Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov İH-də ciddi islahatlar və araşdırmalara başlayıb.
Bu barədə müsavat.com-a daxil olan məlumatda bildirilir ki, yeni başçı vətəndaşların ən çox şikayətçi olduğu sahələrə məsul olan qurum və onların rəhbərlərinin fəaliyyəti, əməlləri ilə bağlı ilkin incələmədən sonra müvafiq addımlar atmağa başlayıb.
İlkin olaraq illərdir yerli əhaliyə “qan udduran” Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayev işdən azad edilib.
Başçı Niyazi Bayramov Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə qərar verib.
Bundan başqa, daha çox şikayət edilən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyətinin araşdırılmasını komissiyaya tapşırıb.
Məlumatı verən mənbə bildirir ki, Məharət Mustafayev Elmar Vəliyevin “torpaq dəllalı” olub. O, uzun illər ərzində Gəncədə qanunsuz torpaq satışını həyata keçirib, iş adamlarından sənəd bəhanələri ilə xərac toplayıb, bir mülkü müxtəlif saxta sənədlərlə bir neçə şəxsə satıb. O, Gəncədə yüzlərlə vətəndaşa aid mülkə, torpaq sahəsinə faktiki olaraq saxta sənədlər verib.
Mənbə qeyd edir ki, Gəncədə böyük qanunsuzluqlara yol vermiş keçmiş Vəliyevçilər ətrafında aparılan yoxlamalar həbslərlə nəticələnə bilər.
Nəzərə çatdıraq ki, Məharət Mustafayevin adı mediada çoxdan məşhurdur. Onun qanunsuzluqlara yol verməsi, vətəndaşları incitməsi haqda indiyədək onlarla vətəndaşın müraciətləri də mediada dərc olunub.
Qalmaqallı şikayətlərdən biri də Gülnar Günəşliyə məxsus idi. Gəncə Memarlıq və Şəhərsalma İdarəsində sektor müdiri olmuş bu xanım Məharət Mustafayevin ona əxlaqsız təkliflər etdiyini, bununla razılaşmadığı üçün işdən çıxarıldığını, intihara cəhd etdiyini bildirmişdi. Həmin vaxt G.Günəşli M.Mustafayevin çoxsaylı qanunsuzluqlarından da bəhs etmişdi.
Onun şikayəti əsasında cinayət işi başlanıldığı, Məharət Mustafayevin ifadəsinin alındığı da bəlli olmuşdu. Amma sonradan Məharət Mustafayev Elmar Vəliyevin dəstəyini alaraq, “sudan quru çıxmışdı”, hətta G.Günəşliyə də “təkzib bəyanatı” yazdırmağa müvəffəq olmuşdu…
Qeyd edək ki, Elmar Vəliyev 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra hələ Yevlax rayonunda başçı olduğu vaxt tanıdığı Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayonunun icra başçısı təyin olunmasına nail olmuşdu. Məharət Mustafayev Nizaminin icra başçısı olarkən sadə vətəndaşları təhqir etməklə məşhurlaşmışdı.
Nəhayətdə o, RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə torpaq üstündə əlbəyaxa dalaşıb, onu döymüşdü. Həmin vaxt onun barəsində araşdırma aparıldı və icra başçısı vəzifəsindən azad edildi. Lakin Elmar Vəliyev az sonra vazkeçilməz hesab etdiyi bu adamı Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin etmişdi.
Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Musavat.com
Paylaş: