Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə və digər yaşayış məntəqələri nəzarətimizə keçib və bununla da ölkəmizin ərazi bötüvlüyü tam təmin edilib. Beləliklə, Qarabağ münaqişəsi artıq tarixdə qalıb.
Son həftələrdə Azərbaycanda daxili siyasi müzakirələr qızışıb. Bəziləri deyir ki, ölkənin bir nömrəli vəzifəsi olan Qarabağ məsələsinin həllindən sonra müxalifətçiliyə ehtiyac qalmayıb. Bir müddət əvvəl Milli Məclisin deputatı, Vəhdət partiyasının sədri Tahir Kərimlinin bu barədə fikirləri müzakirələrə səbəb olub. Deputatın nəzərdə tutduğu məsələ başqa olsa da, müzakirələr səngimək bilmir.
Məsələ ilə bağlı Modern.az-a danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa partiyaların könüllü quruluşlar olduğunu vurulayıb:
“Hər hansı şəkildə müxalifliyə, yaxud partiya fəaliyyətinə əsas görməyən insanlar ola bilər. Bu şəxslər partiya fəaliyyətlərini dayandıra, yaxud istefa verə bilərlər. İndiyə qədər 57 partiyadan 30-dan çoxu Qarabağdan sonra partiya kimi fəaliyyət göstərməyə lüzum görmədiklərini bildirərək fəaliyyətlərini dayandırdılar. Hesab edirəm ki, bu da normal və sivil davranışdır. Hər halda belə bir fikri hər kəs özünə və öz partiyasına aid edib hərəkət edə bilər”.
Partiya sədri siyasi partiyaların hansısa formada müxalifətçilik addımının ənənəvi anlayışlardan fərqli olduğunu söyləyib:
"Bizim bu gün müxalifətçiliyimiz hakimiyyətlə bir çox məsələlərdə fikirlərimizin üst-üstə düşməməsi ilə əlaqədardır. Təbii ki, Qarabağ məsələsində, torpaqlarımızın azad edilməsi məsələsində fikirlərimiz üst-üstə düşdü. Hamımız eyni fikri ifadə etdik. Ancaq idarəetmənin başqa aspektlərində fikirlərimizin üst-üstə düşmədiyi xeyli sahələr var. Konstruktiv şəkildə həmin sahələrlə bağlı əks fikirlərimizi dilə gətiririk. Biz demokratik ölkəyik. İqtidar da bunu normal qarşılayır. Açığı “müxalifətçiliyə ehtiyac yoxdur” ifadəsi biraz qəribə səslənir. Müxalifətçilik bütün məsələlərdə razılaşmaq, yaxud birgə hərəkət etmək mənasına gəlmir. Müxalifətçilik həm də ölkənin həyatı ilə bağlı məsələlərdə konstruktiv şəkildə rol almaqdır. İqtidarı sağlam tənqid edərək problemlərin həll edilməsi məsələsi kimi anlaşılmalıdır. Ona görə də belə vəziyyətdə, kiminsə, istefa verməsi, yaxud öz siyasi iddialarından çəkilməsi anlaşılan deyil".
F.Mustafa, ümumiyyətlə, siyasi partiyaları əvəzləyəcək əlavə mexanizmin olmadığını qeyd edib:
"Çünki bu mexanizm siyasi mədəniyyətin formalaşması, ayrı-ayrı insanların fərdi yox, siyasi platformalardakı müzakirələrdə iştirakının təmin olunması məqsədilə yaranıb. Məhz partiya mexanizmi ilə dövlət idarə olunur. Burada təəccüblü heç nə yoxdur. Bizdə çoxpartiyalı sistem var. Buna görə də hər partiyanın özünəməxsus baxışları var. Hesab edirəm ki, parlamentdə təmsil olunan və ya olunmayan partiyalar normal fəaliyyət imkanlarını gerçəkləşdirməyə çalışırlar. Dağlıq Qarabağ məsələsinin başa çatması siyasi şüurun, mədəniyyətin inkişafı prosesinin hələ bitməsi demək deyil. "Ölkənin ərazi bütövlüyü bərpa olunubsa, siyasi partiyalar fəaliyyətini dayandırmalıdır", deyə prinsip absurd görünür. Məsələn Türkiyənin ərazi bütövlüyü neçə illərdir ki, mövcuddur. İndi Türkiyədə siyasi partiya fəaliyyət göstərmir? Yaxud dünyanın əksər ölkələrinin ərazi bütövlüyündə problem yoxdur. Məsələn, Böyük Britaniya və Fransada siyasi partiyalar fəaliyyət göstərmir? Partiyalar real siyasətin həyata keçirilməsində, cəmiyyətin tələblərinin yerinə yetirilməsində, ayrı-ayrı qütblərin marağını təmin etməklə siyasi dövlət idarəsində iştirak edirlər. Əksinə mən hesab edirəm ki, Qarabağdan sonra partiyaların daha böyük işləri var. Qarşılarına daha böyük tələblər qoyulub. Ölkənin demokratikləşməsi, insan hüquqlarının qorunması, korrupsiyanın və digər elementlərin müəyyən mənada qarşısının alınması istiqamətində çalışmalara davam etməlidirlər".
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Tahir Kərimlinin məntiqində problem olduğunu deyib:
"Ölkənin əsas və ciddi məsələlərindən biri olan Qarabağ probleminin həll olunması, eləcə də ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması,əlbəttə ciddi bir uğurdur. Ölkənin qarşısındakı ən böyük maneələrdən biri aradan qalxdı. Amma hörmətli Tahir müəllimin məntiqində biraz problem var. Əgər bu, məntiqi düşüncəni davam etdirsək, belə çıxır ki, işğalla, ərazi bütövlüyü ilə bağlı problemi olmayan ölkələrə müxalifət lazım deyil. Bu, belə deyil, axı! Dünyada 200-dən çox ölkə var. Onlardan çox azının ərazi iddiaları ilə bağlı problemi var. Yerdə qalan ölkələrdə müxalifət də var, hakimiyyət uğrunda mübarizə də".
N.Cəfərli Azərbaycanda bu gün müxalifət institutuna əvvəlkindən daha çox ehtiyac olduğunu söyləyib:
"Çünki ölkənin sosial, iqtisadi problemləri olur. Həmin bu problemlərin həlli istiqamətində fərqli düşüncələr mövcuddur. Eyni problemə müxtəlf çözüm təklifləri olur. Siyasət institutunun vəzifəsi ondan ibarətdir ki, ölkənin qarşısında duran problemlərin həllinə öz tezisləri ilə çözüm təklif etsin. Qarabağın azad edilməsinin tarixi uğur olduğunu təkrar edirəm. İndiki hakimiyyət və İlham Əliyev üçün ciddi, tarixə düşəcək uğurdur. Ancaq bundan sonra ölkənin sosial-iqtisadi məsələlərinin həlli üçün də imkanlar, fürsətlər yaranır. Bu baxımdan siyasi partiyalara, onların fəaliyyətlərinə daha çox ehtiyac var. Partiyalar seçkilər vasitəsilə mübarizə aparmalı və ölkənin sosial-iqtisadi poblemlərinin həlli yollarını təklif etməlidir. Azərbaycanda bu gün müxalifət institutuna əvvəlkindən daha çox ehtiyac var. Hakimiyyət və müxalifət fərqli yollar təqdim edəcək. Seçim isə xalqın olacaq".
Paylaş: