Xəbər lenti

Həkim-infeksionist Nilufər Məmmədova: “Yayı gözləyə bilmərik, ona görə vaksinasiya çox vacibdir” 

Son statistikaya əsasən, dünyada indiyədək koronavirusa yoluxma sayı 97 milyon 388 mini ötüb. Yoluxanların 2 milyon 85 mindən çoxu xəstəlikdən dünyasını dəyişib. Avropada epidemioloji vəziyyət ağır olaraq qalır. Niderland bir neçə ölkə ilə hava əlaqəsini bağlayıb. ABŞ-da qarşıdakı 100 gün ərzində federal idarələrin ərazisində maskadan istifadə və sosial məsafənin gözlənilməsi məcburi olacaq. Müvafiq sərəncam ölkənin yeni prezidenti Co Bayden tərəfindən imzalanıb. Birləşmiş Ştatlarda yoluxma və tələfat statistikasına gəlincə, ötən gün 57 mindən çox insanda koronavirus aşkarlanıb, 1710 nəfər xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə, bu ölkədə pandemiya qurbanlarının sayı 415 mini ötüb.

Avropa ölkələrində də epidemioloji vəziyyət ağır olaraq qalır. Son sutkada Böyük Britaniyada həm ölənlərin sayında, həm də yoluxma sayında kəskin artım olub. İspaniyada da son həftələrdə yoluxmalarda kəskin artım müşahidə olunur. Son 7 gündə COVİD-19 1146 nəfərin həyatına son qoyub. Bu, noyabrın sonundan bəri ən yüksək həftəlik tələfat göstəricisidir.
Niderland isə koronavirusun yeni mutasiyalarının yayılmasının qarşısını almaq üçün Böyük Britaniya, Cənubi Afrika Respublikası və Cənubi

Amerikanın bir sıra ölkələri ilə hava əlaqəsini dayandırıb. Qadağa yanvarın 23-dən qüvvəyə minəcək və sərnişinlər üçün karantin qaydalarının yekun təsdiqindən sonra ləğv olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı 15 vaksinlə bağlı qiymətləndirmələr aparır və bir neçə həftə ərzində onlardan bir neçəsi təcili istifadə üçün olan preparatlar siyahısına salına bilər. Bu barədə təşkilatın yeni təlimatında məlumat verilib. Hələ ki siyahıda olan yeganə vaksin


“Pfizer/BioNTech”in preparatıdır. “AstraZeneca” şirkətinin peyvəndi yanvarın sonunadək, Cənubi Koreyanın “Bioscience” şirkətinin istehsal etdiyi vaksin fevralın ikinci yarısınadək təcili istifadə üçün olan preparatlar siyahısına daxil edilə bilər.
Göründüyü kimi, dünyada koronavirusdan ölənlərin sayı son həftədə daha da artıb. Azərbaycanda isə vəziyyət stabilləşib, ölüm sayları da azalıb. Ölkəmizdə yanvarın 18-dən başlayan vaksinasiya ilk olaraq səhiyyə işçilərinə tətbiq edilib. Bəs görəsən, əhali arasında ümumi vaksinasiya nə vaxt başlaya bilər? Məsələn, yanvarın 18-dən etibarən Rusiyada əhali arasında kütləvi vaksinasiyaya başlanıb. Bizdə də bu mümkün ola bilərmi?

Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik. “Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova ilk olaraq  peyvəndləmə prosesinin effekti barədə danışıb: “Vaksinasiya o zaman effektli olur ki, müəyyən bir zaman çərçivəsində əhalinin geniş kütləsi buna cəlb olunmuş olsun. Arada çox zaman fərqi qoyulmadan bunu etmək lazımdır. Düşünürəm ki, yaxın zamanda əhalinin digər hissəsi də vaksinasiya olunacaq. Sadəcə,  ilk olaraq tibb işçilərindən başlandı. Bunun əsas səbəblərindən biri əhalinin vaksinasiyaya etibarını artırmaqdır. Bir ölkənin səhiyyə işçiləri vaksinasiya olunmursa, o ölkənin digər əhali qrupunu vaksinasiyaya cəlb etmək mümkünsüzdür. Xüsusilə də indiki dövrdə peyvəndləmə ilə bağlı gəzən şayiələrdən dolayı qeyri-tibb sektorunda olan insanlar bundan çəkinirlər. Bu səbəbdən də səhiyyə işçilərinin birinci vaksinasiya olunması daha məqsədəuyğun hesab olundu. Məqsəd digər insanların da zamanı gəldikdə könüllü olaraq peyvəndləmədə iştirak etməsini təmin etməkdir.
Həkimlər vaksinasiya olunub, yan təsirləri az oldusa, digər əhali kütləsinin də peyvəndləməsinə zəmin yaranacaq. Düşünürəm ki, çox gec qalmadan, çox fasilə vermədən digərləri də bu prosesə cəlb olunacaq. Yalnız o halda vaksinasiyanı effektli saya bilərik".

Həkim-terapevt Məlahət İsayeva da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Yanvarın 18-dən başlayaraq respublikamızda COVİD 19-a qarşı vaksinasiya işlərinə start verilib. İlk növbədə tibb işçiləri arasında vaksinasiya aparılır. Tibb işçiləri COVİD xəstələri ilə birbaşa təmasda olduqlarına görə onlar arasında peyvəndləməyə başlanılıb. Əhali arasında da tez bir zamanda yəqin ki başlanacaq. Çünki bütün ərazi poliklinikalarında tibb məntəqələri yaradılıb. Həm poliklinikalarda, həm xəstəxanalarda işləyən bütün tibb işçiləri poliklinikaya vaksinasiyaya cəlb olunur. Tibb işçilərinin vaksinasiyası bitdikdən sonra əhali arasında da mütləq vaksinasiya işləri başlanacaq. Əhali arasında vaksinasiyanın tez bir zamanda başlanmasının tərəfdarıyam. 6 aydır koronaviruslu xəstələrlə çalışıram. 3 ay  Tədris Cərahiyyə Klinikasında çalışmışam. Artıq 3 aydır ki, 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasında çalışıram. İnanın ki, gözümün qarşısında boğularaq ölən xəstələr görmüşəm. Yardım edə bilmədiyimiz xəstələr olub. ”Doktor, mənə yardım edin, kömək edin" deyən xəstələr görmüşəm. Çox ağırdır. İnanın ki, şəxsən bir həkim kimi demək istərdim ki, tez bir zamanda vaksinasiyanın əhali arasında başlamasının tərəfdarıyam. Ona görə ki, hələ milyonlarla insan virusa yoluxmayıb. Ona görə bizə mütləq vaksinasiya vacibdir. Çünki biz virusa qarşı karantin tədbirlərini gücləndirməklə, karantin qaydalarını yumşaltmaqla, sanitar-gigiyenik qaydalara riayət etməklə, yaxud sosial məsafə saxlamaqla yalnız bir müddət insanları qoruya bilərik".

Həkim onu da qeyd edib ki, viruslar soyuq aylarda daha da aktivləşirlər: “Qış, payız aylarında soyuq aylarda aktivləşirlər. Ona görə havalar isinənə qədər, günəşin qızmasına qədər çox vaxt keçəcək. Bunun üçün fəsil dəyişməli, vaxt keçməlidir. Viruslar günəşli havada məhv olur. Amma biz bunu gözləyə bilmərik. Ona görə bizə vaksinasiya çox vacibdir. Viruslar hava-damcı yolu ilə keçdiyinə görə, xəstə insanlarla təmas olduğuna görə biz insanları bu yolla qoruya bilmərik. Mütləq vaksin lazımdır. Bütün insanları vaksinasiyada iştirak etməyə dəvət edirəm. Tibb işçilərimiz artıq vaksin vurdurublar. Heç bir narahatlıqları da yoxdur, əks təsir yoxdur. Artıq bizim xəstəxanamızda xəstələrin sayı azalıb,  rəqəm 10-a enib. Ayın 25-dən sonra yəqin ki bütün xəstəxanalar bağlanacaq. Mən də bir neçə gündən sonra vaksin olunacağam. Hər kəsi vaksin olunmağa çağırıram”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 662          Tarix: 22-01-2021, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma