Artıq neçə ildir “Tərtər işi” məfhumu ölkənin ictimai-siyasi həyatına daxil olub. Bu mövzu vaxtaşırı gündəmə gəlir. Prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürdükdən və hüquq mühafizə orqanlarını müvafiq göstəriş verdikdən sonra məsələ yenidən araşdırıldı. Xeyli sayda ittiham olunan şəxs bəraət aldı, neçə adam həbsdən azadlığa çıxdı. Keçirilən məhkəmədə ədalətli qərarlar verildi.
Son günlər məsələ yenidən aktuallaşıb. General Mayis Bərxudarovun korpus komandiri vəzifəsindən azad edilməsindən sonra belə iddialar dolaşır ki, o və digər generallar işdən “Tərtər işi”nə görə uzaqlaşdırılıb.
Məhkəmə prosesində Mayis Bərxudarovun, Hikmət Həsənovun və digər yüksək rütbəli zabitlərin adları işgəncə faktlarında hallanıb. Deyilir ki, bu məsələ gündəmdə olduğu üçün işgəncələrdə adları keçən hərbçilər zaman-zaman tutduqları vəzifələrdə çıxarılır.
Xatırladaq ki, “Tərtər işi”nə Milli Məclisin iclaslarında da toxunulub. Globalinfo.az həmin vaxt mövzu ilə bağlı təhlil məqalə dərc etmişdi. MM-in komitə sədri Zahid Orucun bu mövzuda çıxışı böyük rezonans doğurmuşdu. Z.Oruc “Tərtər işi”ndə adları keçən məmurları, generalları sərt dildə tənqid etmişdi, onları Prezident İlham Əliyevdən, xalqdan və işgəncə qurbanlarının ailələrindən üzr istəməyə çağırmışdı.
Zahid Oruc həmin çıxışda daha çox hərbi prokuror Xanlar Vəliyevi və keçmiş baş prokuror Zakir Qaralovu ittiham etmişdi.
Zahid Oruc
Deputatın çıxışından sitat: “Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, Ordumuzdan və qurbanlardan üzr istəməlidir”.
Xanlar Vəliyev bu ittihamlara sərt reaksiya vermişdi. Hərbi prokurorun dediklərindən sitat:
“Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?
Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni “nağıl” adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.”
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, “Tərtər cinayəti” Azərbaycanın hərb tarixinə düşmüş ən qara ləkədir.
O, belə bir işgəncənin tarixdə görülmədiyini bildirib:
“Tarixdə belə bir şey olmayıb ki, sənin öz generalların, zabitlərin elə öz hərbçilərini amansız şəkildə təhqir etsin, vəhşicəsinə döyüb-öldürsün. Bunları isə etməkdə səbəb odur ki, həmin əsgərlər 2016-cı ildə gedən Aprel döyüşlərində Azərbaycanın uğuruna imza atıblar. Bu baxımdan “Tərtər cinayətində” iştirak edən hər kəsin cəzası çox ağır olmalıdır. Zahid Oruc deyir ki, üzr istəsin və s. Bununla “Tərtər cinayətinin” qisası alına, əvəzi ödənə bilməz. “Tərtər işi”ndə iştirak edənlər Azərbaycanın ən ağır cinayət maddəsi ilə ittiham olunmalıdırlar. Çünki burada faktiki olaraq dövlətə xəyanət var. O cinayətin məqsədi ermənilərə qarşı uğur qazanan Azərbaycan oğullarından qisas almaq idi”.
Heydər Oğuz
H.Oğuz deyib ki, təkcə M.Bərxudarovla məsələ bitmir:
“Burada təkcə Mayis Bərxudarovun və ya onun kimi bir neçə generalın cəzalandırılması azdır. Ora rəhbərlik edən, onun istintaqını aparan hər kəs, o cümlədən Xanlar Vəliyev, Zakir Qaralov da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmçinin, Azərbaycanın o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov da cinayət məsuliyyətinə cəlb olunmalı və ən ağır cəzaya layiq görülməlidir. Məsələ orada təkcə hansısa bir əməliyyatın qisasını almaqdan getmir. Orada həm də Azərbaycan insanının, xalqının mənən çökdürülməsinə hədəflənmiş bir cinayət hadisəsi var. Bilirsiniz, dünyada bir neçə hərb dövləti var ki, onlardan biri də türklərdir. Hərb dövlətindən, ordusundan bu cür qisas almaq, aşağılamaq onu tamamilə məhv etmək deməkdir”.
Siyasi şərhçinin fikrincə, bir tək ermənilər əsir düşmüş insanlarımıza o cür davranmış olar:
“Bu da o deməkdir ki, atılan addımlar səni mənən yox etmək, sındırmaq, kölə etmək, millət kimi tarixdən silməyə hesablanmışdı. Həqiqətən də orduda millətin başına bu cür oyun gətiriləndə belə nəticələr əldə etmək olar. Məsələn, vikinqlər var idi, amma bu gün yoxdular. Niyə? Çünki tarixin keşməkeşlərindən süzülə-süzülə gəlib, bu günlərə çıxa bilməyiblər. Amma Azərbaycan xalqı, türk milləti gəlib çıxa bilib. Türk millətini bu şəkildə alçaltmaq, təhqir etmək o deməkdir ki, bizi sabah tarixdən silmək istəyirdilər. Ona görə də bunun cəzası çox ağır olmalıdır”.
H.Oğuzun sözlərinə görə, bu, təkcə Azərbaycan xalqının yox, həm də Türk dünyasına təhqirdir və bunun qisası onlardan alınmalıdır:
“Burada məqsəd bizi bir türk xalqı kimi tamamilə məhv etmək, köləliyə alışdırmaq idi. Bunun da arxasında təbii ki, imperialist qüvvələr, böyük ehtimalla rus imperializmi dayanırdı. Fikrimcə, bu, Vətənə xəyanətdir. Ona görə də adıçəkilən şəxslər “Vətənə xəyanət” maddəsi ilə həbs olunmalı və ən ağır cəzaya layiq görülməlidirlər”.
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: