Xəbər lenti

Rusiyanın müharibəmeyilli informasiya məkanı Ukraynanın əks-hücumunun iddia edilən “uğursuzluğu” ilə bağlı Kremlin tezislərinin yayılmasına qoşulub.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.

Təhlilçilərin fikrincə, Rusiyanın aşırı millətçi media məkanı Ukraynanın əks-hücumunu uğursuzluq kimi qələmə vermək üçün nəzərdə tutulmuş Kreml tezislərinin təbliğində birləşir, Ukraynanın itkilərini tədricən daha da şişirdir və Rusiyanın itkilərini isə əksinə, kiçildir.

Rusiyanın müharibə tərəfdarı bloqçuları getdikcə daha çox Ukraynanın əks-hücum əməliyyatlarını bütün təmas xətti boyunca bir sıra uğursuz hücumlar kimi təqdim edirlər.

Analitiklər buna misal olaraq rusiyalı hərbi müxbirlərinin iyulun 29-da Rusiya tankının Ukrayna zirehli texnika bölüyünü necə darmadağın etdiyini əks etdirən videonu yaymasını göstərirlər.

Bəlli olub ki, bu, iyunun 7-nə aid görüntülərdir və burada Rusiya artilleriya bölmələrinin Ukrayna karvanına necə zərbələr endirdiyi göstərilir.

Ekspertlərin fikrincə, belə manipulyasiya onu göstərir ki, Rusiya mənbələri Kremldən qaynaqlanan tezisi dəstəkləmək üçün qəsdən köhnə kadrları yenidən yayımlayır.

“Kremlin Rusiya media məkanında müharibə haqqında daha tutarlı hekayə yaratmaq bacarığı qeyri-müəyyən olaraq qalır və Rusiyanın gələcək uğursuzluqları və ya Ukraynanın əhəmiyyətli uğurları Kremlin bu səylərdə irəliləyişinə xələl gətirə bilər”, - MAİ-nin gündəlik məruzəsində qeyd olunub.

Eyni zamanda, analitiklər qeyd edirlər ki, Ukrayna qoşunları iyulun 29-da cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatları keçirib və bəzi ərazilərdə irəliləyib.

Həmçinin Ukrayna müdafiəçiləri iyulun 28 və 29-da işğal altındakı Krımda Rusiyanın hərbi və logistika obyektlərinə hücum ediblər.




Ana səhifəyə qayıt        Baxış: 2 875          Tarix: 30-07-2023, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma