Pakistan silahlı qüvvələri Əfqanıstandakı mövqelərinə endirilən hava zərbələri nəticəsində ən azı 80 terrorçunu öldürüb.
Məlumatı "Dawn" qəzeti Pakistan təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən yayıb.
Bildirilir ki, bazar günü gecə Pakistan təyyarələri Əfqanıstanın Nəngərhar, Paktika və Xost əyalətlərində Fitnə əl-Xəvaric qrupuna (əvvəllər Tehrik-e-Taliban Pakistan, TTP kimi tanınırdı) məxsus yeddi yaraqlı düşərgəsini məhv edib.
Daha əvvəl Pakistan İnformasiya və Yayım Nazirliyi Pakistan qüvvələrinin TTP yaraqlılarına, eləcə də Əfqanıstandakı İŞİD terrorçu qrupunun filialı olan Vilayəti Xorasan-a qarşı hədəfli zərbələr endirdiyini bildirib. Nazirlik qeyd edib ki, əməliyyat Pakistanda son terror hücumlarına, o cümlədən İslamabadda məscidin bombalanmasına cavab olaraq həyata keçirilib.
Əfqanıstan hakimiyyəti Pakistanın hücumunda onlarla mülki şəxsin ölümü barədə məlumat verib, bunu "təxribat aktı" və "ölkənin ərazi bütövlüyünün pozulması" adlandırıb.
Hücumdan sonra Pakistanın Kabildəki diplomatik nümayəndəliyinin rəhbəri İslam Əmirliyinin Xarici İşlər Nazirliyinə çağırılıb və orada etiraz bildirilib.
Son bir ay ərzində Pakistanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını və mülki şəxsləri hədəf alan bir sıra terror hücumları baş verib. Fevralın 6-da İslamabadda şiə məscidi yaxınlığında törədilən intiharçı hücumu nəticəsində 30-dan çox insan həlak olub, təxminən 170 nəfər yaralanıb.
Pakistan hakimiyyəti Əfqanıstanı öz ərazisində yerləşən terrorçu qruplara qarşı hərəkətsizlikdə ittiham edir. İslamabad bildirir ki, Kabil beynəlxalq öhdəliklərinə baxmayaraq, Əfqanıstan ərazisindən Pakistana hücum edən yaraqlılara qarşı heç bir tədbir görmür.
Paylaş:




























