Xəbər lenti


       Adəm Asnı yaradıcılığına bir baxış

      Adəm Asnı imzasını son illər tanımışam. Tanıdığım gündən də onun ədəbi yaradıcılığı  diqqətimi çəkib. Həm nəzm, həm də  nəsr əsərləri ilə. Adətən bir qələm adamı haqqında qısa fikir yürütmək üçün nəsr əsəridisə bir neçə abzası, şeirdisə bir bəndi oxumaq kifayət edir. Ancaq mən azacıq da olsa yanılmamaq üçün onu bütünlüklə oxumaq qərarına gəlirəm. Bu, bir neçə günümü alsa da, sonda səmərəli olur, fikrim qətiləşir. Xalq şairi Nəriman Həsənzadənin Adəm Asnının”Sığallı xatirələr” kitabına yazdığı “Ön söz” isə bu qətiyyətimi bir az da artırır:”Yazıçı oxucuya köhnə tanışı, dostu, təsvir elədiyi iştirakçısı gözü ilə baxır, həmsöhbət olur”.
    Adəm Asnının hekayələrini oxuduqca onun bir fikri məni rahat buraxmır: Hər bir   kitabı oxuyandan sonra oxuduqlarının təsiri ilə oxucuda hər hansı fikir, duyğu, təəssürat yaranırsa, deməli, kitab nahaq yazılmayıb və nahaq oxunmayıb.
    “Dönüş” hekayəsinin qəhrəmanı Əhməd kənddə doğulub, ali təhsil alıb, Cəzaçəkmə müəssisəsində dəstə rəisi işləyir. Dürüst bir insandır.El-obasını sevən, ata-anasının qulluğunda durmağa çalışan, hər şeydən əvvəl mənəviyyatını qorumağa çalışan bir vətəndaşdır. Dostluğu da uca tutan Əhmədə Mərdanın etdiyi rüşvət təklifi qarşısında atdığı addım onun necə mükəmməl bir xarakterə malik olduğunu sübut edir. Sonda bu dürüstlük bir məhkumun yenidən cəmiyyətə qayıtmasına, dürüst bir insan kimi həyatına davam etməsinə zəmin yaradır. Bu hekayədə yazıçı real bir qəhrəman təsvir edir, oxucuda onun həyatiliyinə heç bir şübhə yeri qalmır.
   “Mişka” hekayəsində kənd bütün reallığı ilə gözlərimiz önündə canlanır. İki dostun- Həsənlə Məftunun timsalında kənd, onun təbiəti, adamları bütün müsbət və mənfi tərəfləri ilə təsvir olunur. Kənddə heç kəsə qaynayıb-qarışmayan Alxas ailəsi, bu ailənin son aqibəti yazıçı tərəfindən çox real cizgilərlə təsvir edilmişdir. Onu da qeyd edək ki, bu hekayədə povestə xas olan detallar da diqqəti cəlb edir. Bu da yazıçının daha geniş yaradıcılıq diapazonuna malik olduğundan xəbər verir.
      “Dəb” hekayəsində hadisələr maraqlı bir fikrin ətrafında cərəyan edir. Qaraqaş kəndində yas məclislərində hər kəs bacardığı qədər dəbdəbəli ehsan verməyə çalışır. Hətta ən kasıb adamlar belə dəbdən geri qalmaq istəmir. Borc-xərc edib ehsanı yüksək səviyyədə yola verməyə çalışır. Yası düşənlərin bir çoxu verdiyi ehsan sayəsində ağır borca düşür, illərlə o borcu qaytara bilmir. Günlərin bir günü kənddə bir sözü iki edilməyən Qulam kişi düşünür ki, belə dəbdəbəli ehsan verməyə heç bir gərək yoxdur. Yas zamanı sadəcə stolun üstündə limon, qənd kifatətdir. O, bu fikrini yas məclislərindən birində kənd camaatına çatdırır. Əvvəl buna etiraz edənlər olur.Lakin tədricən onun bu təklifi müsbət qarşılanır və kənddə yeni ehsan vermə qaydası dəbə minir.
    “Soyuducu” hekayəsinin iki qəhrəmanı var. Ata Müzadil və oğul Müzamil. Hər iki xarakterin taleyi sonda kəndlə bağlı olur. Şəhər həyatına alışa bilməyən Müzadil və şəhərdə yaşayan Müzamilin şəhərdəki evinin darısqallığı üzündə kəndə gəlməsi və burada yaşamaq məcburiyyətində olması. Nəsillər arasında olan bağllıq və əlaqə məişət qayğısı və bu qayğının mərkəzində dayanan yayda daha çox ehtiyac hiss olunan soyudu  problemində özünü daha çox hiss etdirir.
    “Gülsatan” hekayəsində hadisələr Rusiyanın mərkəzi şəhərlərindən birində-Lesnayada cərəyan edir. Hüquq fakültəsində təhsil alan Samid tələbə dostları ilə topladığı pulla müəllimlərinə gül almaq üçün gül dükanına gedir. Məlum olur ki, gülsatanlar azərbaycanlılardır. Samid düşünür ki, yerliləri olduğu üçün gülü ona ucuz satarlar. Lakin düşündüyünün əksi olur. Gülü almağa pulu çatmır. Geri qayıdanda cavan bir oğlan onu saxlayır. Məlum olur ki, həmsöhbəti  gülü ona baha qiymətə satmaq istəyən oğlanın ortağıdır. Əvvəlki satıcıdan fərqli olaraq Valid adlı bu gənc ona istədiyindən artıq gülü pul almadan bağışlayır. Samit geri qayıdıb yerlilərinin səxavətindən söhbət açır və qürur hissi keçirir.
 İllər ötür.Samit məhkəmədə hakimdir və növbəti cinayət işinə baxmalıdır.Məlum olur ki, cinayəti törədən illər öncə ona gülü baha satmağa çalışan adamın qardaşıdır, indi xahişə gəlib. Ertəsi gün isə ona gül hədiyyə edən Valid xahişə gəlir. Samid zərəri öz cibindən ödəyərək məhkumu  azad edir. Bu hekayədə yazıçının bir məqsədi var. Heç vaxt yaxşılığı unutmamaq, hər bir yaxşılığa yaxşılıqla qarşılıq vermək.
    Adəm Asnınn “Zavallı Məsud”, “Dərs”, “İşarə”, “Vəsiyyətnamə”, “Məhəbbətin ətri”, “Son arzu” , “Başdaşı” və başqa hekayələrində kənd həyatı, o kənddə yaşayan insanların saf duyğu və düşüncələri təbiət fonunda yazıçı qələmi ilə çox ustalıqla təsvir edilir, şirin və rəvan bir dillə müxtəlif həyat hekayələrindəki o həyata, o həyatın rəngarəngliyinə bələdçilik edilir.
   Adəm Asnı yaradıcılığındakı sənətkarlığı dəqiq ifadə etmək üçün onun iki hekayəsindəki ideyanı müqayisə etmək kifayətdir. “Qismət” və “Dilənçinin” yığdığı” hekayələrində iki fikir yazıçı qələminin ustalığından xəbər verir. Birinci hekayədə dürüst, namuslu, öz halal əməyi ilə yaşayan Qismət, ikinci hekayədə başçılıq etdiyi idarəni çapıb-talayan, kələkbaz, hamını aldadan, öz ailəsinə qarşı belə dürüst davranmayan Mərdəli obrazları yazıçı ustalığı ilə rənglənir , birincisi məhəbbət, sevgi, ikincisi isə oxucu nifrəti qazanr.
    Adəm Asnı yaradıcılığında bir mühüm məqam da diqqəti cəlb edir. Yazıçı təsvir etdiyi hadisələri əsasən  iki zamana, iki dövrə ayırır. Bu dövrlər arasında on illər, bəzən daha çox vaxt seçilib yazıçı ideyasına xidmət etdirilir. Əsərin qəhrəmanı müəyyən mərhələlərdən keçir, bəzi zəruri məqamları yaşayır, hadisələrin həlli bir neçə il sonra oxucuya xəbər verilir. Görünür bu da Adəm Asnı yaradıcılığına məxsus bir ədəbi priyomdur.
     “Məzən olsun” hekayəsi adi məişət məsələlərinə həsr edilib.Əsl adı Knyaz olan bir gənc kənddə “Qaraca” adı ilə tanınır. Zəhmətkeş, öz əməyi ilə dolanan bir adamdır. Günlərin bir günü Qaraca İcra Hakimiyyətində məsul bir vəzifədə çalışan Məmmədəli müəllimin qızı Əsmərə elçi göndərir. Məmmədəli müəllim isə “Çobana-çoluğa verəcək qızım yox” deyib elçiləri qapıdan qovur. Əsmər isə gizlicə Qaracaya-Knyaza qoşulub qaçır. İllər keçir, Məmmədəli müəllim bir kərə də olsun Qaracanın qapısını açmır.Amma...bir gün açır o qapını. Eşidəndə ki, yeni icra başçısı ilə Qaraca arasında iş münasibəti var. Sonda məlum olur ki, Qaracanın tanıdığı iş adamının adı Əlizadə Həsənov, İcra başçısının adı Əlizadə Nəcəfdir. Adlar arasında oxşarlıq onu çaşdırır, həqiqəti öyrənəndən sonra Məmmədəli müəllim kürəkən qapısı açmağına peşman olur. Bu hekayədə hadisələr o qədər inandırıcı və real təsvir edilir ki, oxucu özünü həmin hadisələrin mərkəzində hiss edir.
    “Yad” hekayəsində müsəlman Ələsgərlə rus qızı xristian Qalinanın ailə səadətindən, dini münasibətlərin onların xoşbəxtliyinə kölgə salmadığından, “Təsəlli”də Taleh ilə Həmzənin dostluq tellərindən, Həmzə dostu Talehi ölümdən xilas edərkən həlak olmasından, Həmzənin ölümündən sonra Talehin ona olan sədaqətindən söhbət açılır.
   “İzahatın “səsi”, “Qonşular”, “Qaranquş yuvası”. “Çıxış yolu” hekayələrində yazıçı tanıdığı, bələd olduğu həyatdan, özü çıxdığı doğma mühitdən söhbət açır. Onun qəhrəmanları öz ətrafında olan insanlardı. Təsvir etdiyi hadisələrə dərindən bələddi. Onun qəhrəmanları müxtəlif sahələrin adamlarıdır.  Yazıçı onları yaxşı tanıyır.  Ona görə də yazıçı öz qəhrəmanlarını belə dəqiq, hər şeyi yerli-yerində təsvir edə bilir.
    Adəm Asnı yaradıcılığında bir cəhəti də qeyd etməyi lazım bilirik. Adətən nəsr əsərlərində dialoqlar mühüm əhəmiyyət kəsb edir. Dialoqlar nə qədər canlı, xarakterə uyğun olarsa, əsər bir o qədər qazanmış olur. Bu mənada Adəm Asnı qəhrəmanlarını  canlı danışıq dilində danışdırır, oxucunu hadisələrin təbiiliyinə inandıra bilir.
    Yazıçı öz qəhrəmanlarının xarakterini tamamlamaq üçün müəyyn vasitələrdən, effektlərdən istifadə edir. “Dönüş” də Zülfüqarın müsbət xarakterini idmana olan sevgisi tamamlayırsa, “Mişka” da Alxanın dəyənəyi onun pis, mənfi tərəflərini ifadə etməyə yardımçı olur. ”Gülsatan” hekayəsində Valid Rusiya  bazarlarından birində gül satır,lakin ticari maraqları onun müsbət xarakterini korlaya bilmir. Əksinə o, təmənnasız gül hədiyyə etməklə də özünün müsbət xarakterini bir daha sübut etmiş olur.
      Adəm Asnı bütünlüklə həyatı, insanları təbiəti müşahidə etmək üçün yaradıcı gücə malik isti ürəyə və iti qələmə sahib bir yazıçıdır. Şair Əbülfət Mədətoğlunun fikrincə isə “Onun konkret ünvanlara, gəzib gördüyü yerlərə bir rəssam, bir səyyah və bir az da məftunluq nəzərlərlə baxması dediklərimin əyani təsviridir.”
   Biz bu yazımızda Adəm Asnı yaradıcılığının nəsr tərəfindən, əsasən hekayəri haqqında danışdıq. Onun yaradıcılığının poeziya, şeir tərəfi isə ayrıca bir yazının mövzusudur.
     Adəm Asnı yaradıcılığının məsul dövrünü yaşayır.Yazır-yaradır,öz oxucusuna yeni söz deməyə, yeni fikirlər aşılamağa çalışır.Şübhə etmirik ki, qələm dostumuz gələcəkdə də yeni uğurlu əsərlər yazacaq, yeni duyğularla oxucusunun könlünü sevindirəcək. Biz də qələm dostumuza bu yolda uğurlar arzulayırıq.

     MƏMMƏD TAHİR
 




Ana səhifəyə qayıt        Baxış: 2 855          Tarix: Bu gün, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma