Göyçə
Göyçə adı düşdü dilə,
Torpağını verdik yelə,
Ha harayla indən belə,
Bir daşı da gəlmir ələ!
Vurulmuşduq Göyçə gölə,
Sazındakı üçcə telə,
Məzəmmətlə baxma, lələ,
İndi varıq elə - belə...
Yaxşıları fəryad ilə...
Naqisləri çoxdu hələ,
Bənzəyirdi şux gözələ
Qaldı qərib, gözün silə!
Çalmalıda açan gülə,
Qıymaz idik onda hələ,
Ürək özü döndü külə,
Nə gül-çiçək, çox da dilə!
Yaman yerdə düşdük felə,
Çoxmu çəkər bu vəlvələ,
Haraylasan, bəlkə elə,
Öz harayın haya gələ!
Mahir, çox da qalxma zilə,
O dağlara çatan nalə,
Adiləşir gələ-gələ,
Unudulur gilə-gilə!..
Qorxuram ki, Göyçə bilə,
Qan ağlayıb bizə gülə,
Aradakı vəhdət ölə,
Ömür, sən də bir səbr elə,
Dünya dönür... Bəlkə elə.
Biz getməsək, Göyçə gələ,
Gözüm üstdə bir dincələ,
Göz də onu yuya, silə,
Saflıq düşə çaya, gölə,
Torpaq bunu layla bilə.
Qərib yurdlar bir dincələ,
Dönə bilsən sən məşələ,
Bizi apar Göyçə “gilə”
Tarix dönə lap əvvələ.
Neyləyim ki, əlim hələ
Göydə qalıb, sanki kölə,
Əlac tapaq bu əngələ,
Yad olmarıq doğma elə...
Əziz yurdum, yanma elə
Sən qoymazsan ümid ölə
Gözlə hələ, gözlə hələ!..
fevral 2018 Xırdalan
Və 37 il əvvəl:
Göyçə
İlk dəfə dünyanın şeiriyyətini
Sənin varlığında görmüşəm, Göyçə.
Ürəkdə duyğulu, əziz bir yeri
Hörmətlə mən sənə vermişəm, Göyçə.
Acı da görmüşəm, şirin də səndə,
Mənlik də, vüqar da yetirdin məndə,
Qoynundan hər dəfə uzaq düşəndə
Bəlkə yuxuna da girmişəm, Göyçə.
Görmüşəm adını dillər əzbəri,
Yayda səndə gəlib dincələnləri,
Saz, sənət yurdusan əzəldən bəri,
Ömrümü eşqinlə hörmüşəm, Göyçə.
Ucda Göyçə gölü, başda Çalmalı,
Ələsgər səninçün vüqar timsalı,
Dərindən duymaqçün belə mahalı,
Qəlbimi diqqətlə gərmişəm, Göyçə.
Adın çox əzizdi, qucağın gendi,
Mahir sənə pənah gətirib indi.
Dağında, düzündə bil, sevgidəndi –
Ayaq izlərimi sərmişəm, Göyçə.
avqust 1981
Paylaş: