Xəbər lenti

Uşaqdan böyüyə, hamımız onu “Şir evdən getdi” filmi ilə tanıyırıq. Uşaq yaşlarında çəkildiyi filmlərlə, yaratdığı obrazlarla həmyaşıdlarının qibtə etdiyi şəxs olub. Amma bu məşhurluq xarakterini dəyişməyib. Çünki düşünür ki, heç bir fərdi nailiyyət səni başqa insanlardan üstün edə bilməz.

“Kaspi” qəzetinin “Gör-götür” rubrikasındakı qonağı aktyor, rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov həyatından, sənətindən danışıb.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

 

– Mavi ekranın sehrinə uşaq vaxtından qapılmısınız. Hər kəsin qibtə etdiyi uşaqlığınız olub. Uşaqlığınızla qürur duyursunuzmu?

– Keçmişə baxanda mənə elə gəlir ki, o uşaq mən deyiləm. Sanki, balaca Elxan başqa oğlan idi. Düzdür, hər hadisə, keçirdiyim hisslər yaddaşımdadır. Amma o uşağı özüm hesab etmirəm. Yadımdadır, özümü ilk dəfə ekranda görəndə bəyənməmişdim.

– Həmyaşıdlarınız həyətdə futbol oynayanda siz kinoya çəkilmisiniz…  “O uşaq” çəkiliş meydançasında darıxırdımı? “bitsəydim futbol oynayardım” düşüncəsi olubmu?

– Çəkiliş meydançası o qədər maraqlı idi ki… Düzdür, çox çətin idi. Qızmar günəşin altında 6 ağır projektor yanır, üstünə tuşlanırdı. Amma meydançadakı yaradıcı ab-hava, televiziyadan tanıdığım aktyorları görməyim, onlarla tərəf müqabili olmağım çox maraqlı idi. Həmin vaxt futbol yadıma düşmürdü (gülür-A.Ə). Hər gün yeniliklərlə rastlaşmaq məni darıxmağa qoymurdu. İlk dəfə çəkiliş meydançasına 8 yaşımda düşmüşəm. Uşaq kimi formalaşmağım kinostudiyada olub. 6 yaşımdan kinostudiyada müntəzəm uşaq obrazlarını səsləndirirdim. Bu dünya mənim üçün çox maraqlı idi. Nə məktəb məni dartırdı, nə də ki futbol. Yaşıdlarımla təmasda olmadığım üçün uzun müddət dostlarım olmamışdı. Amma sonradan o dövr keçdi. Əslində,10 film 2 ildə çəkildi və yenidən normal uşaqlığıma qayıtdım. Adaptasiya məsələsində çətinlik çəkdim. Tanındığıma görə, bütün uşaqların mənə qarşı reaksiyası eyni olmurdu. Kimisi mənlə dostluq edirdi, kimisi qibtə ilə yanaşırdı. Nifrət edənlər də az deyildi. Ümumilikdə, münasibət pozitiv idi.

– Psixoloqlar deyir ki, xüsusilə uşaqlıq illərindən məşhurluq insanın xarakterini dəyişir. Məşhurluğunuz başınızı gicəlləndirdimi?

– Xeyr, o mərhələ rahat idi. Eqo baxımından problemim olmadı. Mən sovet dövründə böyümüşəm. Məşhur olduğuma görə, əlavə bonuslarım yox idi. Uşaq idim, məktəbli idim. Kinoya çəkilən vaxtlarda kinoya gedirdim, məktəb vaxtlarımda məktəbə gəlirdim. Uşaqlar qibtə edirdi düzdür, amma ona görə deyildi ki, mən məşhur idim. Ona görə idi ki, mən arada məktəbə gəlməyə bilirdim. Anlayırdım ki, heç bir fərdi nailiyyət səni başqa insanlardan üstün edə bilməz. Ailəm, nəsil-köküm mənimlə fəxr edirdi, amma məşhur olmağım özümə çatmırdı.

– Müsahiblərinizdən birində deyirsiniz ki, valideynlərinizdən aldığınız ən önəmli öyüd dünyanı sevmək və gözəlləşdirməkdir…

– Hər bir valideyn övladına sevgi aşılayır, həyatda özünü itirməməyi tövsiyə verir, çətin vəziyyətlərdə düzgün addım atmağa yönəldir. Atam rejissor, anam jurnalist idi. Anam Azərbaycan ədəbiyyatının gözəl bilicilərindən biri idi. Yadımdadır ki, mənə şeirlər deyir, nəsr əsərlərindən hissəciklər oxuyurdu. Bəzən narazılıq edirdim, dinləmək istəmirdim. Amma valideynin və uşağın düşüncələri arasında fərq odur ki, uşaq həmişə oyuncaq axtarır, valideyn onu kamilləşdirir. Valideynlərimin mənə aşıladığı sevgi, verdikləri öyüd nəsihət, oxuduqları kitablarla mən dünyanı gözəlləşdirə biləcəyimi anladım. Həm də incəsənətin ümdə vəzifəsi dünyanı gözəlləşdirməkdir.

– O qədər dəyərli işlərə imza atmısınız. Amma etiraf edək ki, “Şir evdən getdi” mütləq ilk anılır və xüsusi tanınır. Bu, sizi qıcıqlandırmır ki?

– Xeyr. Əvvəllər bu barədə düşünürdüm…  Amma yaşlandıqca anlayırsan ki, hər bir insanın taleyində simvolik nöqtələr olur. Məhz həmin nöqtələr həyatını dəyişir. Bu, yəqin ki, mənim taleyimdir. İndi əsəbiləşmirəm. Etiraf edim ki, həmin filmdəki obrazımı bu gün rejissor kimi bəyənmirəm. Mən uşağı fərqli oynadardım. Bu filmlə anılmaq əvvəl məni qıcıqlandırsa da, artıq o həyatımı tam fərqli qiymətləndirirəm.

– İstedadı atanızdan aldığınızı söyləmisiniz. Maraqlıdır, Mailə Muradxanlıdan sizə nə keçib?

– Ana… nə deyim ki… Ata aparıcı, təyinedici qüvvədir. Amma dünya sevgisi, daxili stabillik, özünü idarə etmək, insanlara qarşı həssas, duyğulu münasibəti Mailə xanımdan öyrənmişəm. Onun elə dahiliyi ana sözünün özündədir.

– Uşaqlıqdan məşhur filmlərə çəkilən Elxan Cəfərov niyə sonralar aktyorluqdan rejissorluğa keçdi? 

– Biz Moskvadan qayıdanda SSRİ tam dağılmamışdı, qarışıq dövr idi. O vaxt sənətlə məşğul olmaq mənasız bir şeyə çevrilmişdi. Sənət sonradan dirçəldi. O dövrdə aktyorluq etmək mümkünsüz idi. Aktyorluq elə sənətdir ki, qəlbini açmalısan. Aça bilmədinsə, yüksək sənətə nail ola bilməyəcəksən. Mən o dövrdə aktyor kimi yaşayıb, fəaliyyətlərini davam edən sənətkarlara pərəstiş edirəm. Həmkarlarım aktyor peşəsində çox çətinliklə üzləşdilər. Elə bil ki, kiməsə ürəyini açırsan, səni veclərinə almırlar. Ona görə də aktyorluqdan rejissorluğa keçdim. Valideynlərim də mənim fikirlərimi hər zaman dəstəkləyiblər. Çin fəlsəfəsində belə bir söz var ki, sən öz yolunu tapmısansa, artıq sənə müəllim lazım deyil. Ondan sonra həyat özü müəllimdir. Mənim də bu yolda müəllimim əvvəlcə atam, sonra həyat oldu.

– Elxan bəy, xarici görünüşə önəm verirsiniz. Hətta yeniyetməlik dövründəki dəyişikliyiniz sizi depressiyaya salıb…

– Gülür.(A.Ə). Uşaq vaxtı yaraşıqlı idim. Saçlarım da çox idi. Hətta dükandan su alanda, mənə bəzən “qızım” deyə müraciət edirdilər. Əsəbiləşirdim ki, mən oğlanam, qız deyiləm. Birdən-birə yeniyetməlik dövrü başladı, fizioloji dəyişikliklər oldu. Üzüm yekəldi, burnum böyüdü, əllərim dəyişdi. Bu, əhval-ruhiyyəmə öz təsirini göstərməyə bilməzdi. Bəlkə də, aktyorluqdan imtina etməyimdə bu vəziyyətin də rolu olub.

– Akrtisa Gülzar Qurbanova ilə evlisiniz. Tanışlıq tarixçənizdən danışaq…

– Gülzar xanımla eyni məktəbdə təhsil almışıq. O, məndən iki sinif aşağı, bacımla oxuyurdu. O vaxtdan münasibətlərimiz var idi. Mən onu birinci sinifdən tanıyıram. Amma ailə quracağımız haqqında heç vaxt düşünməmişdim. Moskvaya universitetə daxil olanda, onlar hələ oxuyurdular. Sonra mən əsgər getdim. Qayıdanda Gülzarla münasibətlərimiz yenidən başladı və ailə qurduq.

– Gülzar xanım 3 filminizdə rol alıb. Maraqlıdır, aktrisa kimi hansısa təklifinizdən imtina etdiyi olubmu?

– Sonucu filmim “Yarımıq xatirələr”də ilk növbədə Gülzar xanıma müraciət etdim, razılaşmadı. Gürcüstandan aktrisa tapdım, testlər edildi. Hətta Belarusa çəkilişlərə də getdim. Bir ay idi ki, çəkiliş gedirdi Gülzar xanım mənə zəng vurdu ki, Elxan bilirsən, mən fikirləşdim ki, bəlkə də oynayaram, amma mən onu mənfi qəhrəman etməyəcəm. Rejissor kimi qəbul etdim və doğru da alındı.

– Rejissorla aktrisanın izdivacının hər iki şəxsin karyerasında hansı izləri olur? 

– Yaradıcı prosesdir. Əlbəttə ki, həyat yoldaşım da mənimlə məsləhətləşir, mən də ondan məsləhət alıram. Biz ən əsası dostuq. Hər hansı aktyor seçəndə, mütləq Gülzar xanımla məsləhətləşirəm. Çünki o, teatrda işlədiyi üçün daim onlarla sıx münasibətdədir. Biz bir-birimizdən bəhrələnirik. Düzdür, toqquşmalar da olur, fikirlərimiz üst-üstə düşmür. Amma ümumilikdə biz ailəyik. Bir filmdə izləmişdim. İnsanlarda həyat o qədər idealdır ki, emosiyaya yer yoxdur. Emosiyasız dünya süquta uğrayar. İnsan səhvləri olduğu qədər insandır və səhv etdikcə təzələnir. Ona görə də, toqquşmalar, təzadlar bizim dostluğumuza mane ola bilmir.

– Həyat yoldaşınızla dost olduğunuzu vurğulayırsınız. Maraqlıdır, çəkiliş povilyonunda münasibətiniz necədir? Kaprizlidirmi?

– Xeyr. Mənim yanımda kapriz ola bilməz. Desport deyiləm. Çalışıram hamıya məhəbbətlə yanaşam, amma çox inadkaram. Fikirlərimi aktyora, aktrisaya çox dəqiq çatdırıram. Sevgi dolu Elxanın iti fikirləri tez qəbul olunur. Qəddar deyiləm, amma inadkaram. Bunu həyat yoldaşım da bilir və qəbul edir.

 

– Olurmu ki, həyat yoldaşınız olduğu üçün Gülzar xanıma daha çox ərk edəsiniz…

– Gülzar xanımı çəkdiyim ilk filmdə belə vəziyyət yaranmışdı. Ondan daha çox tələb edirdim. Amma sonra gördüm ki, rejissor olaraq peşəyə düzgün münasibət deyil. Bütün aktyorlardan nə almaq istəyirəmsə, bunu hansı metodlarla edirəmsə, mütləq Gülzar xanıma da elə yanaşmalıyam. Məxsusi münasibət olmamalıdır. Gülzar xanım birinci filmdə məndən küsmüşdü. Çox təzyiq göstərirdim. Etiraz edirdi ki, hamıyla şirin danışırsan, mənlə sərt. Sonra başa düşdüm ki, mən öz düşüncəmi deyil, onun fərdi düşüncəsini işə salmalıyam.

– İki uşaq atasınız. Elxan Cəfərov necə atadır və tərbiyədə əsas prinsipləri nədir? Deyirlər müasir dövrdə övlad böyütmək çətindir…

– Ailədə mənəvi mühit çox vacibdir. Biz Gülzar xanımla çalışırıq ki, bu mühiti qoruyaq. Əlbəttə, övladlarıma aşılayacağım ən vacib fikir sevgidir. Belə bir söz var ki, övladlarınıza sevgi aşılayın, çirkinliyi onsuz da dünya özü onlara göstərəcək. Amma sevgisiz onlar məhv ola bilərlər. Əsas vəzifəmiz insanlara sevgi və vətənpərvərlik hissini aşılamaqdır. Vətənpərvərlik haqqında boğazdan yuxarı çox danışmaq olar. Əsas onu hiss etməkdir.

– Adətən, orta və yaşlı nəsil gəncləri tənqid edir, bəyənmirlər. Həmçinin gənclər də, onların fikirləriylə razılaşmırlar. Facebookda gənclərin sizə olan xüsusi sevgisini görürük. Siz buna necə nail olmusunuz?

– Qızımın 25, oğlumun 18 yaşı var. Qızım 14-15 yaşına çatdıqda, mən dərk etdim ki, artıq gənc deyiləm. Bu gün də hər hansı bir yerdə gənc görən kimi mənə elə gəlir ki, öz balamdır. Bu, mənim özümdən asılı deyil. Məncə, hər bir yaşlının içində gənclərə sevgi var. Yaşlılar ona görə gənclərdən gileylidirlər ki, gənclərin xoşbəxtliyini istəyirlər və böyüklərə elə gəlir ki, onların getdiyi yol gəncləri xoşbəxtliyə aparmır. Bu, həmişə belə olacaq. Amma yaşlılardan fərqli olaraq başa düşürəm ki, nailiyyət, inkişaf, xoşbəxtlik fərdi işdir. İnsan məsləhətə qulaq asmalıdır, ələlxüsus da gənclər. Amma yaşlılar da bilməlidir ki, Allah deyillər. Onların da səhvi var. Ona görə də istər gənci, istər yaşlısı əhval-ruhiyyən xoşbəxtdirsə, sən xoşbəxtsən. Xoşbəxtlik fərdi münasibətin nəticəsində yaranan haldır. Gənclərə dəfələrlə demişəm ki, hər hansı bir nailiyyət qazanmaq xoşbəxtliyin timsalı deyil. Nailiyyət gözəldir, o daha çox xalqına, ailənə lazımdır. Özün də qürurlanırsan, amma xoşbəxtliyin formulu daxil nailiyyətlərlə sıx bağlıdır. Ona görə də, gənclərin üzərinə getmək lazım deyil.

– Maraqlıdır, gənclərdə bəyəndiyiniz xüsusiyyət hansıdır?

– İti zəka. Mən bugünkü gəncliyimizdə bunu görürəm. Müasir gənclikdə analitik düşüncə daha aktiv işləyir. Bundan əlavə, bütün dünya xalqlarının tarixçəsini oxuyanda, başa düşürəm ki, mənim xalqım dünyanın ən gözəl xalqıdır. Bizi bütün xalqlardan fərqləndirən sevgidir. Gənclik də sevgi doludur. Bizim qanımızda muğam, mədəniyyət, böyüyə hörmət var və bu gənclərə də aşılanıb.

– Pozitivsiniz. Pozitiv olmaq, günə pozitiv başlamaq üçün hansısa sirriniz varmı?

– Birinci növbədə Allaha inanmaq lazımdır. Bir dəfə qəbir üstündə ailə üzvlərimi ziyarət edərkən, molla mənə dedi ki, islam özünü həyata təslim etmək deməkdir. Allaha inam təkcə həyatdan yaxşı şeylər gözləmək deyil. İnsan inanmalıdır ki, bir qapı bağlanırsa, mütləq digər qapı açılır.  Düzdür, o qapı bağlananda sənə elə gəlir ki, hər şey bitir. Amma sən özünü təslim et. Daha sonra anlayacaqsan ki, o qapı sənin xeyrinə bağlanıb, ardında mütləq yaxşı hadisə baş verəcək. Həyatı sevmək, gözəlləşdirmək lazımdır. Həyat şansdır və sınaqlarla doludur. Onu dərk edə bilirsənsə, xoşbəxt və pozitiv olursan.

Aygün ƏZİZ

 




Ana səhifəyə qayıt        Baxış: 1 036          Tarix: 21-09-2018, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma