Xəbər lenti


The Associated Press, ABŞ
11.12.2020


Müəllif: Syüzan Freyzer, Avet Demuryan
Azərbaycanda dekabrın 10-da 3 mindən çox hərbçinin iştirakı ilə hərbi parad keçirilib. Ermənistanla Azərbaycan arasındakı son hərbi əməliyyatlar nəticəsində Bakı Dağlıq Qarabağ regionunun böyük hissəsinə və ona bitişik rayonlara nəzarəti bərpa edib. Azərbaycanda hərbi paradı bu zəfəri bayram etmək məqsədilə keçirib. Azərbaycanı qətiyyətlə dəstəkləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parada qatılmış qonaqlar sırasında olub.

Hərbi paradda onlarla hərbi nəqliyyat, o cümlədən hərbi təyyarələr nümayiş olunub. Türkiyə istehsalı olan dronların da nümayiş etdirildiyi parad Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs sazişdən 1 ay sonra təşkil olunub. 6 həftə davam etmiş döyüşlər məhz bu sənədin imzalanmasından sonra başa çatıb.

Parada Türkiyə Ordusunun hərbçiləri də qatılıb. Azərbaycan prezidenti İlham Əliyev paraddakı çıxışında Türkiyənin ünvanına xoş sözlər söyləyib. O, Ankaranın ölkəsinə dəstəyindən danışaraq bildirib ki, “bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”.
Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionu 1994-cü ildə başa çatmış separatçı müharibə nəticəsində Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrinin nəzarətinə keçmişdi. Həmin müharibə nəticəsində ermənilər Dağlıq Qarabağla yanaşı, ona bitişik geniş əraziləri də nəzarətə götürmüşdülər.

Bu il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş döyüşlər zamanı Azərbaycan Ordusu Dağlıq Qarabağın dərinliklərinə qədər irəliləyib. Müharibədə hər iki tərəfdən ümumilikdə 5600-dən çox insan həyatını itirib. Sonda Ermənistan Rusiyanın vasitəçiliyilə sülh bəyannaməsini imzalamağa məcbur olub. Noyabrın 10-da qüvvəyə minmiş sənədə əsasən, Dağlıq Qarabağ ərazisinin böyük hissəsi Azərbaycana qaytarılıb. Bundan başqa, Ermənistan separatçı region ətrafındakı bütün rayonların Azərbaycana qaytarılması ilə bağlı öhdəlik də götürüb.
Bakıda keçirilmiş paradda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da çıxış edib. O, ölkəsinin Azərbaycana dəstəyinin davamlı olduğunu bir daha dilə gətirib. “Türkiyə ilə Azərbaycan çiyin-çiyinə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gələcək, davamlı uğur qazanacaqlar”, - deyə o, bildirib.

Ərdoğan Ermənistanın məğlubiyyətdən dərs alacağına ümid etdiyini də deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi müsbət addımlar atarsa, Türkiyə bu ölkə ilə sərhədlərini açmağa hazırdır.

Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərini 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi alovlandıqdan sonra bağlayıb. Nəticədə dənizə çıxışı da olmayan Ermənistan blokadaya düşüb, bu isə onun iqtisadi vəziyyətini ağırlaşdırıb.

“Bu məsələdə müsbət addımlar atılarsa, biz bağlı olan qapılarımızı açarıq... Bizim qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi dərdimiz yoxdur”, - deyə Türkiyənin dövlət başçısı qeyd edib: “Bizim Ermənistan xalqına qarşı kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyətindədir”.
Noyabrın 10-da imzalanmış saziş ermənilər üçün ciddi travma olub. Ölkədə 1 aydır davam edən nümayişlərdə baş nazir Nikol Paşinyanın istefası tələb olunur. Lakin Paşinyan istefa vermək fikrində deyil. O, bildirir ki, sülh bəyannaməsinin imzalanması ağır olsa da, lazımlı addım idi. Ermənistanın baş naziri hesab edir ki, bu sənəd Azərbaycanın bütün Dağlıq Qarabağı tutmasına mane olub.

Hər halda, Əliyevlə Ərdoğanın Bakıda hərbi paradı izlədikləri vaxt, Ermənistanın paytaxtı Yerevanda, hökumət evinin qarşısında minlərlə şəxs nümayiş keçirirdi. Nümayişçilər Paşinyanı istefaya məcbur etməyə çalışır. İnsanlar hökumət evinə daxil olmağa belə, cəhd göstərib. Lakin polis buna imkan verməyib və çox sayda insanı həbs edib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə:
The Associated Press



Ana səhifəyə qayıt        Baxış: 3 110          Tarix: 11-12-2020, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma