Xəbər lenti
Dünən, 19:25

"İran rəsmilərinin açıqlamaları, bəyanatları əməldə də özünü göstərməlidir. Bizim üçün əsas indikator Yasin Hüseynzadənin layiqli cəzasını almasıdır. Hökm çıxarılan kimi səfirliyin fəaliyyətini bərpa edilməsini gözləmirəm".

Bu fikirləri Musavat.com-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan təkcə, İrana qarşı deyil, bütün digər dövlətlərə qarşı sərt və prinsipial mövzularla bağlı heç zaman güzəştə getməyib, bundan sonra da güzəştə getməyəcək: "İranın əlində Azərbaycanın əleyhinə istifadə edə biləcəyi heç bir fakt yox idi. Buna görə də İran Azərbaycanla bağlı siyasətində ciddi dönüş yaratdı.İyul ayında İran XİN başçısı Azərbaycana səfər etdi və açıqlamasından bəlli oldu ki, İran və Azərbaycan arasında buzlar əriməkdədir. Eyni zamanda Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı qeyd etdi ki, ən ədalətli cəza tətbiq ediləcək. Cinayətin arxasında gizlənən şəxslər və qurumlar məsuliyyətə cəlb ediləcək. Lakin hələ ki, yekun məhkəmə qərarı verilməyib. Cinayətin araşdırılması üçün 10 ay kifayət qədər böyük zamandır. Nəzərə alsaq ki, bu dövlətlərarası münasibətlərə ciddi təsir göstərən bir cinayətdir, İran tərəfi ədalətli yekunda maraqlı olmalıdır.

Ekspert hesab edir ki, münasibətlərin tamamilə normallaşması sırf yekun hökmdən asılı olmayacaq: "Biz İranın 3+3 formatı, Zəngəzur dəhlizinə alternativ yolun İrandan keçməsi ilə bağlı mövqeyini gördük. Azərbaycan İranın qarşısına konkret faktlar qoydu. Cənubi Qafqazda gərginliyin tərəfdarı Ermənistandır. Azərbaycan regiona kənar qüvvə gətirməyib. Ermənistan isə Avropa İttifaqının mülki missiyası adı altında qüvvələr gətirib və s. Görünən odur ki, ya İran bizim mövqeyimizə inanıb, ya da İranın əlində başqa arqument olmadığına görə Azərbaycana münasibətdə real dəyişiklik etməyə qərar verib". 

Nigar HƏSƏNLİ,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 267          Tarix: 27-11-2023, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma