Xəbər lenti

 Söz göyərdirəm

 

Söz mülkünü yara-yara

Sinəmdə söz göyərdirəm.

Söz düzürəm misralara

 Sinəmdə söz göyərdirəm.

 

Hikmətli söz gəlmir ələ,

Sözləri tuturam dilə,

Əriyirəm gilə-gilə,

Sinəmdə söz göyərdirəm.

 

Dindirsən torpağı, daşı,

Milyon ildi sözün yaşı,

Sözün qədrin bilməz naşı,

Sinəmdə söz göyərdirəm.

 

Düşündükcə yaza-yaza,

Sözlər özün qoyur naza,

Yalvarıram insafsıza,

Sinəmdə söz göyərdirəm,

 

Gözəl olur sözün düzü ,

Hər yerdə ağ edir üzü,

Çox şirindi Vətən sözü,

Sinəmdə söz göyərdirəm.

 

Söz var ki,desən hədərdi,

Söz də var qızıldı, zərdi,

Məni üzür Vətən dərdi.

Sinəmdə söz göyərdirəm.

 

Dağlara qar yağıbdı...

 

Dağlar ağ donunu geyinib yenə,

Zirvələr bənzəyir təzə gəlinə.

Qara qucağını dərələr açıb,

Soyuğdan dağların yuxusu qaçıb.

 

Hayana baxırsan hər tərəf ağdı,

Təpələr eləbil bir ağ otaxdı.

Şaxtadan şəlalə buz bağlaybdı,

Qaya saçlarını qucaqlayıbdı.

 

Bulaqlar susubdu, yoxdu nəğməsi

Daha eşidilmir kəkliyin səsi.

Qış yaman gəlibdi yenə dağlara,

Yalquzaq da yalqız düşübdü tara.

 

 

Dağlar məst olubdu qar qoxusuna,

Ayılar gedibdi qış yuxusuna.

Baharın sədası uzaqlardadı,

Bərəkət dağlara yağan qardadı.

 

 

Fəsillər dəyişir gələcək bahar,

Baharda donunu soyunar dağlar.

Yanar dağ döşündə qızıl lalələr,

Dağların qoynuna qonaqlar gələr.

 

Soruşmayın

 

Sözün sərrafı mənəm,

Çöllərdə sünbül,dənəm,

Mən torpağam,Vətənəm,

Soruşmayın mən kiməm.

 

Dünya mənim içimdə,

Ürək dünya biçimdə.

Nələr yatır içimdə,

Soruşmayın mən kiməm.

 

Torpağım çox uludu,

Yolum haqqın  yoludu.

Sinəm sözlə doludu,

Soruşmayın mən kiməm.

 

Küləklər qanadımdı,

Vətən istedadımdı.

Azərbaycan adımdı,

Soruşmayın mən kiməm.

Bir Günəş var

 

Ürəyimdə bir günəş var,

Mənim gənclik yaşımdadı.

Nə yerdədi,nə göydədi,

Ürəyimin başındadı.

 

Bu günəşin zərrəsindən,

Ürəklərə şəfəq düşür.

Şeir-şeir  nəğmələşir,

İnsanlarla o, görüşür.

 

Orbitində görünməyən,

Dünya boyda Vətən yatır.

İlhamıma qanat verir,

Ürəyimlə o,tən yatır.

 

 

Ürəyimdə bir günəş var ,

Zaman-zaman  o,yanacaq.

Misra-misra dilə gəlib,

Ürəklərdən boylanacaq.

Şeir nədir?

 

Demə şeir bi həvəsdi,

O, Tanrıdan gələn səsdi.

Əbədidi, müqəddəsdi,

Alovlanan közdü şeir.

 

Tanrının söz çələngidi,

“Çahargahdı”,o, “Cəngidi”.

“Bəstə-nigar” ahəngidi,

Çalınmamış sazdı şeir,

 

İnsanlara o, həyatdı,

Arzulara qol-qanaddı.

Bayatıdı,muğamatdı,

Oxunmamış sözdü şeir.

 

 

Acısı var,şirini var,

Dayazı var,dərini var.

Kəlməsində gülər bahar,

Gül-çiçəkli yazdı şeir.

 

Məhəbbətin ilk səsidi,

Sevənlərin müjdəsidi,

İki qəlbin nəfəsidi,

Qəlb oxşayan nazdı şeir.

 

 

Misrasında bir qız yatar,

Tənha gəzər,yalqız yatar.

Bax, ay yatar,ulduz yatar,

Bir bakirə qızdı şeir.

 




Ana səhifəyə qayıt        Baxış: 923          Tarix: 24-01-2019, 21:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma