
Ukrayna ilə Rusiya arasında ilin sonuna qədər atəşkəs gözləntisi var; ekspert isə savaşın uzanacağı qənaətindədir
ABŞ dövlət katibi Marko Rubio bu həftə Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq. Bu, prezident Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək sammitin gündəliyi ilə bağlıdır.
“The Washington Post” öz mənbələrinə istinadən bildirir ki, qarşıdakı məsləhətləşmələr zamanı dövlət katibi Rusiyaya bir sıra iqtisadi xarakterli stimullaşdırıcı təklif verə bilər ki, onların da reallaşması, Vaşinqtonun fikrincə, Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh sazişinin bağlanmasından sonra mümkün olacaq. Təzyiqin tərkib hissəsi kimi isə ABŞ-nin Kiyevi daha uzaqmənzilli silahlarla təmin etmək imkanı, habelə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi nəzərdən keçirilir. Yəni söhbət Trampın “qamçı və kökə” taktikasından gedir.
“The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, Putin Trampla son telefon danışığı zamanı müharibəni dayandırmaq üçün şərt kimi Ukraynadan Donetsk bölgəsini verməsini tələb edib. Qəzet bildirir ki, bunun müqabilində Kreml güzəşt olaraq Zaporojye və Xerson vilayətlərinin bəzi hissələrinə iddialardan imtina etmək haqda düşünə bilər.
Nəşr daha sonra qeyd edib ki, bu cür sövdələşmələr Donbasın işğalını rəsmiləşdirir və Trampın “sülh planı” haqqında danışmasına baxmayaraq, Moskvanın köhnə tələblərini təkrarlayır. Ukrayna və Avropa rəsmiləri isə bu ideyanı qəbuledilməz adlandırıblar.
Qəzetin iddiasına görə, ABŞ Prezidentinin xüsusi elçisi Steven Uitkoff cümə günü Ukrayna nümayəndə heyəti ilə görüşü zamanı Vladimir Zelenskiyə təzyiq edərək, Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan hissəsi ilə bağlı Putinə ərazi güzəştinə getməyi təklif edib. Nəşrə görə, Vitkoff Zelenski ilə görüşündə bölgənin “əsasən rusdilli” olduğuna diqqət çəkərək, Ukrayna tərəfini müəyyən ərazilərin verilməsinin zəruriliyinə inandırmağa çalışıb.
Bu arada Tramp növbəti dəfə Ukrayna müharibəsi barədə qalmaqallı açıqlama verib. O, “Fox News” telekanalına müsahibəsində bildirib ki, Putin Ukrayna ilə münaqişə nəticəsində müəyyən əraziləri əldə edəcək və bu, “qaçılmaz reallıqdır”. Onun sözlərinə görə, hazırkı müharibənin sonu masa arxasında yox, artıq döyüş meydanında müəyyənləşib: “Münaqişə Kiyevin müəyyən əraziləri itirməsi ilə başa çatacaq. Putin, əlbəttə ki, nəsə götürəcək - axı onlar döyüşüblər, o torpaqlarda müharibə aparıblar. Bu, onun qazandığı ərazidir”.
ABŞ prezidenti əlavə edib ki, o, müharibənin “mümkün ən tez zamanda” bitməsi üçün çalışır və məqsədi Ukraynaya sonsuz maliyyə axınını dayandırmaqdır. Tramp bəyan edib: “Biz milyardlarla dollar xərcləyirik, amma nəticə yoxdur. Ukrayna ordusu tükənib, Rusiya isə irəliləyir” (Lakin az öncə Tramp Ukraynanın qalib gələ biləcəyini söyləmişdi).
Ukrayna Prezidenti Vladimir Zelenski isə səfər sonrası açıqlamasında Rusiyaya heç bir ərazi güzəşti edilməyəcəyini söyləyib.
Öz növbəsində Türkiyə XİN başçısı Hakan Fidan bu ilin sonunadək müharibənin sonlandırılmasına ümid etdiyini söyləyib. Mümkünmü?
Trampın Rusiyaya qarşı “qamçı və kökə” taktikası, nəhayət, nəticə verəcəkmi?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, istənilən qalıcı sülh sazişi “qazan-qazan” prinsipinə əsaslanmalıdır: “Əks halda, yalnız bir tərəfə zorla qəbul etdirilən birtərəfli sülh sazişləri yeni və daha sarsıdıcı müharibələrin çıxması üçün zəmin hazırlayar. Necə ki, bəşəriyyət bunu I Dünya savaşı zamanı gördü. Məlum olduğu kimi, 1919-cu ildə Antanta İttifaqı ilə Almaniya arasında bağlanan Versal sülh müqaviləsi müharibənin bütün günahlarını məğlub dövlətlərin üzərinə qoymuş və həmin xalqlara yerinə yetirə bilməyəcəkləri qədər ağır şərtlər yükləmişdi. Bu da istər-istəməz Almaniya və digər məğlub ölkələrdə revanşizmin, şovinizmin, millətçiliyin güclənməsinə zəmin yaratmış, dolayısıyla II Dünya savaşının təməlləri atılmışdı. II Dünya müharibəsi isə təkcə Almaniyanı deyil, bütün Avropanı xarabazara çevirmiş, köhnə dünya düzənini darmadağın etmiş, dünyanın ABŞ və SSRİ hegemoniyası arasında bölüşdürülməsinə yol açmışdı. Bu mənada I Dünya savaşının sonunda bağlanmış Versal müqaviləsi təkcə Almaniyanın deyil, bütün Avropa dövlətlərinin məğlubiyyəti ilə nəticələnib, onların ABŞ hegemoniyası altına düşməsinə səbəb olub”.
Onun sözlərinə görə, bu gün Tramp tərəfindən Ukraynaya zorla qəbul etdirilməyə çalışılan sülh müqaviləsi də heç bir beynəlxalq hüquq normalarını nəzərə almır: “Trampın özü də bunu gizlətmir, Rusiyanın savaşaraq, qan tökərək Ukrayna ərazilərini işğal etdiyini, bu da ələ keçirilmiş həmin ərazilərdə onun mənimsəmə hüququnu yaratdığını açıq şəkildə etiraf edir. Sözsüz ki, Trampın istinad etdiyi bu arqument on illərlə formalaşmış beynəlxalq hüquqa yox, gücə sitayişə əsaslanır, "kim güclüdürsə, onun başqasının ərazilərini ələ keçirmək hüququ var" məntiqini qanuniləşdirir. Bu isə yeni müharibələrə dəvətnamə göndərməyə bənzəyir.
Təsadüfi deyil ki, Trampın Zelenskiyə zorla qəbul etdirməyə çalışdığı bu sülh anlayışı təkcə Ukrayna tərəfindən deyil, həm də Avropa ölkələri tərəfindən də birmənalı qarşılanmır. Zelenski Trampla görüşündən sonra ABŞ mediasına verdiyi açıqlamada Rusiyaya heç bir güzəştə getməyəcəklərini açıqlayıb. Deyib ki, Ukrayna rus qoşunlarına heç bir hədiyyə verməyəcək, Ukrayna və onun müttəfiqləri ədalətli sülh üçün Moskvaya təzyiqləri artırmağa davam etdirəcək. Bənzər bəyanatlar Böyük Britaniya, Almaniya və Fransa tərəfindən də səsləndirilib. Bu da onu göstərir ki, Trampın bütün tələblərinə baxmayaraq, Ukrayna ona zorla qəbul etdirilməyə çalışılan kapitulyasiya aktını imzalamayacaq və bacardığı qədər savaşacaq. Rusiyanın bu müharibədən güclənərək çıxmasını özü üçün təhdid olaraq görən Avropa ölkələri də onu dəstəkləyəcək və hər cür silahla təmin edəcək. Bu isə sayın Hakan Fidanın müharibənin tezliklə bitəcəyi barədə proqnozlarını şübhə altına alır".
Ekspert hesab edir ki, Avropa ilə ABŞ arasında Rusiyaya yanaşmadakı bu fərqli münasibətlər Ukraynanın da işini çətinləşdirir və müharibənin uzanmasını şərtləndirir: “Bu mənada mən şəxsən Avropa ölkələrinin, xüsusilə də Böyük Britaniyanın öz mövqeyindən geri çəkiləcəyinə inanmıram. Əksinə, onlar nəyin bahasına olursa-olsun, ABŞ-ni də bu müharibəyə cəlb etməyə çalışırlar və çalışacaqlar. Avropada hakim olan qlobalistlərin ABŞ-də də güclü dayaqları var və yəqin ki, onlar bu təzyiq riçaqlarını da işə salıb Trampı "zərərsizləşdirmək" yolunu tutacaqlar. Bir sözlə, Ukrayna-Rusiya savaşı nəinki yaxın zamanlarda səngiməyəcək, əksinə, Qərb ölkələrinin çarpışan maraqları yeni rəqabət və yumşaq güc savaşlarını daha da körükləyəcək".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Paylaş: