Son günlər bəzi media orqanlarında Naxçıvan Muxtar Respublikasında bir sıra layihələrin icrasında nöqsanlara yol verildiyi ilə bağlı yazılar dərc olunub. Həmin yazılarda “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı hallandırılıb.
“Arkoz” açıqlama yayaraq şirkət barədə səsləndirilən iddiaları təkzib edib.
TNS-in redaksiyasına göndərilən yazını təqdim edirik:
“Naxçıvan Muxtar Respublikasında hazırda müxtəlif şirkətlər tərəfindən 50-dən çox layihə icra edildiyi (Arkoz İnşaat Şirkəti hazırda 12 layihə üzrə işləri davam etdirir), şirkətimiz tərəfindən cari ildə bir neçə iri layihənin (Asan Xidmət binası, Heydər məscidi, Sədərək gömrük-keçid məntəqəsi) uğurla bitirilərək dövlətimizə təhvil verildiyi halda illər əvvəl qüsursuz icra etdiyimiz layihələrin saf-çürük edilməsi bir daha bizə qarşı məqsədyönlü şəkildə kampaniya aparıldığını sübut edir.
Həmin ittihamlara cavab vermədən öncə bu xəbərlərin məhz niyə indi gündəmə gətirilməsi baxımından Naxçıvan Muxtar Respublikasında 6 ay öncə təsis edilmiş “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun qanuni təmsilçisi Əhmədov İsmayıl Məmmədəli oğlu barəsində bəzi məlumatların bilinməsini vacib hesab edirik. Xüsusilə qeyd etmək istərdik ki, Arkoz İnşaat Şirkətinə qarşı başlanılmış kampaniya məhz sözügedən Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Əhmədov İsmayıl Məmmədəli oğlunun qanunsuz əməllərini ört-basdır etmək üçün qarayaxma kampaniyasının tərkib hissədir. Əhmədov İsmayıl Məmmədəli oğlunun qanunsuz əməlləri barədə tərəfimizdən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə 01.11.2023 və 15.11.2023-cü il tarixlərində rəsmi məlumat verilib. Müraciətə 17.11.2023-cü il tarixli məktubla cavab verilərək məsələnin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunub. Məsələnin mahiyyəti isə budur ki, Arkoz İnşaat Şirkətinin icra etdiyi tikinti layihələrinə texniki nəzarəti Naxçıvanda inhisarçı olan qeyd edilən MMC həyata keçirir. Bildiririk ki, layihələr üzrə yerinə yetirilmiş işlərin dəyəri “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2021-ci il tarixli, 150 №li Qərarına və “FHN TTNDA” sisteminə müvafiq olaraq hesablanmalıdır.
Arkoz İnşaat Şirkəti tərəfindən müvafiq tikinti obyektləri üzrə yerinə yetirilən işlərə aid sənədlər Nazirlər Kabinetinin qərarına müvafiq tərtib edilərək “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilsə də, İsmayıl Əhmədov tərəfindən icad edilmiş və tamamilə qanuna zidd hesablama metodu tətbiq edilməklə hesablamalar aparılır. Arkoz İnşaat Şirkəti qeyd edilən uydurma hesabat metodunun qəbul edilməsindən imtina etdiyindən sənədlər aylarla imzalanmır. İsmayıl Əhmədova məxsus hesablama metoduna dair sübutlar vardır. Hesab edirik ki, Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyi tərəfindən İsmayıl Əhmədovun fəaliyyəti yoxlanılarsa, tərəfimizdən yuxarıda istinad edilən halları təsdiq edəcək kifayət qədər sübutlar təqdim edilə bilər. Bu məsələdən xəbər tutan İsmayıl Əhmədov panikaya düşərək aylarla saxladığı və imzalamadığı sənədləri qismən 12 dekabr 2023-cü ildə təsdiq edərək müvafiq orqanlara göndərib. Dövlət məmuru olmamasına baxmayaraq, dövlət adından danışan İsmayıl Əhmədovun media nümayəndələrinin önünə düşərək onları Naxçıvan Muxtar Respublikasına dəvət etməsini və medianı öz çirkin qarayaxma kampaniyasının fəal iştirakçısına çevirməsini, bununla da qeyri-dəqiq və qərəzli, böhtan xarakterli məlumatların yayılmasını təəssüf hissi ilə qeyd edərək, bu məlumatların təkzib edilməsi məqsədilə aşağıdakı halları diqqətə çatdırırıq.
Arkoz İnşaat Şirkəti tərəfindən inşa edilmiş 14 saylı ümumtəhsil məktəbi 2007-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 16 il ərzində heç bir cari təmirə dayandırılmamış məktəb binası statik baxımdan ən sağlam tikililər sırasındadır. 1600 yerlik məktəb binası tikilərkən sifarişçi tərəfindən şagirdlərin sıxlığı nəzərə alınaraq giriş foyelərinin geniş götürülməsi layihələndirilib, statik hesablamalar aparılaraq buna uyğun dəmir-beton konstruksiya işləri icra edilib. Giriş foyesində daşıyıcı aşırımın uzunluğu 12 metrdir. Binanın daşıyıcı divarlarında və konstruksiyalarında, aşırımlarda və döşəmələrdə hər hansı çat və ya digər qüsur yoxdur. Giriş foyesindəki daşıyıcı aşırımın vibrasiyası ilə bağlı valideyn müraciəti əsasında sifarişçi tərəfindən mütəxəssis dəvət edilib və vibrasiyanın normativ həddə olduğu müəyyən edilərək daha da azaldılması üçün əlavə sütunların qoyulması barədə təklif verilib. Sifarişçi tərəfindən dəyərinin ödənilməsi şərti ilə həmin işlərin icrası Arkoz İnşaat Şirkətinə həvalə edilib və şirkət tərəfindən keyfiyyətlə icra olunub. Tikilinin tikinti-texniki ekspertizasının aparılmasına etiraz etmirik və əminliklə deyə bilərik ki, qeyd edilən məktəb binası tikinti norma və qaydalarının tələblərinə tam cavab verir. Məktəb binasının qəzalı vəziyyətdə olması barədə mediada gedən qərəzli və əsassız məlumat gələcəyimiz olan uşaqları, valideynləri və cəmiyyətimizi psixoloji təsirə məruz qoyur və bu hal bizi məyus edir. Ümid edirik ki, müvafiq hüquq-mühafizə orqanları cəmiyyətimizi təşvişə salan qeyd edilən böhtan və iftira dolu hallara qiymət verəcəkdir.
Qeyd edək ki, Hərbi Hospital Arkoz İnşaat Şirkəti tərəfindən uğurla inşa edilərək tikinti norma və qaydalarına, layihələndirmə sənədlərinə uyğun vəziyyətdə təhvil verilib. Həmin layihə ilə bağlı verilən məlumatlar həqiqəti əks etdirmir və uydurmadır.
Naxçıvan Duz İstehsalı Zavodu ilə bağlı bildiririk ki, qeyd edilən zavod 03 aprel 2020-ci il tarixində bağlanılmış 05 saylı müqavilə əsasında inşa edilib. Müqavilə şərtinə görə, avadanlıqlar CE sertifikatının tələblərinə cavab verməlidir ki, məhz sözügedən sertifikatla təmin edilmiş avadanlıqlar birinci dərəcəli (AISI316) xrom materialı ilə təchiz edilməklə və sifarişçi ilə razılaşdırılmaqla, Türkiyə Respublikasındakı istehsalçıdan əldə edilib. Sifarişçi tərəfindən zavodun ilkin dizaynı və layihəsində edilmiş dəyişikliklər əsasında avadanlıqlar əraziyə gətirilib və sifarişçinin günahı ucbatından açıq anbarlarda saxlanılıb. Tikintinin uzanmasına səbəb isə odur ki, maliyyə resurslarına qənaət etmək məqsədilə sifarişçinin layihəyə etdiyi dəyişikliklər əsnasında bəzi avadanlıqlar istehsal prosesindən çıxarılıb. Nəticə etibarı ilə müzakirələr uzun çəkib və yekunda sifarişçinin israrı ilə avadanlıqlar quraşdırılaraq təhvil verilməsinə baxmayaraq, rəsmi açılışı qərəzli olaraq yubadılmaqdadır. Bəzi avadanlıqların sifarişçi tərəfindən layihədən çıxarılması, həmçinin istehsalatda istifadə olunan xammalın uyğun olmaması (40% gil və torpaqdan ibarətdir) duzun rənginə təsir göstərib. Əlavə avadanlıqlar əldə edildiyi və quraşdırıldığı təqdirdə göstərilən hal aradan qaldırıla bilər. Zavodun inşası ilə bağlı materialların hüquq-mühafizə orqanları tərəfindən araşdırılması məsələsinə gəldikdə isə bildiririk ki, yuxarıda istinad olunan hallar hüquq-mühafizə orqanları tərəfindən tam araşdırılıb və məsələnin mülki xarakter daşıdığı qənaətinə gəlinib.
Naxçıvan Dövlət Universitetinin rektorluq binasına dair məlumatı təkzib edirik və bildiririk ki, qeyd edilən layihə tərəfimizdən icra edilməyib.
Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının inşası ilə bağlı göstərilən hallar da həqiqəti əks etdirmir və uydurmadır. Belə ki, layihə üzrə işlərə 2021-ci ilin iyun ayında başlanılıb və İsmayıl Əhmədov tərəfindən dəfələrlə layihədə özbaşına edilmiş dəyişikliklər və bunun nəticəsində artıq inşa edilmiş tikililərin sökülməsi layihənin icrasını yubadıb. Bu ilin oktyabr ayının 4-də İsmayıl Əhmədov tərəfindən qanunsuz olaraq layihənin icrasının dayandırılması tələb edilib və 12 oktyabr 2023-cü il tarixində tamamilə dayandırılıb. Qeyd edilən layihə üzrə 2022-ci ilin noyabr ayından etibarən görülmüş işlərin dəyəri şirkətimizə ödənilməyib.
Qeyd edək ki, əksər layihələrin icrası sifarişi tərəfindən ödəmələrin edilməməsi səbəbindən yubanıb.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.7-ci, 14.1.9-cu və 14.1.11- ci maddələrinə əsasən dərc olunan və (və ya) yayımlanan informasiya (faktlar və hadisələr) qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə, şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir”.
Paylaş: