Xəbər lenti

 
AMEA prezidenti Ramiz Mehdiyev akademiyanın Nəsimi adına Dilçilik İnstitutu Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasova təzyiqlərə başlayıb.
 
Ovqat.com-un məlumatına görə, İdris Abbasov mediaya verdiyi açıqlamasında AMEA-nın fəaliyyətini tənqid etdiyi üçün təzyiqlərə məruz qalır.
 
Bildirilir ki, İdris Abbasovu təcili Elmi Şuraya çağıran Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli ondan niyə mediaya açıqlama verdiyi üçün izahat yazmağı tələb edib. İdris Abbasov isə xəstə olduğunu bildirsə də, Baş direktor ondan mütləq Elmi Şuraya gəlməsini istəyib. İdris Abbasov nə qədər ona izah etməyə çalışsa da ki mediaya verdiyi açıqlama alimin şəxsi mülahizələridir və belə məsələlər Elmi Şuranın iclasında müzakirə edilə bilməz, xeyri olmur.  Nadir Məmmədli iki ayağını bir başmağa dirəyib ondan mütləq izahat tələb edir və bunun rəhbərliyin göstərişi olduğunu bildirir. İdris Abbasov isə Nuh deyir, peyğəmbər demir. Beləcə, iki alim arasında telefon mükaliməsi 9 dəqiqə 25 saniyə davam edir və Elmi Şuranın bütün üzvləri bu polemikanın şahidi olur.
 
Sonunda işçisinin inadkarlığı qarşısında çarəsiz qalan Nadir müəllim ona AMEA rəhbərliyinin ultimatumunu çatdırıb: “Bundan sonra bir də AMEA rəhbərliyi barədə tənqidi fikir bildirməyəcəksiniz!” Ultimatuma “Necə yəni, bu ölkədə Prezident İlham Əliyevi tənqid etmək olar, Ramiz Mehdiyevi yox” sualı ilə cavab verən İdris Abbasov öz direktorunun təhdidi ilə qarşılaşır: “Siz istedadlı alimsiniz. Sizə heyfim gəlir və işdən çıxarılmağınızı istəmirəm”. 


 
Baş direktorun təhdidləri qarşısına “yumşalan” İdris Abbasov kinayəli şəkildə bildirir: “Baş üstə, bundan sonra çıxışlarımda Ramiz Mehdiyevin adını çəkmərəm. Adını çəksəm, məni Azadlıq meydanında asarsınız”. Nadir Məmmədli isə ona AMEA rəhbərliyinin təkcə Ramiz Mehdiyevdən ibarət olmadığını xatırladır. İdris Abbasov da cavabında “Yaxşı, Nadir müəllim, İsa Həbibbəylinin də adını çəkmərəm. Əks halda, dediyim kimi, məni Azadlıq meydanında asarsınız”. 
 
Nadir Məmmədli də bu sözü işçisindən aldıqdan sonra rahatlaşır və Elmi Şuranın iclasına davam edir.  
 
Qeyd edək ki, Dilçilik İnstitutunda yaranan bu qalmaqal AMEA prezidenti Ramiz Mehdiyevin 3 gün öncə keçirdiyi Rəyasət Heyətinin iclasında “Orfoqrafiya Lüğəti” kitabını sərt tənqid atəşinə tutmasından sonra başlayıb. "Baş akademik" lüğətə “hörümçək” sözünün salınmamasını böyük elmi xəta kimi göstərib və əsabələrinə bu səhvi düzəltməyi əmr edib. Bununla da ara qarışıb dəftər itib. Dilçilik İnstitutunun bir çox alimləri, o cümlədən İdris Abbasov AMEA prezidentini belə kiçik işlərlə uğraşmamağa çağırıb. “Ramiz Mehdiyev dövlət əmlakının dağıdılması, dövlət vəsaiti hesabına çap olunan saxta əsərlər haqqında faktlara heç bir reaksiya vermədiyi halda, “hörümçək”lə əlləşir, - İdris Abbasov mediaya açıqlamasında belə deyib.


 
Onu da qeyd etmək faydalı olardı ki, İdris Abbasova AMEA rəhbərliyinin ultimatumunu çatdıran Nadir Məmmədli “”Elm və Təhsil” nəşriyyatının direktorudur və adətən AMEA-nın nəşrləri bu nəşriyyatın mətbəəsində dərc olunur. Görünür, bir “hörümçəyə” görə “Orfoqrafiya lüğəti”nin yenidən dərci Nadir Məmmədlinin də maraqlarına uyğundur. Amma bu prosesi səssiz-sədasız həyata keçirmək üçün gərək İdris Abbasov kimi alimlər susa.
 
Növbəti və xüsusi qeyd: Dilçilik İnstitututun rəhbərliyinin nəzərinə çatdırırıq ki, nə badə, iddialarımızı təkzib edələr. Biz də məcbur qalıb iclas zamanı İdris Abbasovla aparılan telefon danışığının səs yazısını yaya bilərik.




Ana səhifəyə qayıt        Baxış: 6 796          Tarix: 22-01-2022, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma