Xəbər lenti

  

Haqqında söhbət açacağım sonsuz hörmət və məhəbbətə layiq olan alimlərin, elm adamlarının, təhsil işçilərinin hüquq sistemində və başqa sahələrdə çalışan hüquqşünasların və onu tanıyan millətimizin nümayəndələrinin ıürmətini qazanan haqqa qovuşmuş unudulmaz müəllimim Məmməd Süleyman oğlu Xələfov barəsindədir.

 

Məmməd Xələfov 1968-1973-cü illərdə əyani təhsil aldığım Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin 18 il dekanı işləyib, bilavasitə mənə dərs deyib, müəllimim olmuşdur.

 

Məmməd Xələfov hüquq fakultəsinin ilk yaradanlardan olmasa da, o fakultədə 18 il i.lədiyi müddətdə təşkilatçılıq və rəhbərlikdə təhsildə, tədrisdə, təlim-tərbiyədə, təmizlikdə elə bir mühit formalaşdırmışdır ki, fakultə sanki tədris-təhsil, nizam-intizam sahəsində məbədə çevrilmişdir.

 

Mən Məmməd müəllimi ilk dəfə 1968-ci ildə Azərtbaycan Dövlət Universitetinin baş binasında qəbul imtahanlarından sonra müsabiqə mərhələsində görmüşdüm.

 

Belə ki, 1968-ci ildə qəbul zamanı hüquq fakultəsində müsabiqədən keçməyən 8 nəfər medalist, bir neçə nəfər də bütün imtahanlardan əla qiymətlər alan abituriyentlər var idi. Onların tələb olunan 2 illik iş stajı olmadığı  üçün müsabiqədən keçməmişdilər. Onlardan bir neçə nəfəri universitetdə tanınmış müəllimlərin övladları idi. 28 avqust 1968-ci ildə Məmməd Xələfov universitetin baş binasında bir auditoriyada valideynlər və abituriyentlər qarşısında çıxış etdi. Qəbul imtahanları zamanı hüquq fakultəsinə sənəd verənlərin ümumi sayını qəbul imtahanları zamanı müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçməyənlərin medalistlərin sayını açıqladı. Hansı halların qəbul zamanı əsas götürüldüyünü ətraflı izah etdi və verilən sualları lokanil cavablandırdı. Məmməd müəllim həmin vaxtkı çıxışı indi də yadımda qalıb. Mən onda anladım ki, hüquqşünas bu məntiqi ardıcılıqla düşünüb  danışan sadə insan olmalıdır ki, insanlar ona inansın.

 

01 sentyabr 1968-ci il tarixdə ilk dərs günü auditoriyaya yenə də həmin simada, görkəmdə daxil olan Məmməd müəllim oldu. Tələbələri dərs ilinin başlanması münasibəti ilə təbrik edib, təhsildə uğurlar arzuladı, tövsiyyələrini verdikdən sonra sinif nümayəndəsini seçib auditoritadan çıxdı. Bu zaman hüquq fakultəsi indiki Əlyazmalar institutunun arxa tərəfindəki binada yerləşirdi. Birinci mərtəbədə tədris auditoriyaları, ikinci mərtəbədə dekanlıq yerləşirdi. Məmməd müəllim fakultədə ciddi nizam-intizam yaratmışdı. Tələbələrin dərsə davamiyyətinə, nizam-intizamina, dərs prosesinə gündəlik nəzarət edirdi. Ay ərzində 3 qoşa saat və 10-dan artıq dərs buraxan, eyni zamanda hər hansı bir intizamsız hərəkətə yol vermiş tələbələr vaxtaşırı

Məmməd müəllimin otağına dəvət olunurdu. Məmməd müəllim onları birlikdə qəbul edirdi. Hər bir tələbəyə ayrı-ayrılıqda iradını bıldırırdı. Çox mədəni, sakit səslə, səsini qaldırmadan tələbəyə irad bildirərkən adam özünü yığışdırıb həyacan hissi keçirirdi.

 

Hər bir tələbəyə ayrılıqda söylədiyi iradı hər birimiz özümüz üçün qəbul edirdik. Ən çox işlətdiyi “mərifət, qanacaq, tərbiyə, nizam-intizam yaxşı şeydir” sözləri idi. Adamı baxışları ilə süzüb bu sözləri deyəndə adamın vücüdü tərpənirdi. Sankı bu sözlər haqdan gəlirdi. Buna görə də hər bir tələbə oxuduğu müddətdə çalışırdı ki, üzürsüz dərs buraxmasın və hər hansı bir  intizamsızlığa yol verməsin, yaxşı oxusun.

 

Dekan kimi tədris prosesinə də ciddi nəzarət edirdi. O, fakultədə elə bir nüfuz sahibi idi ki, professor-müəllim heyəti və tələbələr ona böyük hörmət edirdilər. İş prinsipi rəhbərlik metodlarını elə təşkil etmişdi ki, müəllimlər ona hörmət etməklə yanaşı, ondan çəkinirdilər. Mən oxuduğum 5 il ərzində bir dərsin boş keçdiyi, müəllimin dərsə gecikdiyi hallara təsadüf etmədim. Və yaxud müəllimlərin tələbələrə qanunsuz göstəriş verməsini müşahidə etmədim. O, tabeliyində olanlara və fakultədə təhsil alan tələbələrə çəkinmədən söz demək, irad tutmaq səlahiyyətini nəfsinə və tamahına qalib gəlmək və əqidəsi, nüfuzu hesabına qazanmışdı. Ümumiyyətlə tabe olduğu universitetin rektoru və ondan yuxarı olan vəzifə sahibləri hüquq fakultəsində tədris-təlim, tərbiyə, təmizlik ilə bağlı Məmməd müəllimə irad bildirməsinə yol verən hərəkətləri və səraiti yaratmışdı. O, son dərəcə təmiz, savadlı şəxsiyyətinə hörmət edən nurlu simaya malik, işiqlı bir ziyalı idi. Kimliyindən asılı olmayaraq özü də

Hər bir kəsin şəxsiyyətinə hörmətlə yanaşırdı. Hər bir tələbəni mənfi keyfiyyətlərdən uzaq, qabiliyyətli, kamil hüquqşünas kimi görmək istəyirdi.

 

Birinci  kursda oxuyan tələbələr 3 imtahandan qeyri-məqbul aldıqda

Universitetdən xaric olunurud. Bu hal yuxarı kurslarda baş verərdisə, həmin tələbə təkrar kursda qalırdı. Kimliyindən asılı olmayaraq heç kəsə güzəşt etməzdi. Onun üçün meyar yaxşı oxumaq, intizamlı və əxlaqlı olmaq idi. Bizimlə eyni kursda qiyabi şöbədə təhsil alan yaxşı tanıdığım, Naxçıvan şəhərində yaşayan Sabir adlı tələbə yoldaşımız 2 imtahandan, o cümlədən biri Məmməd müəllimin tədris etdiyi mülki hüquq fənnindən qeyri-kafi qiymət almışdı. Danışırdı ki, onun atası Məmməd müəllimln həyat yoldaşı ilə yaxın qohum olub. Yoldaşının xahişinə görə Məmməd müəllim onu qəbul edib. Sabir danışırdı ki, Məmməd müəllimi görəndə xəcalətdən və qorxudan dondum, danışa bilmədim. Məmməd müəllim dedi ki, gəlişinin səbəbibi

bilirəm. Niyə xəcalət çəkmirsən, utanmırsan, adamlara əziyyət verirsən.

Oxumaq istəmirsən, get başqa işlə məşğul ol. Cavab verə bilmədim, dilim tutulmuşdu. Məmməd müəllim bunu hiss etdi, mülkü hüquq dərsliyini açıb 2 fəslini mənə göstərdi. Dedi ki, bunları öyrənib  imtahanda danışmasan, qiymət almayacaqsan. Həmin bölmələri öyrəndikdən sonra ona qiymət yazmış, sonra da tələbə başqa imtahanlara hazırlaşmaq oxumaq vərdişi qazanmışdır. Məmməd müəllimin elə bir şəxsiyyəti var idi ki, tələbə onu görəndə özünü yığışdirirdi, sanki donurdu. O, alim kimi doğulub, bildiklərini çüəllim kimi tələbələrinə öyrətməyi özünə borc bilirdi.

 

        Tələbə oıduğum illərdə yataqxanada deyil, qardaşlarımla kirayə mənzildə yaşayırdım. Universitetin yataqxanasına pasport qeydiyyatına düşmək üçün dekanlığa, Məmməd müəllimin qəbuluna getdim. Yazdığım ərizəni ona mtəqdim etdim ki, dərkənar yazsın. Ərizədə yazmışdım ki, “kirayəyə tutduğum evdə yaşayıram, universitetin yataqxanasına pasport qeydiyyatına alınmağıma razılıq verməyinizi xahiş edirəm”. Ərizəni oxuyub nurlu gözləri ilə üzümə baxdı. Mənə oturmağa yer göstərdi və məlahətli səsi ilə dedi ki, ərizəni düz yazmamışam, ev böyük

Məfhumdur, ev deyəndə böyük bina nəzərdə tutulur. Sən evin mənzilini kirayə tuta bilərsən. Ərizəndə kirayə tutulmuş mənzildə yaşadığını yaz və əlavə izahatlar və məsləhətlər də verdi. Otağında ərizəni dəyişib dərkənar üçün ona verməyimi bildirdi. Mən ərizəni yenidən yazıb Məmməd müəllimə təqdim etdim, dərkənar yazıb mənə qaytardı. Mən indi də həmin vaxt ərizəni düz yazmadığım, Məmməd müəllimin vaxtını aldığım üçün xəcalət çəkirəm. Ancaq onun otağında bir neçə dəqiqə dayanıb onun nurlu simasına baxdığım , məlahətli səsi ilə verdiyi məsləhəti dinlədiyim üçün xoş hisslər keçirirəm. O danışarkən, məsləhət verərkən bir cümləni deyib, ani fasilə verirdi, sonra fikrini davam etditirdi. Onun dediyi sözlər, verdiyi məsləhətlər adamın beynonə susuz torpağa su hopan kimi həkk olunurdu. Müsahibləri, tələbələri Məmməd müəllimi dinləyərkən ruhən dincəlirdi. Onun sözləri sankı haqqdan gəlirdi. Şərgin böyük mütəfəkkiri S.Şirazinin müdrük bir kalamı var, deyir: “ətri tərifləməzlər, ətir özü ətir saçmalıdır”. Bu mənada Məmməd müəllimin bütün hərəkətləri, davranışı, insanlıq, əxlaqi dəyərlər nümunəsi idi. Ədaləti və vijdanı haqq ölçüsü, Allah vergisi idi.

 

        Məmməd Xələfov hər bir tələbənin biliyinə, əxlaqına, davranışına görə dəyərləndirib, bölgüzamanı hüquq mühafizə  orqanlarına işə göndəriş verilməsinə nail olurdu. Onun bölgüsünə dekanlıqda və özündən yuxarı universitetin rektoru və ondan yüksək təşkilatların rəhbərləri müdaxilə edə bilməzdi. Bu işdə tələbələrinə, kimliyindən asılı olmayaraq münasibətində Məmməd müəllim vicdan tərəzisi düz işləyirdi. O tərəzinin memarı yaradanın özü idi. Məmməd müəllim mənsub olduğu millətin fəxri və kimliyinim bildirirdi.

 

        Məmməd müəllimin fakultədə elə bir mənəvi təmiz, rahat mühit formalaşdırmışdı ki, burada müəllim və tələbələr özünü rahat hiss edirdi. Bu Mənəvi mühitin mayasın hahallıq, təmizlik, kişilik, millət sevgisi təşkil edirdi. Dekan kimi Məmməd müəllim tələbələrinin təkcə hüquqşünas kimi deyil, layiqli ölkə vətəndaşı kimi yetişməsinə çalışırdı. Belə ki, fakultədə tez-tez müxtəlif tədbirlər, elmi-praktiki konfranslar, ədəbiyyat, incəsənət xadimləri ilə görüşlər və başqa tədbirlər keçirirdi. Özü həmin tədbirlərdə iştirak etməklə məntiqi, düşündürücü çıxış edib digər çıxış edənləri səbrlə dinləyirdi. Bununla hər bir tələbəyə və tədbir iştirakçılarına çıxış etmək, dinləmə mədəniyyətini aşılayırdı.

 

        Xatirimdədir ki, 1970-ci ilin mart ayında SSRİ-nin aparıcı, tanınmış unuversitetlərindən hüuqşünas alimləri dəvət edib fakultədə elmi-praktiki konfrans keçirirdi. Həmin konfransda kənar universitetlərdən gələn hüquqşünas alimlər çıxış etməklə yanaşı fakultənin müəllimləri mdə məruzələrlə çıxış edirdilər. Çox maraqlı, diskusiya xarakterli tələbələrin və müəllimlərin nümunə götürüləsi konfrans keçirdi.

 

        Həmin konfransda Moskva Dövlət Universitetinin Hüquq fakultəsindən cinayət hüququ sahəsində mütəxəssis hüquq elmlər doktoru, prifessor (adını, soyadını unutmuşam) cinayətlərin tövsifi ilə bağlı məruzə ilə çıxış etdi. Azerbaycan Respublikası Cinayət Məcəlləsində yerli adət-ənənələrin nəzərə alındığını xüsusi vurğuladı və bunun milli adət-ənənə zəminində baş vermiş cinayət hadisələrinin tövsifi zamanı vacib olduğunu bildirdi. Rusiya Federasiyasının Cinayət Məcəlləsində bunun nəzərə alınmadığını dedi. Misal olaraq göstərdi ki, Rusiya Federasiyasına daxil olan Kalmıkiya Muxtar Respublikasında evlənmək məqsədi ilə qız qaçırma hadisəsi baş verib, Məcəllədə müvafiq maddə olmadığı üçün müstəntiq analogiya tədbiq edərək bunu qanunsuz ov etmək kimi tövsif etdiyini bildirdi. Həmçinin o, yekun çıxışında Azərtbaycan Dövlət Universitetinin hüquq fakultəsində işlərin təşkilində müəllimlərin, tələbələrin hazırlıq səviyyəsini, dekan, hüquqşünas alim kimi Məmməd Xələfovun təşkilatçılıq bacarığını və konfransda məruzəsini yüksək dəyərləndirdi və daha sonra dedi ki, hüquq fakultəsinə, hüquq institutlarına Məmməd Xələfov kimi alimlər rəhbərlik etməsi müsbət nəticə verərdi.

 

        Mayası əxlaqi dəyərlərlə yoğrulmuş Məmməd müəllim teatr tamaşalarını, musiqini, klassiklərimizi və dünya ədəbiyyatı klassiklərini çox sevirdi. Mədəniyyətimizin, incəsənətimizin aparıcı tanınmış simaları ilə fəxr edir və bəziləri ilə dostluq edirdi. Özü də tez-tez teatr tamaşalarına gedirdi.

 

        Yaxşı yadımdadır, 1971-ci ilin sentyabr ayında Azərbaycan Musiqili Komediya Teatrının kollektivini, Süleyman Ələsgərov, Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova və Lütvəli Abdullayev başda olmaqla digər aktyorları fakultəyə dəvət etmişdir. Özü görüş zamanı tədbiri açaraq sankı teatrşünas kimi teatrda gedən tamaşaları təhlil edib qiymət verirdi. Qonaqların hər biri ayrıca çıxış etdilər və tələbələrin suallarını cavablandırdılar. Tələbə kimi bizim hər birimiz korifey sənətkarlarla görüşdən zövq aldıq və xoş hisslər keçirdik. Məmməd müəllim belə tədbirləri keçirməklə tələbələrin və gələcək hüquqşünasların zövqünü formalaşdırırdı.

 

        Məmməd Xələfovun dekanlığı dövründə respublika hüquq mühafizə orqanlarının rəhbərlərinin fakultə ilə sıx əlaqəsi var idi. Onlar Məmməd müəllimə çox böyük sayğı və hörmət bəsləyirdilər. Hər il dövlət imtahanları komissiyasının sədri kimi hüquq mühafizə orqanlarının rəhbərlərinin biri iştirak edirdi. Məmməd müəllim nüfuzuna billur şəxsiyyətinə görə istənilən hüquq mühafizə orqan rəhbərlərinə söz demək, hər hansı məsələ ilə bağlı müraciət etmək səlahiyyəti qazanmışdır. Onun müraciətləri müzakirə olmadan müsbət həllini tapırdı.

 

        1973-cü ildə universiteti bitirdikdən sonra hüquq fakultəsindən 8 nəfər təyinat verilmədən, zabit kimi xidmət etmə üçün SSRİ Müdafiə Nazirliyinin sərəncamına göndərildi. Onlardan biri də mən oldum.

 

        1975-ci ilin iyun ayında xidməti başa vurduqdan sonra fakultəyə qayıdıb Məmməd müəllimlə dekanlıqda görüşdüm. Məmməd müəllim iş otağında mənimlə səmimi söhbət etdi. Harada işləmək istədiyimi soruşdu. Prokurorluq orqanlarında işləmək fikrində olduğumu dedim. Katibəsini çağırıb məktubun məzmununu bildirməklə respublika prokuroru Qanboy Məmmədovun adına mənim işlə təmin olunmağım barədə məktub hazırlamağı tapşırdı. Məktub hazır olduqdan sonra imzalayıb mənə verdi və uğurlar arzuladı.

 

        Mən zəruri sənədləri məktuba əlavə edib Azərbaycan Respublikası Prokurorluğuna kadrlar şöbəsinə təqdim etdim. Məni işlə təmin etmək üçün növbəyə ğötürdülər və 1976-cı ilin aprel ayında işlə təmin edib Yevlax rayon Prokurorluğuna stajor müstəntiq göndərdilər. Sonrakı işlədiyim illərdə başqa sahələrdə çalışan dosnlarıma və yaxınlarıma hüquq fakultəsinin dekanı Məmməd Xələfovun yazdığı məktub əsasında respublika prokuror orqanlarında işlə təmin olunmağımı söyləyəndə heçkəs inanmaq istəmirdi; hazırda da bu yazını oxuyub və Məmməd müəllimi tanimayanlar da buna şübhə ilə yanaşacaqlar, ancaq həqiqət budur. Mən həmin məktubun surətini çıxarıb yadigar kimi özümdə saxlayıram.

 

        Məmməd müəllim mənim kimi çoxsaylı tələbələrinə bu və ya digər məsələlərdə kömək göstərməyi, arxa durmağı sankı özünə borc bilirdi. Hər bir tələbəsi də onu özünə mənəvi ata hesab edərək çəkinmədən ona kömək və məsləhət üçün müraciət edirdi. O, yüksək iman sahibi idi. İmanlı olduğu üçün insaflı idi. İnsaflı olan şəxslər də çox dəyərlərə sahib olurlar. Qurani-Kərimdə qeyd olunan insan üçün nə qədər müsbət xüsusiyyət vardırsa, onların hamısı Məmməd müəllimdə cəmləşmişdi. Mənəvi dəyərlər onun üçün əbədi, dəyişilməz mahiyyət daşıyırdı. O, öz davranışı, baxışı, hətta susması ilə ətrafındakılara təsir etməyi bacarırdı. Riyakarlıq və riyadan uzaq, ədalətli, xeyirxah, əxlaqlı, qeyrətli, Dədə Qorqud müdrikliyi duyulan alim, nurlu şəxsiyyət idi. Fakultənin bütün tələbələrini öz övladı  hesab edirdi. Hər bir tələbə də ona ata ehtiramı göstərməyə hazır idi. Məmməd Süleyman oğlunu sanki Allah-Tala yer üzünə xüsusi tapşırıqla göndərmişdi. O, tapşırığını ləyaqətlə yerinə yetirib, qüsürsuz-nöqsansız, üstünə toz da qpnmayan büllur bir varlıq kimi onun dərgahına qovuşdu. Özü kimi xatirəsi də pak, təmiz qaldı.

 

        Məmməd müəllimi tanımaq üçün onunla birgə işləmək, münasibətdə olmaq, məsləhətini dinləmək, tələbəsi olmaq və yaxud bir-iki dəfə onunla görüşmək kifayət idi. Mən indi də bir səhvə, qəbahətə yol verəndə elə bilirəm ki, Məmməd müəllim mənə baxır, özümü düzəldirəm. Onun bütün hərəkətləri, məsləhətləri, Allah vergisi və haqq sözü idi.

 

        Məmməd müəllim xəstə olarkən dünyasını dəyişməmişdən bir az əvvəl doğmalarından xarlamış qar istəyibmiş. Ona böyük bir qabda xarlamış qar gətiriblər. Qar təmizlik rəmzidit. Onu tanıyanlara Günəşin, Ayın varlığı qədər aydındır ki, o, heç bir ədalətsizliyə, haqsızlığa, günaha yol verməmişdir. Lakin yaşadığı cəmiyyətdə, haqsızlığla üzləşib, ədalətsizliklər görüb, bəzən məcburiyyət qarşısında ləyaqətsiz, pis, nadürüst adamlarla əl görüşüb, ona görə də dünyasını dəyişərkən xarlamış qara baxıb ki, gözlərindən gördüyü haqsızlıqların izi təmizlənsin. Əlini qara sürtüb ki, əllərindən nadan əllərin tozu təmizlənsin. Nəhayət bir çay qaşığı qar yeyib ki, bəlkə həmin miqdarda günahı varsa, o da təmizlənsin. Yaradanın dərgahına qovuşarkən son dərəcə təmiz olsun.

 

        Yuxarıda qeyd etdiyim kimi, biz hüquq fakultəsində təhsil alarkən fakultə keçmiş Kommunist, indiki İstiqlaliyyət küçəsində Əlyazmalar İnstitutunun arxasında yerləşirdi. Mən hər dəfə İstiqlaliyyət küçəsində həmin yerdən keçərkən fakultəyə dönən yerdə yolun kənarında olan fəvvarənin ətrafına (hazırda həmin fəvvarə yoxdur, sökülüb, hömin fəvvarədən biri də Əlyazmalar İnstitutu ilə Akademiyanın binasının arasında yerləşirdi, onu da söküblər, qeyd olunan fəvvarələr 1900-cü ildə Polşalı memar Qaslavskinin lahiyəsi əsasında yaradılmışdır, küçəyə və ətrafdakı binalara xüsusi gözəllik verirdi, bu tarixin yadigarları, gözəllik bəxş edən inciləri kim sökdü, niyö sökdü, Allah bilər) baxırdım və hər dəfə bu hissi keçirirdim. Mənə elə gəlirdi ki, bu saat Məmməd müəllim oradan çıxıb dekanlığa tərəf asta addımlarla gələcək və nurlu baxışları ilə ətrafı süzəcək. O, küçə ilə gedərkən sankı özü ilə sakitlik, nüfuz, əzəmət gətirirdi. Onun ətrafında sehirli bir qüvvə, sirli bir aura var idi. Onu yalnız özünə xas olan məğrurluq, ədalət, daxilindəki ülvilik nur şəklində birləşərək həmişə onu müşayət edirdi. Yenə mənə elə gəlir ki, onu kənardan görən hər kəs bu ülvi nurun işığında donub qalacaq, heyrət içində ona da pay düşsün deyə ayaq saxlayacaqdır...

 

        Allah-Tala Məmməd müəllimi yaradarkən insanlara çatdırmaq istəyib ki, şərəfli dəyərlərlə yaşamaq istəyirsinizsə, ona baxıb insanlaşın, həmişə xatirələrdə qalın. Məmməd Xələfov Ölməyib, o Allahın dərgahındadır.

 

Ömründə bir dəfə oxuyur Qu

 Quşları,

Ömründə bircə dəfə.........

Sən          

bir dəfə oxunmuş İlahi Qu nəğməsisən,

 Nə səndən əvvəl oxuyublar

Səni,

Nə səndən sonra səslənəcəksən.

Tanrının özü kimi

Tənhasan təksən....

Əziz, unudulmaz şüəllimlm Məmməd Süleyman oğlu Xələfov əməllərinə, şəxsiyyətinə görə ziyarət olunmağa layiq şəxsiyyət idi.

 

İmza:

Hörmətlə, Məmməd Süleyman oğlu Xələfovun tələbəsi,

sabiq prokuror Əsgərov Adil İsgəndər oğlu.

 

Gəncə şəhəri, 12 mart 2016-ci il




Ana səhifəyə qayıt        Baxış: 3 273          Tarix: 25-03-2018, 02:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma