Xəbər lenti


16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi Sovet Rusiyası tərəfindən sonrakı illərdə tam məxfi şəkildə pozulub. Belə ki, Moskva müqaviləsində öz əksini tapan Şərur-Dərələyəz və Vedi ərazisi Azərbaycan xalqının iradəsi olmadan Ermənistan SSR-yə verilib. Bu, Moskva müqaviləsinin kobudcasına pozulması deməkdir.

Bu sözləri Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin 100 illiyi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Moskva və Qars müqavilələri ilə konkret sərhədlər müəyyənləşmişdi:
“1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması ilə sovet hökuməti 1921-ci ildə imzalanan Moskva müqaviləsinin bəndlərini dəyişdirdi. Təxminən 625 kvadrat kilometr ərazi, eyni zamanda Şərur, Dərələyəz və Vedi Naxçıvan Muxtar Respublikasından kəsilərək Ermənistan SSR-yə birləşdirildi.

Həmin ərazilərin ermənilərə verilməsinin əsas səbəbi Azərbaycana rəhbərlik edən şəxslərin azərbaycanlı olmamasıdır. Məsələ ondadır ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri Nəriman Nərimanovdan sonra 1932-ci ilə qədər Azərbaycana azərbaycanlılar rəhbərlik etməyib. Digər bir tarixi torpağımız olan Zəngəzur da əslində bu səbəbdən ermənilərə verilib. 1932-ci ilə qədər Zəngəzurun 4 rayonu - Mehri, Qafan, Gorus və Qarakilsə, Naxçıvanın şimal-qərb hissələri - Şərur və Dərələyəz bütövlükdə ermənilərə verilib”.

Tarixçi alim bildirib ki, Sovet Rusiyası 1923-cü ildən 1939-cu ilə qədər ermənilər lehinə çox geniş tədbirlər həyata keçirib:
“Bu illər ərzində ermənilərin xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürməsi prosesinə başladı. Onu da deyim ki, bu proses tam məxfi şəkildə aparılıb. 500 min erməni Ermənistan SSR ərazisinə köçürülüb. Bu 500 min nəfər erməni içərisindən 2000 ailə Fransa ərazisindən köçürüb.

Bütün bu prosesi Azərbaycan SSR-in ovaxtki rəhbəri erməni Mirzoyan həyata keçirib. İndiki dövrün reallıqları və siyasi düşüncəsi ilə bizə qəribə gələ bilər ki, necə olur, Azərbaycan SSR-yə bir erməni rəhbərlik edir?

1920-ci ilin aprelin 29-undan 1921-ci ilin avqustun 1-nə qədər nə az, nə çox, 48 min kütləvi repressiyaya məruz qalaraq güllələnib. Bunun əsas səbəbi isə bu şəxslərin milli dövlətçiliyə, ölkə maraqlarına və müstəqillik ideallarına sadiq olması idi. Bütün bu repressiyalar səbəbsiz deyildi. Moskva və Qars müqavilələrinə müdaxilə edildi və o sazişlərdə əksini tapan müddəalar – Naxçıvan, Şərur-Dərələyəz və Vedinin Azərbaycanın nəzarətində qalması haqda bəndə tam əməl edilmədi, Naxçıvanın sərhədləri azaldıldı, Zəngəzurun verilməsi ilə isə Naxçıvan əsas ərazimizdən aralı düşdü”.



Ana səhifəyə qayıt        Baxış: 2 644          Tarix: 16-03-2021, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma