri isə yad və yabanı dilin poeziyasının, ədəbiyyatının tərənnümüdür. 

Bu, doğuluşla ölüm arasındakı fərq kimidir. Panfarsçılar Şəhriyarı özününküləşdirərək, onun ölümünü bayram edirlər. Ancaq bu bayram həm də Azərbaycan türkcəsini aşağılamaq kimi də qiymətləndirilə bilər. 

Bu iki hadisə Azərbaycan türkünün taleyidir. Birinin doğumu, o birinin isə vəfat bayram edilir. Birini özününkü sevə-sevə yada salır, o birini isə özgələr türkü assimilyasiya etmək məqsədi ilə əldə bayraq tutur…




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: Bu gün, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma