Yeni Ana Yasada deputat sayının artırılması, ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsi, yaradılmış 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi, yerli özünüidarəetmənin gücləndirilməsi, böyük şəhər bələdiyyələrinin təsisi nəzərdə tutulur
Yaxın aylarda Azərbaycanda referendum keçirilməsi gözlənilir. Bu barədə son günlər informaiyalar yayılır, açıqlamalar verilir. Məsələn, Milli Məclisin komitə sədri Zahid Oruc iki gün öncə Prezident İlham Əliyevin Prezidentliyinin 20 illiyi ilə bağlı yazdığı böyük həcmli yazıda da referendumun anonsu sayıla biləcək fikirlər qeyd edib.
Zahid Orucun sensasion yazısında bildirilib ki, Zəfər Respublikası qurulub, ona uyğun “zəfər konstitusiyası”na ehtiyac var. Həmçinin qeyd edilir ki, Üçüncü Respublika ərazi bütövlüyü və suverenlik baxımından yarımçıq idi, o dövr bitdi və yeni ərazi bütövlüyünə tam sahib olan yeni Respublika-tariximizdə Dördüncü Respublika yarandı, Yeni Respublika qalib respublikadır - Yeni Konstitusiyaya -Zəfər Ana Yasasına ehtiyac var.
Bəs referenduma hansı məsələlərin çıxarılması, konstitusiyamızda hansı dəyişikliklərin edilməsi ehtimal edilir?
“Yeni Müsavat”ın əldə etdiyi məlumatlara görə, konstitusiyada bir çox ciddi dəyişikliklərin edilməsi gözlənilir. Proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi, həmçinin Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusunun ləğvi, Naxçıvana da ölkədə tətbiq ediləcək yeni inzibati idarəçilik mexanizminin şamil edilməsi kimi məsələlərin nəzərdə tutulduğu deyilir.
Konstitusiya dəyişikliklərindən sonra isə parlamentə yeni seçkilərin keçirilməsi, yeni say tərkibli parlamentin formalaşdırılması istisna deyil. Əldə etdiyimiz xəbərdə Milli Məclis üzvlərinin sayının 125-dən 151-ə qaldırılması nəzərdə tutulur.
Referendum və seçkinin keçiriləcəyi ehtimalını dövlət büdcəsində seçki xərclərinin 50%-ə yaxın artırılması da gücləndirir. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir.
Bir sıra siyasi ekspertlər və hüquqşünaslar hesab edir ki, konstitusiyada yuxarıda qeyd olunan dəyişikliklərin, eləcə də bir sıra başqa dəyişiklik və əlavələrin edilməsinə ehtiyac yaranıb. Yeni konstitusiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, böyük şəhər bələdiyyələri və seçkili mer institutu təsis edilməlidir. Bu həm də Naxçıvan da daxil olmaqla, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə səbəb olacaq. Unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, referendum keçirilməsi ilə bağlı müxtəlif fikirlər var, həmçinin məlumatlar tez-tez yayılır. Amma bu açıqlamalar və məlumatlar rəsmi deyil: “Ona görə də bu gün referendumun nə zaman keçiriləcəyi və hansı məsələlərin referenduma çıxarılacağı barədə qəti söz söyləmək çətindir. Amma dəqiq olan odur ki, Azərbaycanda konstitusiyada müəyyən dəyişikliklərin edilməsi gec-tez həyata keçiriləcək. Bizim bu gün üçün yalnız proqnoz vermək imkanlarımız var. Bir ildən artıqdır ki, referendumun keçiriləcəyi barədə vaxtaşırı informasiyalar yayılır, açıqlamalar verilir. Mən də hesab edirəm ki, referendum keçirilməsinə ehtiyac var. Yerli icra hakimiyyəti orqanlarının idarəçilikdə təsir imkanları çox azalıb. Bu sahədə dəyişikliklər edilməlidir. 44 günlük müharibədən sonra Azərbaycanda 14 iqtisadi rayon yaradılıb. Bu amil də idarəçilikdə yeni modelin meydana gəlməsini zərurətə çevirir. Yerli idarəçilikdə dəyişikliklər üçün konstitusiyada dəyişikliklərə ehtiyac yaranıb. Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, ölkədə seçicilərin sayı 1 milyon 200 min seçici sayı artıb. Əgər seçki dairəsində 40 min seçiciyə bir deputat nəzərdə tutulursa, onda belə çıxır ki, Milli Məclisdə deputatların sayı 30 nəfər artırılmalıdır. Deməli, deputatların sayı 125-dən 155 nəfərədək yüksəldilməlidir. Bu məsələnin həlli üçün konsitusiyada dəyişiklik edilməlidir. 1995-ci ildə konstitusiyamız qəbul edilərkən əhalinin sayı təxminən 7 milyon nəfər idi. 7 milyonluq ölkə üçün o zaman 125 deputat qanunda nəzərdə tutulmuşdu. İndi əhalinin sayı 10 milyonu keçib. Bu da deputatların sayının artırılmasını şərtləndirir”.
Ç.Qənizadə dedi ki, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması prosesi gedir. Belə olan halda proporsional seçki sisteminin bərpası da istisna edilmir: “Azərbaycanda qarışıq seçki sistemi tətbiq edilə bilər. Bu məsələnin də həlli üçün konstitusiyada dəyişiklik edilməlidir. Dəyişiklik isə referendum keçirilməklə reallaşdırılır. Hökumət idarəetməsi sahəsində də qanunvericilikdə dəyişikliklər həyata keçirilməsi mümkündür. Bütün bu qeyd edilən və edilməyən bir çox məsələlər var ki, onların gerçəkləşdirilməsi referendumu labüd edir. Dəyişikliklər olacaqsa, ölkəmizin gücünün artırılmasına, ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: