Xəbər lenti
7.Əvvəli “Ovqat.com” saytınıın 16-19- 26. 04.2021 və 03. - 11.-17.-24. 05.2021 tarixli saylarında
 II hissə
Pasan Əli nə qədər səmimi və təvazökar olsa da, haqsızlığa, universitetdə baş verən hadisələrə münasibəti bəzi adamlar tərəfindən xoş qarşılanmır, onu dikbaş,   professor Həsənovun əleydarı kimi çuğullayırdılar. Hətta, professorr Həsənovun balta ilə çapılmasında onun əlinin olduğuna da eyhamlar vurulurdu. Lakin fakt olmadığından professor Həsənov yanındakı çuğullara onun haqqında ətraflı material toplamağı tapşırmışdı.
Pasan Əli tay-tuşlarının içində sayılıb seçilən igidlərdəndi. Tələbəlik dövrü də bəy balası kimi yaşaması diqqəti cəlb edirdi. Təzə bazarda bir neçə yer götürmüşdü, hər ay kəndlilərindən şəhərə çörək qazanmağa yeni gələn gəncləri öz himayəsinə alıb meyvə alverini daha da genişləndirirdi. Qızıldiş Mətinin Pasan Əlinin ticarət ortağına çevrilməsi sərmayəsini daha da artırmışdı. Bütün bunlar professor Həsənovun ətrafının nəzərindən yayınmır, müxtəlif vasitələrlə Pasan Əlini aradan qaldırmağa çalışırdılar. Belə bir fürsət ortaya çıxdı. Pasan Əli çoxdan həvəsində olduğu 03 markalı jiquli maşını aldı. Maşın almamışdan çox fikirləşmişdi, bilirdi ki, maşın alanlar mütləq orqanlar tərəfindən izlənilir, hansı qazanc və pulla alındığı araşdırılırdı. Sovet hökumətində azad ticarət qadağan olunmuşdu, kənd təsərrüfatı məhsullarını kənd sovetinin arayışı əsasında  kəndlilər sata bilərdi. Bu, guya ki, möhtəkirliyə qarşı aparılan mübarizə vasitəsiydi. Halbu ki, ən iyrənc bir üsul kimi azad ticarəti buxovlayırdı. O cümlədən ev almaq, ev tikmək, maşın almaq həvəsinə düşmədən öncə gərək bir kisə daşdan keçən sənəd düzəldəydin. Pasan Əli də bütün bunları bildiyindən, maşın almadan öncə uduşlu lotereya almağı planlaşdırmışdı. Belə hallar çox olurdu, lotereyası maşına düşənlər onu qara bazarda 2-3 qat artıq qiymətə sata bilirdilər.  Bu işdə Qızıldiş Məti Pasan Əlinin köməyinə yetdi. Qızıldiş Mətini qara bazarda tanımayan yoxdu, “cücəli toyuq” – tapançadan lotereya alverinə qədər kimə nə lazım olsa tapa bilirdi. Pasan Əliyə 25000 (iyirmi beş min) manata 03 markalı jiquli maşının lotereyasını Qızıldiş Məti ikicə günün içində tapıb aldı. Pasan Əli çoxdan həsrətində olduğu belə gözəl bir maşının  sükanı arxasında özünü dünyanın ən xoşbəxt bəndəsi sayırdı. Maşının da ayağı düşərli olmuşdu, heç 3 ay çəkmədi ki, maşına verdiyi pulu qazana bildi. Pasan Əlinin ətrafına yığışanların sayı günü gündən artırdı. Hər gün zabitlər bağındakı kafedə yeyib, içmək dəstgahı düzəlir, bütün xərcləri də Pasan Əli çəkirdi. Qızıldiş Məti Pasan Əlini Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı ilə də tanış eləmişdi. Bu əməkdaşlar bir başa bazar ilə əlaqəliydilər, hər ay da bazarın kölgə mənsublarından haqq alırdılar. Haqq verən mənsublardan biri də Pasan Əliydi. Pasan Əli zirək, mərd və səxavətliydi. Son zamanlarda universitetə təzə maşında gedib gəlməsini gözü götürməyənlər professor Həsənovun diktəsi ilə onun haqqında anonim şikayət məktubları yazdılar. Pasan Əlinin hər addımı izlənilirdi.
Zabitlər bağındakı kafedə Qızıldiş Məti Pasan Əlini gözləyirdi. Pasan Əli universitetdən çıxanda saat 14 – ü təzəcə ötürdü. Axşamdan şərtləşdiklərinə görə nahar vaxtı kafedə görüşəcəkdilər. Pasan Əli vaxt itirmədən maşını Zabitlər bağına tərəf sürdü. Qızıldiş Məti Pasan Əlini görcək xidmətçiyə yemək sifarişi verdi. Pasan Əli stola yaxınlaşanda ayağa durub salamlaşdı:
-         Xoş gəldin. Yubandıq bir az...
-         Bir şey olmaz... istəyirsən gedək...
-         Yox. Çörək yeyək, sonra gedərik...
-         Olsun... düzünü desəm, heç yeməyə o qədər də meylim yoxdu.
-         Bəlkə bir yüz vurasan, iştahın açılar...
-         Yox. İstəmirəm, bir tikə yüngülvarı nəsə yeyib duraq...
-         Yaxşı...
Xidmətçi stola çörək, pendir, göyərti, salat düzdü, bir şüşə “Badamlı” mineral suyu, iki stakan qoydu. Qızıldiş Məti soruşdu:
-         Kabablarımız nə oldu?
-         Bu dəqiqə gətirirəm...
Xidmətçi getdi, tez də əlində bir nimçə kababla geri qayıtdı. Pasan Əli bir tikə kabab yeyə-yeyə fikrə getmişdi. Nə isə səhərdən əhvalında baş verən dəyişikliyi sezirdi, ürəyi narahat idi. Qınayan olmasa, günün günorta çağında gedib yatardı. Qızıldiş Məti xidmətçini çağırıb yeməyin hesabını verdi, ayağa durdular. Pasan Əli soruşdu:
-         Hara gedirik?
-         Kubinkaya sür.
Pasan Əli maşını təzə bazarın yanından geriyə döndərdi, kubinkaya girdilər, bir  mərtəbəli göy qapılı evin yanında dayandılar.
-  Burada gözlə, gəlirəm, - deyib Qızıldiş Məti göy qapıya yaxınlaşdı. Qapı döyülməmiş açıldı, Qızıldiş Məti içəri keçdi. Beş dəqiqə keçməmiş Qızıldiş Məti bir qutu ilə qayıtdı, qutunu maşının yük yerinə qoyub özü Pasan Əlinin yanında oturdu:
-         Amerikan badamıdır...
Qızıldiş Məti döş cibindən qatı açılmamış iki ədəd yüzlük banknot bağlısını
çıxarıb maşının əlcək bölməsinə yerləşdirdi.
-         Bu da iyirmi min manat, hərəmizə on min manat, necədi?..
-         Allah bərəkət versin...
Kubinka Bakının mərkəzində əsasən bir mərtəbəli evlərin yerləşdiyi əraziydi. Burada dünyanın super kapitalist ölkələrində istehsal olunan, Sovet İttifaqına az-az gələn istənilən malı tapmaq olardı. Bayırdan baxanda evlərin miskin görkəmi könül bulandırsa da, içəridə ayaqqabıdan başlamış palto, plaş, qadın geyimləri, müxtəlif fransız ətirləri, bahalı xarici içkilər, siqaretlər, konfetlər, quru meyvələr və s. satılırdı. Bu sadalanan malların hamısı sovet ticarət sistemi ilə Bakıya gətirilirdi, amma gətirilən kimi də altdan kubinkaya ötürülür, bazarlara çıxarılırdı. O vaxt bunu Bakıda bilməyən yoxdu, deyirdilər ki, kubinkanı Ənnağı idarə edir. Ənnağı nazik, cılız bir adam idi, bərk külək əssə yıxılardı, amma sözünün üstünə söz deyən yoxdu. Hamı Ənnağıdan ehtiyat eləyirdi, çuğullamasından qorxurdular. Belə adamlara xəlvətdə “suka”, adam içində “şef” deyirdilər.  
Kubinkadan çıxıb Təzə Bazara tərəf döndülər, Pasan Əli maşını saxlayıb enmək istəyirdi ki, şəhər milis şöbəsinin iki nəfər  əməliyyatçısı onları əhatəyə aldı.  Maşını şəhər milis şöbəsinə sürdürdülər, sanki gələcəklərini gözləyirmiş kimi milis kapitanı o anda həyətə çıxıb əməliyyatçıları qarşıladı. Kapitanın göstərişi ilə maşında axtarış apardılar, əlcək bölməsində olan iyirmi min manatı qoltuğunda saxladığı qara rəngli papkaya yerləşdirdi. Maşının yük yerindən çıxan on kiloluq badam qutusunu dəlil əşya kimi əməliyyatçılardan birinə onun otağına qaldırmasını tapşırdı.
***
           Pasan Əlinin Qızıldiş Mətiylə milis əməliyyatçıları tərəfindən saxlanması xəbəri bazarda ildırım sürətiylə yayıldı və quru meyvə satanların hamısının üzündə təşviş yarandı. Bir müddət bundan əvvəl satıcılıq edən kənd uşaqlarından ikisini də ilişdirmişdilər. Amma heç kəs Pasan Əliylə Qızıldiş Mətinin də tutula biləcəyini güman belə etməzdi. Onlar heç vədə satıcılıq etmirdilər, ayaq üstə gəzirdilər, xüsusən də Qızıldiş Məti çox tanınmış və hörmətli bir adam olduğuna görə əksər gənclər ona əmi deyirdilər. Bazara əməliyyatçılar tərəfindən (oblava) basqın  olacağı haqqında şaiyələr dolaşmağa başlamışdı. Satııcılar bir an içində amerikan badamı, kışı, xaricdən gələn qara kişmiş və s. bu kimi şeyləri rəflərin üstündən yığışdırıb gizlətməyə çalışırdılar.  
           Ənnağa xəbəri eşitcək bazarın müdirinin yanına getdi. Müdiriyyət bazarın yuxarı başında yerləşirdi. Ənnağa içəri girən kimi müdir ayağa qalxıb yer göstərdi, otaqda ayaq üstə olan bir neçə nəfərə əlinin arxası ilə çıxmaq işarəsi verdi. Ənnağa divarın dibində qoyulmuş divana yayxandı. Müdir daxili telefonla katibə qıza qonaq üçün çay gətirməsini tapşırdı və gəlib Ənnağanın yanında oturdu:
-         Xoş gəlmisən...
-         Nə var, nə yox, qədeş... necəsən?
-         Şükür, Ənnağa, sən necəsən?
-         Belə də, qədeş... deyirəm axırı nə olacaq e, bu dünyanın?..Sən oxumuş
adamsan da, bilərsən...
         Katibə gümüş nimçədə iki xrustal armudu stakanda çay gətirib divanın qarşısındakı mizin üstünə qoyub çıxdı.
Müdir, -  çayını iç, -  dedi, dünyanın işi bizə qalmayıb ki...
-         Yenə də olsun də... Xəbərin var?..
        Telefon zəng çaldı, müdir qalxıb telefonunu dəstəyini qaldıran kimi Qızıldiş Mətinin səsini tanıdı. Müdir, - özü də burdadır, bu dəqiqə verim, - dedi, Qızıldişdi, səni istəyir. Ənnağa yerindən qalxıb müdirin stoluna yaxınlaşdı, telefonun dəstəyini alıb , - alo, - dedi. Dəstəkdən Qızıldiş Mətinin boğuq və həyəcanlı səsi gəlirdi. Ənnağa, - naraxat olma, qədeş, hindi gəlirəm,- deyib telefon dəstəyini yerinə qoydu:
-         Qızıldişi ilişdiriblər, köməy isdəyir, gedim, görüm, neynirəm, sağ ol,
qədeş... 
        Ənnağa otaqdan çıxdı, müdir onun arxasınca örtülən qapıdan gözlərini ayırmadan düşünürdü.
***
Ərsən yenicə mühazirə auditoriyasının qapısından içəri girmək istəyirdi ki, Mətləb onu saxladı:
-         Xəbərin var?
-         Nədən?
-         Pasan Əlini universitetdən atdılar eşiyə...
-         Nə danışdığını bilirsən?..
-         Hə də,.. belə də olmalıydı...
-         Niyə, nə olub?
-         Day nə olacax ki... gözü ayağının altını görmürdü, jiquli, piyanıskalıx,
professor Həsənovun arxasınca danışmaq, day nə olasıydı ki, axırı da belə olar, ilişdi...
-         İlişdi? Necə yəni ilişdi?
-         İlişdi də, başa düşmürsən, iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsinin
milisləri qollarını qandallayıb aparıb basıblar qoduxluğa... universitet də belə getdi...
-    Sevinirsən? 
-         Yox e... amma...
Ərsən daha Mətləbi dinləmədi, çoxdan yollarının ayrıldığını duyur, onun getdikcə simasızlaşması ürəyini ağrıtsa da, düşdüyü professor Həsənovun bataqlığından çəkib çıxartmağın mümkünsüzlüyünü təəssüflə hiss edirdi. Ərsən Mətləbin əlindən yapışıb kənara çəkmək istədikcə o qaçır, professor Həsənova daha da yaxınlaşırdı.
Ərsən auditoriyaya girməyib geriyə qayıtdı. Səhər-səhər aldığı bəd xəbər onu çox sarsıtdı. Universitetin qapısından küçəyə çıxan kimi bir taksiyə oturub Təzə bazara sürdürdü.
Məlum oldu ki, Ənnağa maşından götürülən iyirmi min manatdan əlavə on min manat da alıb lazımi adamlara çatdırıb və Qızıldiş Mətini azad etdirə bilibdi. Şərt də belə olub ki, ikisindən biri cəzalanmalıdır; ya Pasan Əli, ya da Qızıldiş Məti. Razılıq da olmasa, kollektiv cinayət kimi hər ikisi daha ağır cəzalara çatdırılacaqlar. Pasan Əli “günahı” öz üzərinə götürməklə həbs olunubdur. Ərsən bazarda dayanmayıb Pasan Əlini görmək məqsədiylə şəhər milis şöbəsinə yollandı. Yol boyu xəyalında Pasan Əlinin bir tikə çörək qazanmaq üçün hansı zəhmətlərə qatlaşdığını xatırlayırdı. Pasan Əli demək olar ki, gecələri yatmırdı.
Ərsən özü də orta məktəbdə oxuyanda Şahsənəm ananın ala inəyin südündən hazırladığı yağ, pendiri, həyətlərindən yığdıqları gilası, əriyi, şaftalını aparıb rayon bazarında satıb pula çevirməyin necə məşəqqətli bir iş olduğunu dəfələrlə görmüşdü. Bəzən müştərilər insafsızcasına almaq istədikləri məhsulu evlərinə qədər götürmək məsuliyyətini də Ərsənin üzərinə qoyurdular. Ərsən rayon mərkəzinin dolanbac küçələrində kilometrlərlə yolu bu məhsulları daşımaq məcburiyyətində qalırdı. Cılız bədəni uzun zaman yük altında əzilir, gecələr belinin, ayaqlarının ağrısından gözlərini belə yuma bilməsə də, özünü tox tutur, acılarını anasından gizləməyə çalışırdı. Pasan Əli də son bir ilə - Qızıldiş Mətiyə rast gələnə qədər bazar həyatının belə əzabları ilə yaşayırdı. Son bir ildə Qızıldiş Məti, demək olar ki, Pasan Əlini özünə şərik edərək onun işinin bir qədər yüngülləşməsinə səbəb olmuşdu. Elə jiquli maşınını da Pasan Əli Qızıldiş Mətinin sayəsində ala bilmişdi. Amma orası da vardı ki, Qızıldiş Mətinin ticarəti əhatəli olsa da, həm də hər an həbs kimi təhdidlərlə doluydu.
Pasan Əli bütün bunları bilə-bilə oyunun içinə girmişdi. Nəticə də on kiloluq bir qutu badam içinin “qazancı” bir il altı aylıq həbs cəzası oldu. Pasan Əli günahı öz boynuna götürməklə həm Qızıldiş Mətini, onun ailəsini qorudu, həm də mərdliyi və mətanətini bir daha sübuta yetirdi. 
***                                                                                               
         Pasan Əlinin həbs olunmasından heç bir həftə keçməmişdi ki, universiteti silkələyən bir xəbər yayıldı. Bu dəfə professor Həsənovun qərəzi universitetin gənc müəllimi, azad fikirli, müstəqillik düşüncəsini amalına çevirib gənc nəslin mübariz vətənpərvərlik hissləri ilə zənginləşməsində müstəsna rolu olan Əbülfəz müəllimin həbsi ilə nəticələndi. Xüsusi öyrədilmiş bəzi tələbələr Əbülfəz müəllim haqqında çuğulluq etdilər. “Sovet hakimiyyətinə qarşı təbliğat aparmaqda, gənclərin şüurunun zəhərlənməsində müstəsna xidmətlər göstərdiyinə” görə disident adlandırılan Əbülfəz müəllimin həbsi azadlıq eşqi, gələcəkdə müstəqil Azərbaycan dövlətinin qurucuları olmaq arzusu ilə ilə yaşayan tələbələrin arasında böyük sarsıntı yaratdı. Tələbə yataqxasında axtarışlar başladı. Ərsənin otağında kitablarını bir-bir vərəqlədilər, dövlət əleyhinə yazı, məqalə, xüsusilə o zaman tələbələrin içində  geniş yayılmış, Məhəmməd Hüseyn Şəhriyarın “Azərbaycan” şeirini və Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını  axtardılar. Lakin heçnə tapa bilmədilər. Ərsən bu tipli yazıları rayona gedəndə özü ilə aparmışdı, oradakı gəncləri təlimatlandırmaq daha vacib idi. Özü isə bunları əzbər bilirdi. Bu ərəfədə Bəxtiyar Vahabzadənin də saxlanacağı haqqında şaiyələr yayılırdı. Bir müddət Bəxtiyar Vahabzadə doğrudan da aralıqda görünmədi. Hamı səksəkədəydi, hər dəqiqə, hər an kimisə apara bilərdilər. Ölkənin ən böyük ali təhsil müəsisəsində baş verən hadisələr gündəmi zəbt etmişdi, ümid və nigarançılıq bir birini əvəz edirdi.  
 
***
Pasan Əlini bir neçə gün Bayıl türməsində saxladıqdan sonra Qaradağ daş karxasında işləməyə göndərdilər. Burada məhbuslar ən ağır işlərdə çalışdırılırdı. Əbülfəz müəllimi də Qaradağa daş karxasına işləməyə göndərmişdilər. Burada bir barak düzəltmişdilər. Məhbuslar burada yaşayır, işləyirdilər. Əbülfəz müəllim buraya gələndən sonra məhbusların içərisində həyata baxış tədricən dəyişilməyə başladı. Əbülfəz müəllimin tarixdən gətirdiyi misallar, qəhrəmanlar haqqında söhbətləri insanları ruhlandırırdı, onlarda gələcəyə ümid yaradırdı. Əbülfəz müəllim deyirdi ki, tezliklə sovet rejimi dağılacaq, Azərbaycan müstəqil dövlət olaraq dünya dövlətləri arasında öz yerini tapacaqdır.  Bir zaman gələcəkdir ki, Bütöv Azərbaycan yaranacaqdır.
Əbülfəz müəllimin söhbətləri məhbusları o qədər maraqlandırırdı ki, tez-tez ona suallar verirdilər. Hər kəs Azərbaycanın gələcəyi ilə bağlı öz fikrini deyir, mütləq Əbülfəz müəllimin onu dinləməsini, münasibət bildirməsini istəyirdi. Əbülfəz müəllimin  sadə rəftarı, hər kəsə xoş münasibəti, dünya hadisələri ilə bağlı maraqlı düşüncələri onu liderə çevirirdi. Pasan Əli Əbülfəz müəllimi diqqətlə dinləyirdi. Əbülfəz müəllim universitetdə  deyə bilmədiklərini və ya demək istəmədikləri məsələləri də burada məhbusların arasında çəkinmədən söyləyir, sanki onları gələcək mübarizələrə hazırlayırdı. Pasan Əli əvvəllər həbs olunmasının peşimanlığını yaşasa da, Əbülfəz müəllimin söhbətlərini dinlədikcə mətinləşir, gələcək mübarizələrdə özünə rol axtarırdı. Əbülfəz müəllimin hərdən xəyala getməsi, baxışlarını bir nöqtəyə zilləyib uzun zaman sükunət içərisində düşünməsi məhbusları da sakit – sakit düşündürürdü. Pasan Əli imkan düşən kimi Əbülfəz müəllimə yaxınlaşır, onu narahat edən məsələlər haqqında suallar verir, fikir mübadiləsi etməyə çalışırdı. Bir dəfə aralarında belə bir söhbət oldu:
-         Müəllim, siz professor Həsənovun hərəkətlərinə necə baxırsınız?
        Əbülfəz müəllim Pasan Əliyə “bəy” deyə müraciət etdi:
-         Bəy, belə təsəvvür edək. Cəmiyyətdə nə qədər Həsənov kimi adamlar var?
Çoxdu, amma hamı Həsənov kimi deyil axı. Cəmiyyətdə sağlam fikirli adamları da var. Həsənov kimilərin yerinə bu gün o sağlam fikirli adamlar gətirsən də, məsələ həllini tapmayacaqdır. Ya o sağlam adam işləyə bilməyəcək, ya da çevrilib yeni bir Həsənov olacaqdır. Bilirsiniz niyə? Çünki bu quruluş, bu rejim onu tələb edir, cəmiyyətdə qayda-qanun yaratmaq üçün ilk növbədə quruluşu dəyişmək, demokratik dövlət qurmaq lazımdır. Dünyada müxtəlif praktikalar olubdu, Həsənov kimiləri aradan götürmək, teror etmək, bir padişahı devirib guya daha ədalətlisini gətirmək, amma bunların heç biri özünü doğrultmayıbdı.
-         Bəs onda nə etməliyik?
-         Kökündən dəyişikliklər edilməli, ilk növbədə müstəqilliyimizə nail
olmalıyıq. Sonra da demokratik seçki yolu ilə hökumət qurmalıyıq. Bizim və gənc nəslin qarşısında dayanan ən mühüm vəzifə budur. Aydındır, bəy?!.
Bu söhbəti dinləyən məhbuslardan biri belə dedi:
         - Siz hamıya “bəy” deyirsiniz. Biz necə bəyik ki, burada bizi qul kimi işlədirlər, həm də bura düşənlərin əksəriyyəti günahsızdır.
         - Bəylik varlı olmaq, yaxşı geyinmək, əlini ağdan qaraya vurmamaq anlamında deyil. Bəylik insanın vicdanında, qürurunda, mənliyində, vüqarında, səxavətində, cəsarətində, saflığında olmalıdır. Siz hər biriniz bir bəysiniz. Siz təmiz adamlarsınız, bax. burada da namusla, qeyrətlə çalışırsınız. Təsəvvür edin ki, biz bir adaya düşmüşük, acından ölməmək üçün qida əldə etməliyik. Qida isə çox ağır zəhmət və əzabların nəticəsində əldə edilirsə, oturub ölümümüzü gözləməliyikmi? Biz də burada yeyəcəyimiz çörəyi çıxardırıq, bu çox ağır və əzablı işdir, amma biz ruhdan düşməməliyik, vüqarlı olmalıyıq, dözməliyik, zaman gələcəkdir ki, ölkəmizdə müstəqil dövlət qurub,azad yaşayacayıq. O zaman bu günlər acı bir xatirə kimi arxada qalacaqdır. Biz ulu türk qövmünün varisləri kimi hələ sözümüzü dünyaya deməmişik. Bizim babalarımızın keçdiyi şərəfli və müqəddəs yol var. O yol Tomrisin, Atillanın, Mətənin, Bayandır xanın, Dədə Qorqudun yoludur. O yol bizim yolumuzdur, o şərəfli tarix bizim tariximizdir. Biz mütləq o yola qayıdacayıq! Böyük türk şairi Ahmet Kutsi Tecer demişkən:
Orda bir yol var, uzaqda
O yol bizim yolumuzdur.
                            Dönməsək də, varmasaq da,
                            O yol bizim yolumuzdur.
- Bəy, siz çox nikbin adamsınız, - Pasan Əli dedi, - siz danışanda bizdə də sabahkı günə ümidlər yaranır. Biz öz keçmişimizə qayıdırıq, böyük türk dünyasını görürük, sizin simanızda böyük türkü görürük. 
O gün Pasan Əlinin uçmağa qanadı çatmırdı. Əksər məhbusların gözlərində həyat işığı alovlanırdı. Əbülfəz bəy hər bir məhbusun qəlbinə yol tapmışdı, Pasan Əli uzun zaman daxilində “bəylə” danışır, daha çox suallar verir, cavablar alırdı.
  
***
Pasan Əli o gecə oturub Ərsənə uzun-uzadı bir məktub yazdı. “Əziz dostum, qardaşım Ərsən, nə qədər xoşbəxt olduğumu, bəlkə də, təsəvvür belə edəməzsən. Mən ilk günlərdə həbsxana həyatına alışa bilmir, çox darıxırdım. Bizi Qaradağa daş karxanasına gətirəndən sonra Əbülfəz müəllimin də tutularaq buraya göndərildiyini öyrəndim. Müəllimimizin həbs xəbəri məni üzsə də, tezliklə onunla görüşməyə can atırdım. Elə oldu ki, məni də Bəyin (burada Əbülfəz müəllimi belə çağırırlar) olduğu kalona yazdılar. Burada yüzlərlə məhbus var, onların əksəriyyəti günahsızdır, sadəcə söhbətlərlə islah oluna bilərdilər, lakin müxtəlif bəhanələrlə həbs ediliblər. Bəy universitetdə olduğu kimi burada da böyük nüfuz qazanıbdır. Hətta, türmənin rəisidən sıravi gözətçilərinə qədər hamı  Bəyə ehtiramla yanaşır, yeri düşdükcə onu dinləməyə çalışırlar.  Bəyin universitetdə demədikləri elə həqiqətlər var ki, onları mən ilk dəfə eşidirəm. Demək olar ki, Bəy hər gün bizə ulu türkün qədim tarixindən danışır. Yorğunluğumu unuduram, gələcəyə nikbinliklə baxıram. Bəy deyir ki... amma hər sözü yazmaq istəmirəm, inşallah görüşəndə ətraflı danışarıq. Sağlıqla qal. Əli.
***                               
“Su çanağı suda sınar” deyirlər. Mətləb professor Həsənovun yanından çıxandan sonra çoxdan qurduğu tora düşmüş Mehribanın görüşünə tələsdi. Ancaq bu dəfə onu düşünmədiyi sürprizlər gözləyirdi. Mehriban öz əmisi oğluna nişanlanmışdı, başına gələn əhvalatları, Mətləbin onu necə aldatmasını tam səmimiliklə öz gələcək həyat yoldaşına danışmışdı. Mətləb Mehribanın kirayə qaldığı bir otaqlı mənzilin qapısını astaca barmaqları ilə taqqıldadıb gözlədi. Qapını Mehribanın nişanlısı açdı. Mətləb qarşısında cavan və cüssəli bir gənc görüncə çaşdı, “bağışlayın” sözü ağzında yarımçıq qaldı. Sifətindən aldığı yumruq zərbəsindən burnu yapalaq kimi partladı, qan fışqırdı, arxası üstə yerə sərildi. Səsə Mehriban və qonşular çıxdılar, Mətləb yerdə çırpınır, vurulan təpiklərdən üz-gözünü qorumağa çalışırdı. Mehriban nişanlısına yalvarmağa başladı:
-         Ələkbər, vurma, bəsdir, öldürəcəksən...
-         Belə əclaflar ölməlidir elə...
Mehriban daha dözə bilməyib özünü Ələkbərin qabağına atdı, onun qollarından tutub saxlamağa çalışdı. Ələkbər isə hələ də yerdə leş kimi uzanan Mətləbi təpikləyirdi:
-         Küçük, səni bir də bu şəhərdə görsəm, öldürəcəyəm, rədd ol, buralardan...
Mətləb ayağa qalxmaq istəsə də, müvazinətini saxlaya bilməyib bir neçə pilləni yuvarlanıb yıxıldı. Mehriban Ələkbərin qolundan yapışıb mənzilə çəkdi, mənzilin qapısı arxasınca şaqqıltı ilə örtüldü. Mətləb aşağıdan yuxarıya örtülən qapıya axırıncı dəfə baxırdı.
***
Universitet illəri başa çatdı. Ərsən təyinat ilə vilayət qəzetinə işə göndərildi. Qəzetin redaktoru Ərsəni müxtəlif mətbuat orqanlarındakı çıxışlarından qiyabi olaraq tanıyırdı, üzbəüz ilk tanışlıqdan da məmnun oldu, xeyli söhbət etdilər. Söhbətin yekunu Ərsənin redaksiyada müxbir kimi işə başlaması ilə nəticələndi. Tələbəliyin iqtisadi çətinliyindən qurtarmış Ərsənin 140 manat əmək haqqı, hər ay 80-90-manat qonarar alması vəziyyətini xeyli yaxşılaşdırdı. Redaktor yaxşı adam idi. Ərsənin gələcəkdə mənzillə təmin olunmasına da söz vermişdi. İndi də axtarıb bir otaq kirayə götürdü və yaşamağa başladı. Ərsənin həyatında uğurlu addımlar atılırdı. Hər uğurun, hər qələbənin öz sevinci var idi.
Ərsən gecə-gündüz yorulmadan işləyir, nədən yazırsa-yazsın dərinliklərə gedir, problemlər qaldırır, həlli yollarını açıb göstərirdi. Hər bir rayonun, kəndin spesifik xüsusiyyətlərini öyrənir, bu sahədə axtarışlar edir, məqalələrində kənd təsərrüfatının bugünkü inkişaf perspektivlərini tam aydınlığı ilə açmağa çalışırdı. Yazdığı məqalələr, qaldırdığı problemlər Murtuzovun da diqqətini cəlb etmişdi. Təsadüfi deyildir ki, bir neçə dəfə Murtuzovun göstərişi ilə Ərsənə çıxış verilmişdi. Murtuzov yekun sözündə onun çıxışları ilə əlaqədar öz fikirlərini söyləmiş, mətbuatın, radionun öz işini bu səpkidə qurmasını tövsiyə etmişdi. Bütün bunlar Ərsənin qəlbini fərəh hissi ilə doldurur, onu daha dolğun, daha yetkin məsələlər qaldırmağa sövq edirdi.
Bir dəfə zəng edib Ərsəni Murtuzovun qəbuluna çağırdılar. Ərsəni vilayət partiya komitəsinin təbliğat və təşviqat şöbəsində çox səmimi qəbul edib yer göstərdilər. Şöbə müdiri onun işi, ailə, məişət məsələləri ilə maraqlanıb daxili telefonla Murtuzovun köməkçisinə məlumat verdi.
Ərsən nə məsələ ilə əlaqədar çağırıldığını soruşsa da heç kəs ona dəqiq məlumat verə bilmədi. Sadəcə olaraq şöbə müdiri dedi ki, gözlə, yoldaş Murtuzov özü qəbul edəcək səni.
Ərsən nahara qədər gözlədi, amma Murtuzovdan xəbər çıxmadığını görüb şöbə müdirindən getmək üçün icazə istədikdə şöbə müdiri bildirdi:
– Sən nə danışırsan, gözləməlisən, lap gecə yarıya qədər də olsa gözləməlisən. Səni yoldaş Murtuzov şəxsən qəbul edəcək.
Sonra da onu təlimatçıların otağına gətirib “burda gözlə”, – dedi. Yoldaş Murtuzovun qəbulu çox uzun çəkirdi. Ərsən gözləməkdən bezikir, dəhliz boyu gəzir, qəzet oxuyur, saata baxır, hərdən də təlimatçıların ara-bərə söhbətlərinə qarışır, vaxtını heç cürə keçirə bilmirdi. Siqaret çəkmək istəyirdi. Siqaret çəkmək üçün isə ancaq tualetdə icazə verilirdi. Ərsən isə hər dəfə siqaret çəkmək üçün tualetə getməyi özünə sığışdıra bilmir, daxilində odsuz-tüstüsüz yana-yana qalırdı.
Qəribəydi bu təlimatçılar da, ya kağız-kuğuzun içində eşələnir, ya o otaqdan bu otağa girir, söhbət eləyir, çay dəmləyib içir, Ərsəni həyətə çıxıb təmiz hava almağa da qoymurdular. Katib hər dəqiqə çağıra bilərdi.
Hərdən daxili telefonlardan biri zəng vururdu. Bu zaman təlimatçılar saman çöpü kimi quruyub nəfəs də almadan gözləyir, biri də telefona cavab verirdi. Zəngdən sonra yenidən çaxnaşma düşür, ora-bura zəng eləyir, məlumat istəyir, yazır, hazırlayır tez-tez maşın büroya qaçırdılar. Məlumatı maşın büroda oturan qızlara makinada yazdırıb şöbə müdirinə çatdırandan sonra sakitləşib rahat nəfəs alırdılar, sevinirdilər. Elə bil nəsə böyük bir iş görmüşdülər, ya da ki, bunların çiynində olan dağ boyda ağır yükdən xilas olmuşdular. Təlimatçıların belə tez-tez, ləngimədən, sevinə-sevinə gördükləri işlər bir müddət Ərsəni fikirdən ayırıb məşğul edirdisə də, bu, çox da uzun çəkmir, yenidən fikir aləmi onu öz ağuşuna alırdı.
Saat dörd oldu xəbər çıxmadı, beş oldu xəbər çıxmadı. Görünür Murtuzovun başı ya mühüm dövlət işləri ilə çox qarışıq idi, ya da elə belə gözlətməkdən həzz alırdı. Ərsənin isə qəlbindən min cür xəyallar keçir, Murtuzovun onunla görüşməsinin səbəbini özü üçün aydınlaşdırmaq istəyir, amma nə qədər fikirləşirdisə bir nəticə çıxara bilmir, əlacı gözləməkdən başqa bir şeyə qalmırdı. Şöbə müdiri, təlimatçılar da heç nə bilmir və ya bilsələr də mühim dövlət sirri kimi gizli saxlayır, heç nə demirdilər.
Ərsən son vaxtlarda hərəkətlərini götür-qoy edir, süzgəcdən keçirir, lakin elə bir nöqsanlı, qəbahət işə yol vermədiyi qənaətinə gəlsə də, rahatlıq tapa bilmirdi. Bəlkə yazılarında qaldırdığı problemlərdən, təşəbbüslərdən hansındansa Murtuzovun xoşu gəlməyibdir. Yox, belə söhbət ola bilməzdi. Lap elə tutaq ki, belə bir şey olsaydı, daha o boyda dağdan ağır kişi belə bir xırda məsələdən ötrü özü əziyyət çəkərdimi? Əgər belə bir iş olsaydı, səhərdən axşama qədər kişinin hər bir balaca göstərişini canla-başla yerinə yetirməkdən ötrü sinoy gedən təlimatçılara tapşıra bilməzdimi? Görünür məsələ daha ciddi idi. Bəs nə idi? Axşam saat altı oldu, yeddi oldu, səkkiz oldu. Lakin Murtuzov hələ də onu çağırmırdı. Təlimatçılar da oturub söhbət eləyirdilər. Deyəsən heç biri evə getməyə tələsmirdi. Görəsən bunların ailələri yox idimi, yoxsa bu adamlar hər şey ilə təmin olunmuşdular. Ona görə də evə getməyə tələsmirdilər. Yəqin ki, bütün qayğılardan da azad idilər. Eşitmişdi ki, burda işləyənlərə bəzi güzəştlər verilirdi. Məsələn, elə götürək mənzil məsələsini. Çox da böyük bir şəhər olmasa da burada 3 mindən çox adam ev  növbəsinə dayanmışdı. On – on beş ilinən növbədə olanlar var idi ki, ev ala bilmirdilər.
Bir dəfə yolu şəhər sovetinə düşmüşdü. Adamları yarıb sədrin yanına girmək mümkün deyildi. Qoca, cavan, oğlan, qız, kişi, qadın, uşaq - hamısı bir-birinə qarışmışdı. Hər ağızdan bir cür avaz çıxırdı. Dünyanın ən pis sözlərini də burda eşitmək olardı. Deyirdilər belə günlərdə sədr qorxusundan kabinetindən bayıra çıxa bilmirdi. Heç nahara da getmirdi. Bu günlər sədrin vay günü idi. Belə günlərin birində sədri harasa çağırırlar. Qapıdan çıxıb getmək istəyəndə şikayətçilərin hamısı düşür sədrin üstünə. Biri dartır, biri söyür, hərəsi bir həngamə çıxarır, yazıq sədri elə günə salırlar ki, bir ay yorğan-döşəkdən dura bilmir. Yaxud da elə gedib-gəlməkdən, süründürməçilikdən bezən adamların bəzisi heç sədri saymadan, order almadan gedib təzə tikilən mənzillərdən birinə soxulub yaşayırdı. Şəhər sovetində də həmin mənzilin orderini başqa adama yazırdılar. Bu bədbəxt də gəlib qalırdı mənzilin qapısında. Di gəl bu mənzili boşalt görüm, necə boşaldırsan?  Şəhər soveti, milis şöbəsi, ictimai təşkilat qalmırdı, hamısı biri-birinə dəyir, bir çaxnaşma düşürdü gəl görəsən. Lap elə bu yaxınlarda on bir uşaq anası Fatma arvad da belə bir iş eləmişdi. Şəhər sovetinə ayaq döyməkdən yorulan Fatma arvad təzə tikilmiş binada 4 mənzilli bir otağı tutmuş, uşaqlarını yığıb töküb içəriyə, əlinə də balta alıb oturmuşdu qapıda. Neyləsin uşaqları çöldə qalmayacaqdı ki... Qarşıdan da qış gəlirdi. Amma bu “ağ” binanın işçilərinə heç altı ay çəkmirdi ki, mənzil verirdilər.  Yaxud elə ərzaq məhsullarından kərə yağını götürək. Yağın bu tapılmayan, talon ilə işləyən adama kilo yarım verildiyi vaxtda bunların hər birinə 5 kilodan az vermirdilər. Hələ şöbə müdirləri, katiblər daha çox alırdılar. Yağlı yediklərindən idi ki, yağlı sifətləri də işıl-işıl işıldayırdı. Bunlar ağ adamlardı. Ərsən ağlına “ağ” sözünün hardan gəldiyini də yaxşı xatırlayırdı. Universitetdə də “ağ adamların uşaqları” ifadələri işlədirdilər. Varlı, harın məmur uşaqlarını tələbələr belə adlandırırdılar.
Ərsən indi ağ uşaqların atalarına baxırdı. Bu adamların köynəklərinin varatnikləri şax pul kimi dümdüz dururdu. Özləri də dünbələmdüz gəzir, dünbələmdüz də hərəkətlər edirdilər. Deyərdin ki, bəlkə bunları dünbələmdüz bir ağaca bağlayıblar ki, o tərəf bu tərəfə əyilməsinlər. Elə o tərəf bu tərəfə əyilə bilməsəydilər özləri kimi işləri də dünbələmdüz olacaqdı. Amma deyəsən hərdənbir əyilirdilər, çünki bəzən elə yerə getməyə məcbur olurdular ki, orda mütləq əyilməli olurdular, yoxsa əyilməsəydilər nəinki olmazdı, hətta bütün işləri korlayar, özləri kimi dünbələmdüz olan paltarlarını da korlayardılar. Əlbəttə, hərdənbir əyilmək də lazım idi. Görünür bunu elə təbiət belə yaratmışdı, insanlar da hardasa bir çıxış yolu tapdılar, yoxsa elə bu dünbələmdüz hərəkətlər ilə bir-birlərini vurub öldürər, gözlənilməyən nəticələrə gətirib çıxarardılar. Onların bir də əyildikləri Murtuzovun telefon zəngi gələn zaman olurdu. Bu zaman işçilər sanki Murtuzovun qəbulunda hesabat verir kimi iki qat əyilirdilər. onların bu halı kənardan baxanlarda gülüş doğururdu.
Ərsənin hövsələsi bir tikə olmuşdu. Saat doqquz, on oldu, lakin Murtuzovdan bir xəbər çıxmadı. Elə bu zaman telefon zəng çaldı. Təlimatçılardan biri sevincək dəstəyi götürdü. Görünür çoxdan bu zəngi gözləyirdilər. Aşağıdan biri xəbər verdi ki, Murtuzov getdi, siz də gedə bilərsiniz. Səhərdən özlərini qupquru qurudub dünbələmdüz dayanan təlimatçılar avtomat kimi işə düşüb, evlərinə dağılışmağa tələsdilər. Ərsənə də “sabah gələrsən” dedilər. Murtuzovun gedişindən heç beş dəqiqə keçməmiş bütün kabinetlərin işığı söndü, qapısı bağlandı, binanın giriş qapısındakı milis nəfərindən, yuxarıda, Murtuzovun qəbul otağındakı növbətçidən başqa kimsə qalmadı. Hamı getdi.
Binanın keşiyində dayanan milis nəfəri Ceyranovun sərgüzəştləri başladı. Ceyranov binada tək idi, özünü də tam ixtiyar sahibi kimi hiss edirdi. Bu yekə əndamlı, nəhəng pəhləvana oxşayan Ceyranov əvvəlcə telefonla zəng edib xısın-xısın danışdı. Sonra telefonun dəstəyini asıb üst paltarlarını soyundu, vanna otağına keçib boyun-boğazını, ayaqlarını yaxşı-yaxşı yudu, yenidən otağa qayıdıb stolun üzərində bir axşam süfrəsi qurmağa başladı. Soyuducudan xiyar, pomidor, göyərti, pendir, kolbasa çıxarıb süfrəyə qoydu. İki nəfərlik masanı 2 çini qab, bıçaq, çəngəl, bir şüşə rus arağı və s.-lə düzənlədi. Bu zaman qapı astaca açıldıdı və bir xanım içəri girdi. Ceyranovun eşq macərası başladı.  
Sabahısı günü də bütün bunlar eyni ilə təkrar olundu. Yenə təlimatçılar gəlmişdilər, oturdular, durdular, söhbət elədilər. Bu dəfə saat ona qalmış həmin sevinc zəngi gəldi və yenə “avtomatlar” işə düşdü, işıqlar söndürüldü, qapılar çırpıldı, Ərsənə “sabah gələrsən” dedilər.
Deyəsən Allahın sabahı qurtaran deyildi, bunların “sabah gələrsən”ləri. İş isə tökülüb qalır, yarımçıq yazılar onu gözləyirdi. Bu narahat düşüncələr ilə yazmaq da olmurdu. Murtuzovun da onu gözlətməkdən məqsədi nə idi bilmirdi. Eşitmişdi ki, Murtuzovun  qəbuluna düşmək müşkül məsələdir, lakin bu qədər də müşkül olduğunu bilmirdi. Axı, onu özü, şəxsən Murtuzov yoldaş çağırtdırmışdı, belə demişdilər ki, özü qəbul eləyəcək səni. Əgər beləydisə bu gözlətmək nə üçün? Nə şöbə müdiri, nə də təlimatçılar – heç kəs də cürət eləyib daxili telefonun dəstəyini götürüb deyə bilmirdi ki, bu adam gözləyir, əgər indi vaxtınız yoxdursa getsin başqa vaxt gəlsin. Nəinki cürət eliyə bilmir, hətta o telefondan bir az da çəkinirdilər deyəsən. Bu telefon vəhşi bir heyvanamı, yoxsa partlayan bir aparatamı, nəyəsə oxşayırdı. Elə bil əl vursan o dəqiqə ya üstünə atılıb gəmirəcək, ya da partlayıb bu otağı, kitab şkafını, stol, stulları, lap bu canlı təlimatçıları da dağıdıb yerlə-yeksan eliyəcəkdi. Birdən ona elə gəldi bu telefona nifrət eləyir. Qanlı-qanlı bir-birilərinə baxırdılar. İxtiyarında olsaydı bu telefon aparatını götürüb çırpar yerə parça-parça eliyər, bu qara telefon aparatının verdiyi əzabdan özünün də, təlimatçıların da canını biryolluq qurtarardı...Amma belə bir ixtiyarı yox idi. Acizliyini yavaş-yavaş dərk edirdi. Elə burada gördüyü, çoxlarının həsəd apardığı “ağlardan” sayılan təlimatçılar dəstəsi əslində aciz və cılız adamlardan ibarət idi. Bu aciz və cılız adamları buradakı dözümsüzlüyə bağlayan hisslər haqqında düşündü. Hər təlimatçı gələcəkdə Sov.İKP-nin  Ali Məktəbində oxumaq, sonra da rayonlardan birində birinci katib olmaq, əsil “ağ adama” çevrilmək eşqiylə yaşayırdı. Belə adamlar indiki halında nə qədər məzlum, aciz görünsələr də, yüksək vəzifəyə keçən kimi əzazilə dönürdülər. Ərsənə elə gəlirdi ki, bu acizlərin içində bir zalımlıq, qəddarlıq hissləri də yatıbdır. Belə insanların halına acıdı da bir az, yazıqlar olsun...
Üçüncü günü günortadan sonra Ərsən təbliğat şöbəsinin müdiri ilə birlikdə katibin qəbul otağına gəldi. Şöbə müdiri “burada gözlə” – deyib içəri keçdi. Birinci katibin kabinetinin qapısının yanında qəşəng, həddindən artıq cazibədar cavan katibə xanım oturub kitab oxuyur, hərdən telefon zənglərinə cavab verir, hərdən Ərsənin gözləyə-gözləyə hövsələdən çıxdığını hərəkətlərindən hiss eləyib başını qaldırıb bic-bic baxışları ilə qımışırdı. Hərdən də qəbul otağının qapısı açılır, müxtəlif iş üçün çağırılmış, idarə, müəssisə rəhbərlərindən, nazirlərdən bəziləri başını qapıdan içəri salır, yaltaq baxışlarla katibə xanımı süzür, onun kefini soruşur, sonra qapını örtüb gedirdilər. Hiss olunurdu ki, katibə xanımın nüfuzu böyük idi və çox məsələləri həll edə bilərdi.
Nəhayət, Ərsəni içəri çağırdılar. Bura həddindən böyük bir otaq idi. Sağ tərəfdə divarın dibi ilə stullar düzülmüşdü. Sol tərəfdə böyük dördgözlü pəncərələr otağı tam işıqlandırırdı. Pəncərələrin qabağında kreslolar, stol qoyulmuşdu. Stollardan birinin üstündə müxtəlif qiymətli suxurlar və minerallar, o birinin üstündə qəşəng, balaca biçimdə 250 qramlıq mineral su butulkaları düzülmüşdü. Sol tərəfdən küncdə gözəl bir limon ağacı dibçəkdə qoyulmuşdu, üstündəki saralıb yetişmiş limonlar göz oxşayırdı. Təsərrüfatların heç birində limon becərilmədiyindən özlüyündə aydın idi ki, bunu kiminsə evindən gətirmişdilər. Aşağıda kitab şkaflarının içərisində müxtəlif siyasi ədəbiyyatlar, ensiklopediyalar düzülmüşdü. Yuxarı başda içəriyə bir qapı açılırdı.  Qapı tam örtülməmişdi, aralı qalan yerindən  iç otaqda olan soyuducunun və divanın bir tərəfi görünürdü. Bura katibin istirahət otağı idi.
Ərsənin diqqəti bir anlığa dağılsa da, tez də özünü ələ alıb kabineti nəzərdən keçirdi. Kabinetin ortasında uzun qabaq stolu qoyulmuş və başda Murtuzov oturmuşdu. Amerika firmalarının istehsalı olan uzun, nazik, qara rəngli siqaret çəkirdi. Təbliğat və təşviqat şöbəsinin müdiri İskəndərov sağ tərəfdə qabaq stullardan birində oturmuşdu. Murtuzov bir anlığa Ərsəni başdan ayağa nəzərdən keçirib oturmaq üçün yer göstərdi. Ərsən sol tərəfdə divarın dibində stullardan birində oturmaq istədi, lakin Murtuzov əlinin işarəsi ilə ona yaxın oturmağı təklif etdi. Ərsən Murtuzovun yaxınlığındakı kresloda oturdu.
Murtuzov orta yaşlı, ucaboylu yaraşıqlı bir kişi idi. Çallaşmış saçlarını arxaya darayırdı. Ərsən bir neçə dəfə fəallar yığıncağında onun çıxışlarına qulaq asmışdı. Murtuzov çıxışları ilə Ərsəndə qorxunc, zülmkar bir adam təəssüratı yaratmışdı. Lakin indi tamamilə əksinə sakit, olduqca xoşrəftar olan Murtuzov Ərsənin bütün təəssüratını alt-üst etdi. Əvvəlcə Murtuzov Ərsənin işləri ilə maraqlandı. Sonra mətbuatda əmələ gəlmiş ümumi durğunluqdan danışıb, bu sahədə gənc kadrların köməyinə, yaradıcı işinə çox böyük ehtiyac olduğunu dedi.
– Bu məqsədlə biz sənə çox böyük və məsuliyyətli bir iş tapşırmaq, səni rayon qəzetinə redaktor göndərmək istəyirik. Hərçənd sizin işiniz tam da qənaətləndirici deyildir, lakin bizim taktikamız belədir ki, gənclərin həyatda rolunu artırmalıyıq. Biz sizə çox böyük güzəştə gedir və böyük etimad göstəririk.
Ərsən eşitdiklərinə inana bilmirdi. Birdən-birə böyük bir rayon qəzetinə redaktor. Bu, doğrudan da böyük etimad idi və onun boynuna çox böyük məsuliyyət qoyulurdu.
Bir insanda iki xarakter, iki sifət, iki cür düşüncə tərzi, iki cür yanaşma necə ola bilərdi. Bu Murtuzov ilə bir həftə bundan qabaq fəallar yığıncağında görüşmüşdü. Kürsüdə şir kimi nərildəyən Murtuzovla buradakı Murtuzov arasında yer-göy qədər fərq vardı. Bu gün mehriban, qayğıkeş, əsil partiya rəhbəri kimi davranırdı, bəs o gün niyə elə coşmuşdu? Bu təzadlı xüsusiyyətlər nədən irəli gəlirdi? O nitqlər, o çıxışlar nə demək idi? Zavod direktorlarından birini ayağa qaldırıb demirdimi səni ayaqlarından asacağam?! Elə asacağam ki, neçə illərdi yediklərin burnundan gəlib tökülsün. Hələ ət-süd kombinatının direktoruna nələr demədi. Yazığı qaldırıb ayağa qurutmuşdu, elə hey udqunur, udquna da bilmirdi. Deyirdi ki, “getmişəm bufetə görürəm, çox kəsif qoxu gəlir. Soruşuram bu nədir, deyirlər kolbasadır iy verir, soruşuram neçə gündü gəlib, deyirlər bu gün gələndi. Çağırtdırdım kombinatın direktorunu, yarım kilo kolbasanı yedirtdim ona. Hardadır sənin vicdanın? Ay yoldaşlar, baxın, bunun vicdanı olsaydı boynu bu qədər yoğunlayardımı? Gədə, səni məhv eliyəcəm. Bu xalq keyfiyyətli məhsul yeməlidir. Ya işlərini düzəltməlisən, ya səni tutduracağam. İki yolun var sənin. Başqa yol yoxdur.
Bu qədər vicdansızlıq, bu qədər məsuliyyətsizlik olar? Kimi hara göndərirsən, gedib öz işləriynən məşğul olur. Mütəxəssislər gedib üzüm sahələrini gəzib gəlib mənə məlumat veriblər. Üzümdə xəstəlik aşkara çıxarılıbdır. A yoldaş Əkbərov, bəs siz hara baxırsınız? Axı, qalmışdın rayonda çürüyürdün. Gətirib bu boyda komitəni sənə tapşırdıq. Mal arabası da yoxundu. İndi iki maşının var, “Qaz-24”, “Niva”. Bəs hara baxırsan? Niyə gedib sahələri gəzmirsən? Bu gecə səhərə qədər bütün sahələr dərmanlanmalıdır. Səhər tezdən özüm gəlib baxacağam. Bir kolda xəstəlik qalsa, bir kol dərmanlanmasa axşama burada sənin partbiletini alacağam.
Ay yoldaşlar, mən deyirəm, hər şey düz olmalıdır. Düz, düz, düz. Pripiskaya getməyin. Hansı kolxozda, sovxozda belə hal ortaya çıxsa, bizdən haray gözləməsin. Bu barədə bizə bir neçə siqnal çatmışdı. Yoxlatmışıq hər şey öz qaydasında olubdur. Bizim südümüz də, ətimiz də, yağımız da necə lazımdır olmalıdır. Biz planları artıqlaması ilə yerinə yetirməliyik. Hər gün şəhərin mağazalarında təzə ət, süd və süd məhsulları satılmalıdır. Qoy şəhərimizin əhalisi yaxşı dolansın, heç nəyə ehtiyacı olmasın”.
Yoldaş Murtuzov, belə demirdinmi sən? Bəs hanı o bolluq, hanı o ət, yağ, süd məhsulları. Həftədə bir-iki dəfə ət satılan mağazalar kərbala meydanına bənzəyir. Camaat bir-birinin ətini yeyir. O gün elə o komsomol mağazasında ət üstündə qırğın düşmədimi? Satıcılar növbə yaratmaq istəyir, camaat isə bir-birini itələyir, qabağa soxulmaq istəyirdi. Vurub qapının, pəncərənin şüşələrini qırıb içəri girdilər. Yazıq o gəlinin barmaqları o vur-çatlasında qapının arasında qalıb əzilmədimi? Görəydin yazıq necə də qışqırırdı. Adamın tükləri biz-biz olurdu. Budurmu, sənin yaratdığın bolluq. Bu necə ət almaq idi ki, qan bahasına başa gəlirdi. Südə nə sözün var? Deyirsən mağazalarda olmalıdı, nə vaxt, kim görüb bizim şəhərdə mağazada süd ola. Yenə əvvəllər maşın ilə gətirib həyət-həyət gəzdirib satırdılar. Hanı bəs indi? Hamısı çastniklərin əlində, bazarda, həyətlərdə litri bir manata nə qədər desən qoyub satırlar. Beləmi bolluq yaradırsan? Ət-süd kombinatının direktoru yenə elə əvvəlki kimi bildiyini eləyir, niyə söz demirsən? Yoxsa gözü kölgəlisən onun yanında? Bəlkə qorxursan 3 inək verib 2 inək yazdırıb, hər inəyin çəkisini süni surətdə 350 kq-a çatdırmağının sirrini  aça, sən də yuxarılarda cavab verməli olasan. Nə oldu elə bir ilin içində bu inəklərin çəkisi 260 kq-dan 350 kq-a qədər birdən-birə 90 kq artdı. Ona görə təsərrüfatlarda mal-qaranın sayı artmır da, a yoldaş Murtuzov. Belə deyilsə, bəs  o 24 deyilən nə olan şeydir ki, hər ayın axırında, kolxoz, sovxozların baş mütəxəssisləri, rəhbərləri tökülüb gəlir kənd təsərrüfatı idarəsinə. Hər təsərrüfatdan neçə baş mal-qara, qoyun-keçini ölümə çıxırlar. Hamısı ilə də razılaşırsan? Nə təhər olur ki, camaatın mal-qarasının, qoyun-keçisinin heç burnu da qanamadığı halda, ictimai təsərrüfatlarda hər ay nə qədər iribuynuzlu, xırdabuynuzlu ölüb sıradan çıxır. Bu ölüm, itimiynən hara gedirik, ay yoldaş Murtuzov! Əgər elə bu mal-heyvanın ölümü-itkisi təbiidirsə, daha onda bu qədər zootexniki, baytar həkimini, üstəlik nə qədər baytarlıq məntəqələrini, burada nə qədər də müftə maaş alanları nəyə saxlayırsan?
Özün də deyirsən ki, həqiqəti yazmaq lazımdır. Qəzet əyriliyə, aldatma hallarına, yalançılığa, təsərrüfatsızlığa və sairə və sairə mübarizə aparmalıdır. Özün belə deyirsən, özün də liberalın birisini, yoldaş Əhmədzadəni (özünün təbirincə desək, mal doxturunu) aparıb qoyursan iş başına. Məni də göndərirsən onun yanına, deyirsən mübarizə apar. Mən indi bu “mal doxturunu” necə başa salım? Onun rəhbərlik elədiyi rayonda həqiqəti, düzü necə meydana çıxarım, özün ərəbin dəvəsi məsəlini çəkəndə fikirləşmədin ki, bəs mal doxturundan bir rayona başçı çıxmaz. O da gedən kimi hər şeyi atdı bir tərəfə, yapışdı inəklərin quyruğundan, adamların şikayətlərinə qulaq asmadı, veteranları dinləmədi, aylarla raykomun qabağında sürünən qırx ildən çox partiya stajı olan qocaman müəllimi qəbul eləmədi. Onun dərdinə şərik olmadı. Yaxşı ki, həyatda yenə yaxşı adamlar var idi. Yoxsa o qocaman, ağsaçlı, ömrünü balaların ziyalanmasına, maariflənməsinə həsr etmiş kimsəsiz müəllim bayırda qalardı. Axı, bu müəllimin evi uçmuşdu. Gərək birinci raykom katibi özü onunla maraqlanaydı, kömək eliyəydi, evini təmir eliyəydi. Amma heç yoldaş Əhmədzadə müəllimi qəbul da eləmədi. Əksinə camaatı qabağına qatıb qovmağa başladı. Məktəblilərin barmaqlarının ucu getdi bağlardan daş-çınqıl yığmaqdan, ot-ələf təmizləməkdən. Dedi gərək maqgistral yolun hər iki tərəfində elə bağlar salaq ki, hamını heyran qoya. Sal, nə olar ki, bağ salmaq yaxşı şeydi, daha torpaq üstə, yoxsa bu daş-çınqılın içində ağacmı bitər, o da ola ərik ağacları.
 Elə bu bağlardan 4 km yuxarıdakı düzlərdə min hektarla xam torpaq becərilməmiş qalır. Bircə Arazdan su çəkmək lazımdır. Suyu da ki, bu daşlı-çınqıllı torpağa  çəkincə yuxarıya, o xam torpaqlara çəksəydin nə olardı? Yoxsa gözə kül üfürmək üçün yolların kənarında bir-iki hektar bağ salmaq ilə meyvəçilik təsərrüfatı yaratmaq olmaz. Həm də bu daş-çınqılın içərisində ildə on minlərlə ağac quruyub sıradan çıxır, hər il bərpa olunursa da xeyri olmur. Çünki torpaq yoxdur, 50-60 faizi daş-çınqıldır. Daş-çınqıl da ki suyu saxlamaz. Bu adi həqiqətləri başa düşmək üçün ta alim olmaq lazım deyil ki? Əkirdin əkirdin, heç olmasa yerli camaatın, ağsaqqalların sözünə baxıb badam ağacları əkəydin, suya da dözümlü olaydı. Elə belə-belə işlərin ucbatındandır ki, camaat da Əhmədzadədən, raykomdan uzaqlaşıb, hərə öz başını bir təhər girləyir. Yoxsa bu nə deməkdir ki, ilin 6 ayını rayonun girişinə, çıxışına post qoydurub, camaatın başına it oyunu açır, kimsəni həyətyani sahəsindən hasil etdiyi meyvəni, tərəvəzi aparıb satmağa qoymurdu. Üstəlik hər kənd yoluna da bir milis işçisi qoymuşdu ki, şəxsi maşınları rayon mərkəzinə buraxmasın. Bu kəndlərin birində də belə bir vaxtda bir qadın sancı çəkirdi, ikicanlıydı, mindirdilər jiquliyə ki, xəstəxanaya aparsınlar. Milis nəfəri də kəsir yolun ortasını ki, qoymaram, bir maşın da kənddən kənara çıxsın.
– Xəstədi ikicanlıdı, insaf elə qoy çatdıraq xəstəxanaya.
Milis nəfəri də kütün birisi, katibin tapşırığını Allahın əmrindən də üstün tutur:
– Qoymaram, dünya dağıla qoymaram, – deyir.
Yazıq qadını da sancı elə tutmuşdu ki, elə oradaca jiqulinin içindəcə doğur. Neynəsin ölməyəcəkdi ki? Elə bu hadisə də kənd camaatını ayağa qaldırmadımı, qırğın düşmədimi? Milis nəfərini döyüb şil-küt eləmədilərmi? Yüz əlli tonluq ot tayasını od vurub yandırdılar, maşınları aşırdılar, qiyam elədilər. Əhmədzadəni axtardılar, tapa bilmədilər, yoxsa boğazını cüllüt boğazı kimi üzəcəkdilər. Bir neçə butulka kislota hazırlamışdılar üz-gözünə atıb yandıracaq, ömürlük  şikəst eliyəcəkdilər. Amma qaçdı Əhmədzadə, yaman qaçdı, aradan çıxdı. İnsan selinin qabağında durmaqmı olardı? Bax, insanların taleyi ilə beləcə oynuyur Əhmədzadə. Kəndlərin birində də gedib görüb ki, çörək bişirirlər. Götürüb xəmiri atıb təndirə, arvadları da qovalayıb sahəyə üzüm yığmağa. Guya üzüm yığımı zamanı çörək bişirmək olmaz. Hansı qanunda yazılıb bunlar? Əhmədzadənin yoxsa yeni qanun məcəlləsi var. Çörək müqəddəsdir, çörək adamın gözlərini tutar, axı. Amma Əhmədzadənin gözlərini tutmadı. Camaat burda da bir yüz tonluq tayaya od vurub yandırdı. Məgər sən bunları bilmirdin, yoldaş Murtuzov?! Sən də çağırıb müzakirə elədin, Əhmədzadəyə bir xəbərdarlıq verdin, günahsız adamları ləkələdin. Hələ üstəlik bir adam da tutdular ki, guya elə bu adam tayanı yandırıb, özü  də qəsdən yandırıb. Qiyamın üstündən sükutla keçdin, heç adını da çəkmədin. Əhmədzadəni müdafiə elədin, arxada kürəyinə də vurdun, “möhkəm ol” dedin. İndi də durmusan ki, bəs Əhmədzadə liberaldır, qətiyyətsiz adamdır, işində dönüş yaratmalıdır, nə bilim nə. Heç demirsən Əhmədzadədən partiya işçisi olmaz, o xalqa yad adamdır. Özünün dediyi kimi “mal doxturudur”. Qoy getsin mal doxturu da işləsin. “Ərəbin dəvəsi” misalı elə bura aid deyilmi?
Bəs bu xalqı, bu camaatı bir “mal doxturuna” tapşırmaq olarmı? Beləsini birdəfəlik silmək, atmaq lazımdır. Belə adamdan partiya rəhbəri olmaz. Niyə beləsini məhv eləmirsən, yoldaş Murtuzov? Ancaq Musa Nəcəfli kimi gözəl insanı, mehriban, işgüzar müəllimi partiyadan, vəzifədən çıxardılar. Belə getməz, yoldaş Murtuzov! Vaxt gələr Musa Nəcəfli kimi əsil komunnistlər bəraət alar, xalqa qaytarılar. Amma Əhmədzadə kimilərini isə zaman özü silib aparacaq, yer üzündə heç izini, tozunu da qoymayacaq qalsın. İnan buna, yoldaş Murtuzov! O gün gələcək, mütləq gələcəkdir!
 
***
 
Zahir - Səlim müəllimin oğlu, dörd gün  idi gedib girmişdi erməni qızı Noranın evinə,  bayıra çıxmırdı. Bir dəfə evlərinə – anası Zema xanıma zəng edib demişdi ki, Nora ilə toylarını edirlərsə etsinlər, etməsələr daha Zahirdən evə qayıtdı yoxdu. Burdan birbaşa Nora ilə VVAQ-a gedib ailə quracaq, daha evə qayıtmayacaqdır. Zema xanım da dörd gün idi Səlim müəllimi dilə tuturdu. Səlim müəllim isə iki ayağını bir başmağa geyib “yox” deyirdi. Amma deyən lazımdı ki, ay Səlim müəllim, o qətiyyət səndə yoxdur. Gec-tez razı düşəcəksən, elə bu başdan razılaş, qurtarsın getsin.
İnsaf da yaxşı şeydir. Erməni qızı olanda nə olar, Nora qayət gözəl idi. Elə sənin arvadın Zema xanımın da anası erməni deyilmi? İndi sənin xoşuna gəlmirdi ki, ortasına qədər qabağı açıq yubka geyir, yeriyəndə də ağappaq baldırları o yubkanın yarığından görünür, nə olsun. Heç demirsən Zema xanım bu yaşında o cürə yubka geyə bilər, Nora geyə bilməz? Camaatın içində Zahir ilə dodaq-dodağa öpüşəndə nə olar ki? Başqasıynan ki öpüşmür, bir-birlərini çox istəmək əlaməti deyilmi? Bir yandan da başlamısan milli adət belə gəldi, milli ənənə belə getdi. Özün də institut müəllimi, alim, kommunist. Sən özün axı, institutda mühazirə deyəndə sinənə döyüb deyirsən ki, biz beynəlmiləlçiyik. İndi nə oldu deyirsən, bu erməni qızıdır, dilimizi, adətlərimizi bilmir.  Soruşmazlarmı adamdan, ay Səlim müəllim, bəs sənin oğlun Zahir heç öz ana dilində sərbəst danışa bilirmi? Cavab verəcəksən ki, uşaqdır, öyrənəcək, sərbəst danışacaq. Elə isə niyə razı olmursan ki, Nora ilə birlikdə öyrənsinlər, birlikdə danışsınlar, sən də onlara evdə mühazirə oxu. Yoxsa qorxursan tanış-biliş yanında biabır olasan. Yox qorxma, belə şeydən ötrü adam biabır olmaz. Əksinə millətlər arasında dostluq telləri möhkəmləndirilir, yeni hibridlər yaranır. Bunun nəyi pisdi ki, hər iki millətin xüsusiyyətlərini özündə cəmləşdirən bir uşaq dünyaya gələcək, şəhadətnaməsində milliyyəti yerində yazacaqlar beynəlmiləl. Bığın ağarsın, Səlim müəllim, sən də bu uşağın əlindən yapışıb hər axşamçağı çıxıb dənizin havasından udub ləzzət alacaqsan. Bu uşaq da sənin lopa bığlarından yapışıb dartacaq, sonra da soruşacaq ki:
– Deduşka, eto çto takoy? Tebe ne paydot.
Di gəl, bu beynəlmiləl uşağı başa sal ki, bu lopa bığ nədir və bunu niyə özünə yük eləmisən. Çox pis yerdə axşamladın, Səlim müəllim. Əvvəldən bığ qoymasaydın yaxşı olardı. Yoxsa götürüb indi bu yaşında bığlarını dibindən qırxıb atsan görən nə deyər. Deməzlər ay Səlim müəllim, bir bığı ki saxlaya bilməyəcəksən daha nə sinənə vurub yeri düşdükcə millətdən, qeyrətdən danışırsan? Deyərlər, Səlim müəllim, deməzlər? Deyərlər, əlbəttə, deyərlər. Yaxşısı budur ki, sən bir ev al, oğlunu da ayır getsin özü üçün yaşasın. Bir uşaq olanda nə olar? İndi cavanlar da sərbəstlik istəyir. Özləriyçün yaşasınlar, öpüşsünlər, lap istəyirlər çılpaq gəzsinlər, özləri bilərlər. Sənə nə var, sən ki onları görməyəcəksən. Daha qanını niyə qaraldırsan? Axır başı birini almalısan oğluna ya yox? İllər ilə Zema xanımın  əzizləyə-əzizləyə aldığı brilyant sırğaları, üzükləri, sərmələri, qolbaqları Zema xanım özü taxmayacaq ki? Özününkülər özünə bəsdi. Geyinəndə üst-başı zərgər mağazasına oxşayır. Heç bu gənclərin qəlbinə də dəymək olmaz. O da ki Zahir ola. Hirslənər götürər gül kimi “Volqa” maşınını aparıb çırpar birinin maşınına darmadağın eliyər, səni də salar ikiqat, üç qat xərcə. Ata ürəyidi dözməyəcək. Zema xanım da səni bir tərəfdən dəng eliyəcək:
– Uşaqdır da, əlindən xəta çıxıb, indi buraxaq getsin girsin türməyə?
Yox, Zema xanım buna razı olmaz, heç sən özün də razı olmazsan. Razılaş, Səlim müəllim, razılaş! Lap acıqdan elə bir mağar qurdur ki, səsi bütün şəhərdə eşidilsin. Özün də heç nədən çəkinmədən çıx qabağa, döşünü ver irəli. Qoy hamı görsün ki, sən necə kişisən. Erməni qızı olanda nə olar, qoy görsünlər ki, gəlininə nələr almısan, necə toy məclisi qurdurmusan. Razılaş, Səlim müəllim, razılaş!
Dörd gün idi bu fikirlər Səlim müəllimi bir an rahat qoymurdu. Zema xanım da bir tərəfdən öz-özünə deyinir, Səlim müəllimin razılığı oldu, olmadı toy tədarükü görür, müxtəlif şeylər sifariş verirdi. Vəziyyəti bu yerdə görəndən sonra Səlim müəllimin inadı sınır, Zema xanımın bütün göstərişlərinə qul kimi itaət edirdi.
Bir həftənin içində Səlim müəllim oğluna təntənəli bir toy məclisi düzəltdi. Şəhərin ən böyük restoranını bağlatmışdı. Stolların üstünə hər cür ləziz yeməklər, plov, kabab, toyuq soyutması, qara, qırmızı kürü, soyutma qəlyanaltılar, araq, konyak, şampan şərabları, mineral sular, limonadlar, müxtəlif meyvələr, çərəzlər düzülürdü. Beş yüzdən çox adam dəvət olunmuşdu. Qonaqların tərkibini azərbaycanlı, erməni, rus, yəhudi millətlərindən olan rəhbər işçilər, professorlar, müəllimlər, hüquq-mühafizə orqanlarının işçiləri, müxtəlif təbəqələrin nümayəndələri təşkil edirdi. Zema xanım qonaqların seçilməsinə qədər hər şeyə xüsusi diqqətlə yanaşmışdı. Bu toyun sədaları hələ uzun müddət yaddaşlardan silinməyəcəkdi.
***
 
Ərsən redaktor kimi fəaliyyətə başladı, əvvəlcə hər şeyi sakitliklə seyr etdi, qəzetin bir neçə nömrələrini nəzərdən keçirdi. Qəzetdə şişirdilmiş təriflər, bol-bol vədlər verilir, müxtəlif yığıncaqlardan geniş söhbət açılır, kolxoz və sovxozların “sosialist əməyi qəhrəmanlarının” xatirələrindən danışılırdı. Tənqidi materiallar yox dərəcəsində idi, elə bil rayonda bütün işlər ideal şəkildə qurulmuşdur.
Əməkdaşları yığıb qısa müşavirə apardı:
– Bu gündən etibarən qəzetin istiqaməti dəyişilməlidir. Verilən bütün materiallara tənqidi nöqteyi-nəzərdən yanaşıb, hər şeyin real və düzgün olmasına çalışmalı, yaxşı işimizi də, nöqsanlı cəhətlərimizi də tam aydınlığı ilə işıqlandırmalıyıq. Qarşımızda çox böyük işlər durur, biz hamımız əl-ələ verib işin içərisinə girməli, xalqa yaxın olmalı, qəzetin səviyyəsini elə yüksəltməliyik ki, qəzet oxunaqlı olmalı, zəhmətkeşlər tərəfindən rəğbətlə qarşılanmalıdır. İstər sovxoz, kolxozların həyatından, istər tikintidən, sənayedən, istərsə də digər sahələrdən verilən yazılarda müvəffəqiyyətlərlə birgə qarşıda duran problemlər, çatışmayan cəhətlər də verilməli, məsul adamların işi tam açılmalıdır. Əgər biz hardasa bir əmək qəhrəmanından söhbət açırıqsa, bu sxematik, quru xarakter daşımamalı, qəhrəmanın daxili aləmi, mənəviyyatı, düşüncə tərzi də ətraflı verilməli, biz onu təkcə əmək qəhrəmanı kimi yox, həm də canlı insan kimi görməliyik. Əgər bir sovxozun, kolxozun, yaxud digər müəssisənin beşillik planlarının yerinə yetirilməsində uğurlarından yazı hazırlanırsa, heç şübhəsiz həmin müəssisədə mövcud olan çatışmamazlıqlar da ətraflı göstərilməli, problemin həll etmə yolları verilməlidir, yaxud belə desək məqbul sayılar ki,  müəllif bəhs etdiyi hadisə, işin xüsusiyyətləri ilə canlı təmasda olmalı, bu təmas, bu duyum yazıda əks olunmalıdır. Müəllifin haqqında söhbət açdığı hər hansı bir məsələ haqqında onun real münasibəti öz yerini tapmalıdır. Bu baxımdan iş metodumuzu kökündən dəyişdirməli, hər bir əməkdaşın, müxbirin məsuliyyətini artırmalı, qəzetin işində əsaslı dönüş yaratmalıyıq.
Ərsən özü başda olmaqla əməkdaşları yerlərə göndərir, hazırlanmış materialları diqqətlə oxuyur, hər bir yazı yenidən işlənilir, sonra dərc olunmağa icazə verilirdi. Hər nömrədə “replika”, “felyetonsayağı” ümumi sərlövhəli tənqidi yazılar verilirdi. Qəzetin işində kəskin dönüş yaranmışdı. Camaat hər yerdə qəzetdə verilən son materiallardan danışır, xalqın arzu və istəklərini ifadə edəcək bir orqanın fəaliyyəti aşıq-aşkar hiss edilirdi. Kənd təsərrüfatı məhsullarının istehsalı, istehlak, satış planlarının yerinə yetirilməsi iqtisadi baxımdan təhlil edilir, nöqsanlar hərtərəfli açılıb göstərilirdi. Belə yazılardan biri də “Qızıl yumurta” felyetonu oldu. Felyetonda təsərrüfatların quşçuluq fermalarında toyuqların saxlanılması, onlara çəkilən xərc, hər yumurtanın maya dəyəri iqtisadi baxımdan təhlil edilmiş, yumurtanın hər birinin “qızıl” qiymətinə, yəni hər yumurtanın maya dəyərinin 60-80 qəpiyə başa gəlib, 09 qəpiyə satılmasında olan nöqsanlar, dövlət büdcəsində kənd təsərrüfatının inkişafı ilə bağlı nəzərdə tutulmuş dotasiya xərclərinin insafsızcasına dağıdılması halları konkret faktlar ilə göstərilmiş, təsərrüfat rəhbərlərinin bu sahədə nəzarətsizliyi, fəaliyyətsizliyi kəskin tənqid edilmişdir.
Felyetonu oxuyan Əhmədzadə təbindən çıxmış, qəzetin özbaşınalığından bərk hirslənmiş, redaktoru çağırtdırıb izahat aldırmışdı.
– Mən başa düşə bilmirəm ki, sizə kim ixtiyar verib ki, raykomun razılığı olmadan qəzetdə hərc-mərclik yaradıb ağzınıza gələni yazasınız. Bu nə felyetondur yazmısınız: “Qızıl yumurta”. Heç partiyalı adama, hətta redaktora yaraşarmı belə bir məsələni yazıb camaata aşkar eləsin. Yoldaş redaktor, bəlkə sizə verilən vəzifədən sui-istifadə etmək fikrinə düşmüsüz? Bizim xəbərimiz yoxdur. Bəlkə nəyəsə ehtiyacınız var, utanmayın, deyin, düzəldək. Yoxsa götürüb belə-belə boş şeylər ilə camaatın başını qatmaq istəyirsiz – mən buna icazə vermərəm. Sən heç bilirsən, məhsul nəyin bahasına gəlir?

(Ardı var.)


Ana səhifəyə qayıt        Baxış: 5 124          Tarix: 1-06-2021, 13:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma