Xəbər lenti

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da keçirilən anım tədbirləri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda yerləşən Ana harayı abidəsini ziyarət edib.

Nazir jurnalistlərə açıqlamasında Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını bildirib.

“Xocalı dəhşətli faciə idi. Bu gün isə Azərbaycan inkişaf edir və sülh istiqamətində ciddi addımlar atır, artıq böyük nəticələr göz önündədir”, – deyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, ölkə öz hüquqlarını və ərazi bütövlüyünü bərpa edərkən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qətiyyətli mövqe nümayiş etdirib.

Onun sözlərinə görə, post-münaqişə dövründə də sülh gündəliyinin formalaşdırılması və irəli aparılması istiqamətində əsas təşəbbüslər məhz Azərbaycan tərəfindən irəli sürülüb:

“Bütün dünya gördü ki, sülh prosesində tam liderlik və bütün təşəbbüslər yenə də Azərbaycan tərəfindən edilib. Bu istiqamətdə ciddi addımlar atılır, böyük nəticələr göz önündədir. Eyni zamanda tariximizi unuda bilmərik. Ona görə də bugünkü ildönümü xüsusi əhəmiyyət daşıyır. Həmişə olduğu kimi Azərbaycan xalqı şəhidlərimizi yad edir”.




Ana səhifəyə qayıt        Baxış: 2 311          Tarix: Dünən, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma