Xəbər lenti

 Avstriyada Azərbaycan Mədəniyyət Mərkəzində Vyana Kamera Orkestrinin iştirakı ilə konsert və Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı Nərgiz Quliyevanın fərdi sərgisi keçirilib.

Bu barədə "Report"a Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev məlumat verib.

Tədbir Avstiyada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib və iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasının 25-illiyinə həsr olunub. Gecənin rəsmi hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Azərbaycanın Avstriyada Fövqəladə və Səlahiyyətli səfiri Qalib İsrafilov və Avstriya Parlamentinin üzvü, Azərbaycan-Avstriya Parlamentlər arası dostluq cəmiyyətinin sədri Georg Vettel çıxış ediblər.

Natiqlər iki ölkə arasında müxtəlif sahələr üzrə baş verən dinamik inkişafı xüsusi qeyd ediblər. Rəsmi hissədən sonra respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi ilə məşhur Vyana Kamera Orkestri Azərbaycan və qərbi Avropa musiqisindən nümunələri dinləyicələrə təqdim ediblər.

Konsertin proqramında Üz.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, Niyazi, V.Mustafazadə, M.Maqomayev, V.A.Mosart, Y.Ştraus, F.Leqar, E.Qriq, J.Bize və P.Xaydrixin əsərləri yer alıb.

Konsertdə iştirak edən müxtəlif diplomatik missiyaların rəhbərləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri gecənin sonunda Azərbaycan və Avstriyalı musiqiçiləri ayaq üstə alqışlayıblar.

Konsertlə bərabər gerçəkləşən Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı Nərgiz Quliyevanın ölkəmizin incəsənəti, tarixi və mədəniyyətinə həsr olunmuş 12 yeni əsərdən ibarət sərgisi böyük maraqla qarşılanıb.




Ana səhifəyə qayıt        Baxış: 1 057          Tarix: 8-10-2017, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma