Xəbər lenti

Bakı Hərbi Məhkəməsinin “Tərtər işi” üzrə daha bir məhkəmə prosesi başlayıb. Buna qədər Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə 3 ayrı-ayrı qrupun cinayət işi üzrə məhkəmə prosesi keçirilirdi. Bu proses isə sayca 4-cü qrupun işi üzrədir.

Globalinfo.az bildirir ki, məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir. “Tərtər işi” üzrə məhkəmələrin burada keçirilməsinə səbəb kimi Bakı Hərbi Məhkəməsində uyğun şəraitin olmaması göstərilir. Hazırki qrupun işi üzrə müttəhimlər kürsüsündə Bərdə korpusunun komandiri Hikmət Həsənovun köməkçisi, hüquqşünas Fuad Ağayev, Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov və Qurban Cümşüdov hakim qarşısına çıxarılıblar. İş üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb. Xatırladaq ki, 2017-ci ildə yüzlərlə azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

Fuad Axundov – Bir neçə il əvvəl təqaüdə çıxıb. Aprel döyüşlərindən sonra onunla müqavilə müddəti artırılıb və Talış kəndi ətrafındakı mövqelərə göndərilib. Orada batalyon komandiri vəzifəsini icra edib. Xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif edilib. 2017-ci ilin mayında – orduda “xain ovu” başlayan vaxtlar N saylı hərbi hissənin komandiri Vüsal Ələsgərovun (o da bu iş üzrə digər qrupun tərkibində eyni məhkəmə tərəfindən mühakimə olunur) hüquq işləri üzrə köməkçisi olub. Tərtər hadisələri zamanı qeyri-qanuni sorğulama məntəqəsi yaradıb. Erməni hərbçiləriylə əməkdaşlıq etməkdə şübhələnməsi bəhanəsiylə xeyli MAXE-ni, zabiti, bölük komandirini və sıravi əsgəri Vüsal Ələsgərovla əlbir olaraq işgəncə verilən məntəqəyə aparıb. Hərbi hissənin kəşfiyyat bölüyünün əsgərlərini onlara işgəncə verməyə məcbur edib. Dəhşətli işgəncələrə dözməyən bəzi hərbçilər elə işgəncə yerindəcə ölüb. Fuad Axundov başqa bir cinayətinə görə də məhkum edilib. O, 2018-ci ildə (Tərtər hadisələrindən 1 il sonra) qısqanclıq zəminində öz həyat yoldaşının üzünə kislota tökərək sağlamlığına ciddi zərər vurmaqda təqsirləndirilib. Həmin hadisə baş verərkən Fuad Axundov artıq Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində Xüsusi Təyinatlılar bölüyünün komandiri kimi xidmət edirmiş. Hsəbsdə ola-ola sonradan həm də Tərtər hadisələrinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Ramil Əhmədov – 2017-ci ilin mayında (hadisələr zamanı) Tərtərdə yerləşən N saylı hərbi hissədə çalışıb. “Tərtər işi”ndə adı hərbçilərə ağır işgəncə verənlər sırasında keçir. Ramil Əhmədov Tərtər hadisələri ərəfəsində yetkinlik yaşına çatmayan şəxsləri qanunsuz azadlıqdan məhrum etməkdə, xidməti vəzifələrini yerinə yetirən zaman vəzifəli şəxsin təhriki ilə işgəncə verməkdə, silah tətbiq edərək ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. Bu əməllərə görə, Ramil Əhmədov barəsində Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayət işi başlanaraq barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu vəzifəsinə gəlincə, o, N saylı hərbi hissənin şəxsi heyətlə iş üzrə bölmə rəisinin köməkçisi kimi fəaliyyət göstərib.

Fuad Ağayev – Bərdə Korpusunun komandiri, general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi olub. Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar), 341.2 (vəzifə səlahiyyətlərini aşma)və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələrlə ittiham irəli sürülüb.


Hikmət Həsənovun köməkçisinin adı hazırda davam edən digər qrupların məhkəmələrində tez-tez hallanır. Zərərçəkənlər şəxsən onun tərəfindən işgəncələrə məruz qaldıqlarını söyləyirlər. Hətta təqsirləndirilən şəxslər də Fuad Ağayevlə bağlı danışırlar. Məsələn, təqirləndirilən şəxslərdən biri olan Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqat şöbəsinin baş zabiti, təhqiqatçısı vəzifəsində çalışmış İntiqam Məmmədov Fuad Ağayevin işgəncələrdə iştirakı barədə ifadə verib. O, ifadəsində general Hikmət Həsənovun Fuad Ağayevə xəyanətdə şübhəli bilinən şəxslərlə bağlı səlahiyyət verdiyini deyib. Fuad Ağayevin adı zərərçəkənlərin ifadələrində zorlama faktlarında da keçir. Elə bu həftənin çərşənbə axşamı “Tərtər işi” üzrə qruplardan birinin (Vüsal Ələsgərovgilin işi) məhkəməsində ifadə verən zərərçəkmiş Ə.Q. ifadəsində bunları deyib: “Məni Tərtər Hərbi Prokurorluğuna apardılar. General Hikmət Həsənov, tabor komandiri Daşqın Süleymanov, hərbi hissə komandiri Teymur Məmmədov da ordaydı. Məni əsgər Turan İbrahimovla üzləşdirdilər. Turanı üzümə durğuzdular ki, guya mən vatsap üzərindən ermənilərə məlumatlar ötürmüşəm. Mənsə bildirdim ki, belə şey olmayıb. Başıma torba keçirib, başqa otağa işgəncəyə apardılar. İşgəncədən sonra başqa otağa – həkim Çingiz Quliyevin yanına aparıldım. O, məni arxa arxadan müayinə edib dedi ki, təmizdir, heç nə yoxdur. Dedilər ki, aparın, bunu zorlayın, gətirin. Apardılar, zorladılar, məni zorlamağa aparanlardan biri də Fuad Ağayev idi. Qanım axa-axa yenə həkimin olduğu otağa götürdülər. Həkim baxıb dedi ki, hə, indi “zorlanıb” yazmaq olar”.

Cavid Ağadadaşov – Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələrilə ittiham olunur. İşgəncə yerlərində zabitlərə, MAXE-lərə, gizirlərə, bölük komandirlərinə qarşı ən amansız işgəncə davranışlarında təqsirləndirilir. İnsanları su ilə dolu çəlləkdə boğmaq, bədənlərini presə, toka vermək, ləyaqətlərini alçaltmaq yolu ilə “düşmənə işləməklə” bağlı etirafedici izahatlar alıb.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan etməyə başlayıb. Ancaq elə təkcə nəticəvi hissə təqribən 700 səhifədir. Bu isə o deməkdir ki, ittiham aktının elanı bir neçə həftə davam edəcək. “Tərtər işi”nə görə 20-dən artıq keçmiş hərbi qulluqçu həbsdədir. Onlar 2021-ci ildə “Tərtər işi” üzrə istintaq təzələndikdən sonra həbs olunub. Yüzlərlə zabit və MAXE-lərdən xəyanətlə bağlı etirafedici izahatların alınması üçün bədənlərinə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. Vaxtilə işgəncə görərək “vətən xaini” kimi həbslərə atılan yüzlərlə keçmiş hərbçi isə bəraət alb və hazırda məhkəməyə zərərçəkmiş kimi gəlirlər. Onların sayı təqribən 452 nəfərdir. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub. Prokuror İttiham aktını elan etdikcə məhkəmə salonundakı zərərçəkmişlərin əsəbləri tab gətirmir, hətta bəzilərinin halı pisləşir, təcili yardım gəlir. Bu zərərçəkmişlərin çoxu işgəncələrdən sağlamlığını itirib, bir qisminin valideynlərinin ürəyi tab gətirməyib, vəfat ediblər, bir qisminin isə ailəsi dağılıb. İşgəncə yerində ölənləri cinayətlərin izini ört-basdır etmək üçün “hospitalda ölüb” kimi qeydə alıblar, ölümə səbəbsə müxtəlif xəstəliklər göstərilib. Tərtər cinayətlərinə görə tutulanlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) və başqa maddələrlə ittiham olunurlar. İşlər də eyni hakimin icraatındadır. Vəkillər hesab edirlər ki, ya bu işlər birləşdirilməlidir, ya da ayrı-ayrı icraatda olan eyni işlərə eyni hakim baxa bilməz. Onlar hətta buna görə vəsatətlər də qaldırıblar. Ancaq təmin olunmayıb.




Ana səhifəyə qayıt        Baxış: 4 209          Tarix: 2-09-2023, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma