Müəllimlərin işə qəbulu müsabiqəsi bu il də eyni qaydalarla keçiriləcək.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, müəllimlərin işə qəbulu bir neçə mərhələdə həyata keçirilir: “Bu il də qaydalar eyni şəkildə olacaq. Adətən, hər il mövcud müəllim vakansiyaları ilk olaraq, Təhsil Nazirliyinin sistemində olan müəllimlər üçün açılır. Sistem daxilində olan və ailə vəziyyəti ilə əlaqədar, yaxud da hansısa səbəbdən yaşayış yerini dəyişən müəllimlər vakant yerləri seçərək müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etmək hüququ qazanırlar. Bir qayda olaraq, biz bunu iyun ayında keçiririk. Hesab edirəm ki, bu il də həmin müsabiqə iyunda baş tutacaq”.
Nazir əlavə edib ki, kütləvi xarakterli olan və iyulda keçirilən mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə dəyişiklərin olması nəzərdə tutulmur: “Ötən il ilk elan edilən vakansiyalar zamanı deyil, ikinci yerləşdirmə zamanı iş qazanan və müvəqqəti əsaslarla işə qəbul olunan müəllimlər üçün daimi işləmək şəraiti yaradılıb. Artıq bu tədris ilinin əvvəlindən həmin müəllimlər işə başlayıb”.
C.Bayramov onu da əlavə edib ki, müəllimlərin işə qəbulu müsabiqələrinin nəticəsində işə qəbul olunanların 90 faizi gənc müəllimlərdir.
Paylaş: