Şimali Koreya İspaniya, Honkonq və bir çox Afrika ölkələri də daxil olmaqla, dünyadakı səfirliklərinin təxminən 25-ni bağlamağı planlaşdırır.
Bu barədə “Reuters” analitiklərə və media hesabatlarına istinadən yazır.
Təcrid olunmuş bir ölkə olan Şimali Koreyanın hazırda 159 ölkə ilə rəsmi əlaqələri və 53 diplomatik missiyası var.
Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanın bu addımının ölkədə sanksiyalar səbəbi ilə yaşanan iqtisadi çətinliklərlə əlaqədar olduğunu bildirib.
Şimali Koreyada valyuta əməliyyatları sanksiyalara görə dayandırılıb və səfirlik xərcləri qarşılana bilmir. Bu, onu göstərir ki, Şimali Koreya iqtisadi səbəblərə görə ənənəvi dost ölkələrlə minimal diplomatik münasibətləri belə saxlamaqda çətinlik çəkir.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ötən həftə xəbər vermişdi ki, Şimali Koreyanın Anqola və Uqandadakı səfirləri bu ölkələrin dövlət başçılarına vida səfərləri ediblər. Hər iki Afrika ölkəsinin mətbuatında Şimali Koreyanın səfirliklərini bağladığı barədə məlumatlar yayılıb.
İspaniya Kommunist Partiyası ilə yazışmalarda Şimali Koreya səfirliyinin bağlandığı bildirilir. Cənubi Koreyanın Yonhap xəbər agentliyi İspaniyadakı işlərin İtaliyadakı missiya tərəfindən idarə olunacağını yazıb.
Paylaş: