İstanbul Böyükşəhər Bələdiyyəsindəki "casusluq" istintaqı ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi ətraflı material təqdim edib.
Materialda istintaq çərçivəsində Türkiyədə İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) tərəfindən hazırlanmış hesabatdan çıxarışlar göstərilib.
Hesabatda martın 6-da Türkiyənin hüquq-mühafizə orqanlarına sözügedən cinayət işi çərçivəsində informator kimi ifadə verən Ü.D.A-nın sözləri xüsusən diqqət çəkib.
Ü.D.A qeyd edib ki, istintaq çərçivəsində saxlanılan şübhəli Hüseyin Gün 2005-2006-cı illərdə Özbəkistandakı mövcud hakimiyyəti devirmək məqsədilə bir sıra işlər həyata keçirib.
"Keçirdiyi görüşlər zamanı çevrilişi həyata keçirmək və müxalifətin maliyyələşdirilməsini təmin etmək üçün xarici kəşfiyyat orqanlarına tələblər irəli sürdüyünü bilirəm. Hüseyin Gün anama danışdığı zaman eşitmişdim. Bilirəm ki, bu məqsədlə Londonda mühacirətdə olan rusiyalı milyarder Berezovski və Corc Sorosa məxsus Açıq Cəmiyyət Vəqfinin səlahiyyətliləri ilə görüşərək maliyyələşdirmə tələb edib. Bu şəxslərin maliyyələşdirmə qarşılığında müəyyən şərtlər də irəli sürdüklərini bilirəm. Qarşılıqlı razılaşma nəticəsində onların Özbəkistanda baş verəcək hadisələrdə iştirak edəcəkərindən də məlumatım var", - deyə o iddia edib.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun "siyasi/hərbi casusluq" istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu, kommunikator Necati Özkan və jurnalist Merdan Yanardağ həbs olunub.
Prokurorluq sübut olaraq hüquq-mühafizə orqanlarına edilmiş zəngi, rəqəmsal materialları, HTS (Historical Traffic Search) məlumatları və Hüseyin Gün adlı şəxsin peşman olduğunu bildirərək verdiyi ifadəni əsas göstərib. "Cinayət törədilməsinə dair əsaslı şübhə", "qaçmaq riski" kimi amillər nəzərə alınaraq sözügedən şəxslər barəsində həbs qərarı verilib. İmamoğlu, Özkan və Yanardağın vəkilləri ittihamları rədd ediblər.
İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan "casusluq" istintaqı Türkiyənin "112 Təcili Çağrı Mərkəzi"nə gələn zənglə başladılıb. Gələn zənglə daxil olan məlumatda Türkiyə vətəndaşı Hüseyin Günün xarici ölkələrə casusluq etdiyi, bu yolla da Türkiyədəki seçki prosesinə təsir göstərəcək maliyyə vəsaitlərini əldə etdiyi iddia olunub. Prokurorluq iddiaları nəzərə alaraq Hüseyin Günün saxlanılması barədə qərar qəbul edib. Saxlanılan şəxs verdiyi ifadədə peşman olduğunu bildirərək əlindəki rəqəmsal materialları prokurorluğa təqdim edib. Onun cihazlarında ABŞ-də yerləşən kibertəhlükəsizlik şirkəti "PiiQ Media"nın rəhbəri Aaron Barrla yazışmalar tapılıb. Şübhəlinin heç bir ticarət fəaliyyəti olmasa da, bank hesablarında 85 milyon türk lirəsi (təxminən 3.4 milyon AZN) həcmində pul transferi müəyyən edilib. Bütün bunlardan sonra isə istintaq İBB sədri Ekrem İmamoğlu, seçim kampaniyasındakı müşaviri Necati Özkan, jurnalist Merdan Yanardağ və İBB-nin əməkdaşı Melih Geçek daxil edilərək genişləndirilib.
İstintaq çərçivəsində müəyyən edilib ki, Hüseyin Günün əsas əlaqəsi "mənəvi anası" adlandırdığı Seher Alaçam vasitəsilə Necati Özkanla olub. N.Özkan Hüseyin Gündən bir sıra məlumatları əldə etməsini istəyib, sonradan həmin məlumatlar Ekrem İmamoğluna təqdim olunub.
Prokurorluq məlumatlarına görə, Hüseyin Gün xarici kəşfiyyat orqanları ilə əlaqəli bir şəxsdir. Necati Özkan onun Türkiyədəki əsas əlaqədə olduğu şəxs, Ekrem İmamoğlu siyasi fiqur, Merdan Yanardağ isə media sahəsindəki əlaltısı olub.
Paylaş:




























