
HƏMAS bütün qalan İsrail girovlarını eyni vaxtda azad etməyə hazır olduğunu bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, hərəkat bu barədə bəyanat yayıb.
"Biz ikinci mərhələyə hazırıq. Bu mərhələdə əsirlər Qəzza sektorundan qoşunların tam çıxarılması və daimi atəşkəsə gətirib çıxaracaq razılaşma əldə olunduqda, birdəfəlik mübadilə ediləcək", - deyə bəyanatda bildirilir.
HƏMAS-ın yeni təşəbbüsü ABŞ Prezidenti Donald Trampın Qəzzada saxlanılan İsrail əsirlərinin həftəlik mərhələli azad edilməsinə qarşı çıxmasından sonra səsləndirilib. Girovları dərhal azad etmək çağırışı ilə onların ailə üzvləri də hərəkata müraciət ediblər.
Xatırladaq ki, yanvarın 15-də İsrail və HƏMAS-ın Qəzzada saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyi məlum olub. Üç mərhələdən ibarət olan saziş yanvarın 19-da qüvvəyə minib. Razılaşmaya əsasən, sazişin birinci mərhələsinin həyata keçirilməsi 42 gün davam edəcək və bu müddətdə HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların mübadiləsi müqabilində ən azı 33 israilli girovu azad etməlidir. İsrailə artıq 19 girov qayıdıb.
Paylaş: