
Xəbər lenti
Dünən, 22:29
Dünən, 20:52
Dünən, 17:10
Dünən, 17:00
Dünən, 14:54
Dünən, 10:10
22-08-2025, 23:30
22-08-2025, 22:39
22-08-2025, 21:15
22-08-2025, 20:35
22-08-2025, 20:00
22-08-2025, 18:20
22-08-2025, 17:10
22-08-2025, 16:44
22-08-2025, 15:27
22-08-2025, 14:30


1988-ci ilin iyun ayı idi. O zaman ki, Dərələyəz 5 aya yaxın idi mühasirədə idi. O zaman ki, Azərbaycanın həmin dövrdəki manqurt və səriştəsiz rəhbərlərinin maymaqlığından, Qərbi Azərbaycanın (indiki “Ermənistan”) aylarla mühasirədə sahibsiz qalan əksər kəndləri, yol tapıb mühasirəni yara bilmirdilər. Dərələyəz mahalında da həmçinin.
Nankor ermənilər camaatın əsas yolla, Naxçıvan istiqamətində çıxmaqlarına yol vermirdilər. Əlac qalmışdı, Kəlbəcərlə Dərələyəz arasındakı Qırxbulaq və Murad təpəsi yaylaqlarının qarı ərisin, insanlar o yolla Kəlbəcərə, oradan da Azərbaycana üz tutsunlar.
Belə də oldu. Qeyd etdiyim kimi, 1988-ci ilin iyun ayı idi. Yaxınımın köç karvanı ilə, o yaylaqlardan Kəlbəcərə yola düşdüm. Allahdan, oturduğum maşının sürücü də Kəlbəcərli idi. Gedirdim, amma cismim gedirdi, ruhum isə geridə buraxdığım o yerlərdə, uşaqlığımın, gəncliyimin keçdiyi vətən adlı o məkanda qalıb da gedirdim. Gedirdim, qəlbim param-parça, gözlərim isə yaşla dolu. Geriyə dönüb baxdıqda, sanki qoyub gəldiyim o yerlər də qan ağlayırdı. Qəm dəryasında bata-bata, arxamda buraxdığım o yerlərə ürəyimdən yalnızca bir vida, bir elvida keçirdi o anda: “Əlvida dağlar, çaylar, buz bulaqlar, şehli çəmənlər salamat qalın, bəlkə ömür vəfa etmədi bir daha dönə bilmədim, Sizdə qalan uşaqlığımı, gəncliyimi, sevdamı, gülüşümü, dağ cığrlarındakı izlərimi əmanət qoyub gedirəm.

Zamanında olmuşdum indi baş alıb getdiyim yaylaqlarda. İlin bu vaxtlarında Azərbaycanın elatı o üzdən, Dərələyəz elləri isə bu üzdən, yayda qalxardı bu yaylaqlara. Qız-gəlininin gülüşü, çobanların hay-harayı, atların kişnərtisi, sürülərin mələrtisi sanki həyat verirdi bu yerlərə. İndi isə sanki dağlar da səssizlikdən qan ağlayırdı. Baxıb bu səsizliyə, gözlərimdən axan yaşla, o yaylaqların gülünü -çiçəyini sulayıb gedirdim.
Kəlbəcərin başına çatanda sürücüyə dedim, maşını əylə. Düşdük maşından, baxdım Kəlbəcərə gördüm dayandığımız dağın başından Kəlbəcər çox aşağıda qalır. Dedim, bahoo. Sürücü dedi, nə oldu, dedim, Kəlbəcər də gedəcək. Dedi, ola bilməz. Dedim, Dərələyəz məyər Kəlbəcərin arxası, dayağı imiş. Dərələyəz gedəndən sonra, ermənilər bu dayandığımız yerdən tək bir top atsa, Kəlbəcər oynayacaq. Nə yazıq ki, sonradan dediklərimiz gerçək oldu. Kəlbəcər də yerindən oynadı, onlar da pənah gətirdilər Gəncəyə. Amma onu da deyim ki, cümlə torpaqlarımızın əldən getməsi məni nə qədər yandırırdısa, sanki Kəlbəcər daha çox yandırırdı. Bəzən özümə sual edirdim, nədir bu bağlılıq, nədir bu Kəlbəcər sevdalılığı. Sonradan yaşadıqca gördüm ki, əslində Kəlbəcərlə Dərələyəzlilər bir soydu. Kəlbəcərdən kiminlə qarşılaşırdım, əksəriyyəti deiyirdi bizim də əslimiz Dərələyəzdəndir. Birdə ki, eyni coğarfiya, eyni yaylaqlar, eyni hava, eyni bulaqlar da bizi bağlayırdı. Bəlkə də ondandır qəriblikdə olduğumuz bu illər ərzində Sücaətin, Bəhmənin şeirlərində özümü tapdığım qədər, başqa heç kimsənin şerində, sözündə tapa bilmədim.

Sonradan Bəhmənlə tanış oldum. Gəncənin girişində yolun solunda hərbi şəhərcik var idi. Orada məskinlaşmışdı. Qarşılaşanda, üz tutardı Kəpəzə- Qoşqara nalə çəkərdi ki, o buludların altında, o dağların arxasında yurdum, vətənim qalbdır deyib, gözlərindən yaş ələrdi. Heyf ki, Sücaətlə heç qarşılaşmadım. Amma Sücaətin şeirlərində o qədər çağladım ki, sanki heç yad deyildi mənə, tanıyırdım illərlə onu mən. Dinlədikcə Sücaəti vətəninə, elinə bağlılığı məni həm valeh, həm də məst edirdi. Bəlkə də Sücaətin şeirlərinə vurğunluğum onun qədər vətənsizlikdən və yurd sevdalısı olmağımdan da qaynaqlanırdı. Son nəfəsinə kimi, yazdığı şeirlərinin hər sözündə, hə sətrində bir həsrət, bir nisgil var Sücaətin. Sanki bilirmiş o yerlərə bir də görməyəcəyini. Ondandır ki, bütün ürəyindən keçənləri töküb şeirlərindəki sətirlərə. O şeirlər ki, Kəlbəcərin havası, suyu, dağları qədər səfalıdı, çəmənliklərindəki gülləri qədər təravətlidir, şehləri qədər incidir. Bəlkə də ondandır, doymaq olmur sazlı-sözlü o şeirləri dinlədikcə, Sücaətin öz dilindən. Doymaq olmur məhrumə müğənnimiz Nəzakətlə xatirələrini dinləməkdən Sücaətin. Kədərlənmədən, kövrəlmədən Kəpəzə baxıb da öz dili ilə söylədiyi “bu dağların o üzündə qalıbdı” şeiri kimi:

Doğulduğum, böyüdüyüm yurd-yuva,
Bu dağların o üzündə qalıbdı.
Həkimim, dərmanım - torpaq, su, hava,
Bu dağların o üzündə qalıbdı.
Bu günümə ağladı kim, güldü kim,
Yoxa çıxıb rahatlığım, dicnliyim,
Dərd içində itib batan gəncliyim,
Bu dağların o üzündə qalıbdı.
Aşıq qardaş bu nə nalə, nə səsdir,
Dilqəmini bir də çalma, ta bəsdir,
Günlərimin yaralısı, şikəsti,
Bu dağların o üzündə qalıbdı.
Tapdalanıb ayaqlanıb üzərim,
Ölənəcən qan tökəcək gözlərim,
Mənə indi lazım olan sözlərim,
Bu dağların o üzündə qalıbdır.
Sücaətin ömürü olub tən yarı,
Bir də düşə, ya düşməyə güzarı,
Əmi, dayı, ata, qardaş məzarı,
Bu dağların o üzündə qalıbdı.
Bəli, özü getdi, sözü qaldı Sücaətin. “Torpaq”, - dedi, “vətən”, - dedi, “dağlar”, - dedi, amma qovuşmadı o yerlərə. Özü qovuşmadı, amma arxasında qoyub getdiyi eli artıq qovuşacaq o yerlərə. Ruhun şad olsun, şair. Alındı, 26 ildir düşmən əsarətində qalan və bu dünyadan nigaran getdiyin, şəninə şeirlər yazdığın o dağlar, o çəmənlər, ayna bulaqlar, cümlə vətənin alındı, şair!

Mən üzümü Kəlbəcərlilərə tuturam, el geriyə Kəlbəcərə dönəndə, Sücaəti, Bəhməni götürməsəniz, nə onlar haqqını sizlərə halal edər, nə də səsləri, sözləri, izləri qalmış o yaylaqlar, şehli çəmənlər, qartalların qıy vurduğu o sıldıram qayalar, o dağlar.
İnşallah, ömür vəfa edər gələrik o yerlərdə ziyarətinə Sücaətin də, Bəhmənin də, dinlərik sazlı sözlü baldan şirin sözlərini. Onda ruhlarına dualar edib, artıq vətəndəsiniz, o dağların bu üzündəsiniz, ruhunuz şad, məkanınız cənnət olsun, şair deyərik.
Bir də dünyadan vətən həsrəti ilə nakam, narahat gedən Sücaətlərə, Bəhmənlərə və bizlərə bu günü yaşadan Ali Baş Komandan başda olmaqla, Müzəffər Azərbaycan Ordusuna bir daha “çox sağ olun”, Şəhadət şərbətini içib, qanları ilə o dağlarda dastan yazanlara isə “ruhlarınız şad, məkanınız cənnət olsun, əmanətiniz - əmanətimiz, namusunuz – namusumuzdur”, - deyirik. Allahdan, bir daha cümlə şəhidlərə və vətən həsrəti ilə dünyasını dəyişənlərə rəhmət diləyir və ruhlarınız şad olsun deyirik!
Bəli, iİndi yazılan bu zəfər dastanındandır ki, əsarətdə qalan digər yerlərə Dərələyəzə, Qərbi Zəngəzura, Göyçəyə, İravana qayıtmaq ümidləri də cücərib. Artıq Ali Baş Komandan bütün dünyaya hayqırır ki, hədəfimiz məhz bizim olan əzəli o torpaqlara da qayıtmaqdır.


Bəli, biz qayıdacağıq. Bunu zaman deyir, bunu dünyada dəyişən dəngələr və bölgədə gedən geopolitik gedişlər deyir. Bunu Azərbaycanın dəmir yumuruğu, nəhayət, qardaş Türküyənin bu coğrafiyadakı varlığı və dostları deyir.
Bəli, biz qayıdacağıq. Gəldiyimiz yolla, Kəlbəcərdən aşıb, o yaylaqlaradan, bu dəfə gözlərimizdə sevinc yaşları ilə dönəcəyik vətənə. O vətənə ki, çıxanda “bəlkə bir daha gələ bilmədim”, - dediyimiz kimi, indi əksinə, “gəlirəm”, - deyib üz tutacağıq uşaqlığımızı, gəncliyimizi, sevdamızı, gülüşlərimizi əmanət etdiyimiz o dağlara. O gün gələcək. Bir az da gözlə vətən, biz dönəcəyik. Şuşaya, Kəlbəcərə, Qarabağın digər ərazilərinə döndüyümüz kim. Allah Türkə yar olsun!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar