ABŞ müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı qərəzli, ikili standartlara əsaslan münasibət göstərir. Belə olmasaydı Dövlət Departamenti heç bir tutarlı arqument və fakt ortaya qoymadan Azərbaycanı din azadlığını "ağır şəkildə" pozan ölkələr siyahısına salmazdı. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, dini obyektləri yerlə-yeksan edən Ermənistan qalıb bir kənarda, tolerantlıqda ad çıxaran, multikultural dəyərləri üstün tutan ölkəmizə qarşı qərəzli mövqe sərgilənib. Görünən odur ki, Azərbaycana qarşı səlibçi zehniyyət dəyişməyib. Qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxan Cozef Bayden administrasiyası birtərəfli qaydada Ermənistanın, yanında durur, qərəzli, ikili standartlara əsaslanan bəyanatlarla çıxış etməkdə davam edir.
Dövlət katibi Antoni Blinkenin dilindən səslənən bu bəyanatdan əvvəl ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) Qarabağda xristian dini məbədlərin qorunması sarıdan narahatlığını dilə gətirən bədnam bir hesabat yaymışdı. Maraqlıdır ki, bu ikili standartlardan irəli gələn yanaşmaya, hətta Birləşmiş Ştatların nəzarəti altında olan, ondan tapşırıq və maliyyə alan, “Azadlıq” radiosu belə təəccüb və heyrətini gizlədə bilməyib. Dövlət katibinin qərəzli mövqeyini dərc etməklə yanaşı, Qarabağda müsəlman dini məbədlərinin, müqəddəs yerlərin necə dağıdılmasını xatırladıb. Hesabatı oxuyarkən adamda belə təəssürat yaranır ki, sanki bunun müəllifi ABŞ deyil, hansısa bir erməni şovinistidir. Amma bir qədər araşdırma aparandan sonra bəlli olur ki, hesabatın müəllifi ABŞ Dövlət Departamentinin rəsmisi Daniella Aşabxyan soyadlı şəxsdir. Bu xanım həm də Amerika Erməni Assambleyasının direktorlarından biridir.
Sözsüz ki, bu cür mövqe heç bir fakta söykənmir və qərəzli yanaşmanın təzahürüdür. Uzun illərdir işğal altında olmuş Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı.
Dövlət Departamentin iddialarının əsassız və qərəzli olduğunu faktlarla sübuta yetirək. Rəsmi məlumata görə, işğaldan azad olunan ərazilərdə təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonlarda fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. ABŞ hakimiyyət orqanları obyektivlikdən uzaq hesabatında bunları da qeyd etməyi “unudublar”. Ermənilər 30 il işğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirib, ya da uçurublar.
Qeyd edək ki, Tuğ kəndindəki abidə də eyni aqibətlə üzləşib. Qarabağ Məlikliyinin inzibati yaşayış kompleksinin salamat qalmış bir hissəsinin yerləşdiyi Tuğda da ermənilər vandalizm törədiblər. Bütün bunlar əsas verir ki, Ermənistan nəinki müsəlman, eləcə də xristian aləmi tərəfindən ittiham kürsüsündə əyləşdirilsin. Çünki Ermənistan müsəlman abidələri ilə yanaşı, xristian abidələrini də tar-mar edib.
Birincisi, ermənilərin Azərbaycana məxsus məscidləri yerlə-yeksan etdikləri konkret faktlarla sübuta yetirilib. Prezident İlham Əliyevin erməni vandalizmi ilə bağlı söylədikləri fikirləri yada salaq. Prezident bildirib ki, məscidlərdə ermənilərin donuzları və inəkləri necə saxlamaları ilə bağlı çoxsaylı şəkillər var və bu, təkcə azərbaycanlıların deyil, bütün müsəlmanlara qarşı təhqirdir. Dövlət Departamenti isə bu bəyanata öz qərəzli yanaşmasında yer belə ayırmır. Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar. Kor və kar olan, erməni lobbisinin təsiri altında olan ABŞ rəsmiləri isə bu faktları yada belə salmırlar.
İkincisi, Birləşmiş Ştatların hakim dairələrinin seçkilər yaxınlaşdıqca belə qərəzli mövqelərini çox görəcəyik. Səbəb də sadədir - nəyin bahasına olursa-olsun erməni lobbisinin maliyyəsi və elektoratın səsini qazanmaq. Əks halda, belə mövqe ortaya qoymazdılar. Ermənilərə gəldikdə, hələ də anlamırlar ki, seçki prosesi başa çatdıqdan sonra istifadə olunub bir kənara atılacaqlar.
Dövlət Departamentinin Azərbaycanda digər dinlərdən olan insanlara qarşı təzyiqlər barədə uydurmasına gəlincə, ölkdə16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ermənistandan fərqli olaraq Azərbaycanın din siyasətinin əsasında tolerantlıq, dünyəvilik və vəhdət dayanır. Bundan əlavə, bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si isə qeyri-islam (xristian - 26, yəhudi- 8; krişna – 1, bəhai – 2) təmayüllüdür. Azərbaycanda dini etiqada dövlətin münasibəti “Dini etiqad azadlığı” haqqında qanunla tənzimlənir. Azərbaycan multikultural və tolerant dövlət olduğundan Konstitusiya ilə təsbit edilən vicdan azadlığına önəm verir. Buna görə də, heç kim dini əqidəsinə görə təzyiqlə üzləşmir və Azərbaycan bu sahədə dünyada presedent yarada bilib.
Beləliklə, əminliklə deyə bilərik ki, hesabat başdan-ayağa Azərbaycana qarşı qərəz üzərində qurulub. Təhrif, həqiqətə uyğun olmayan dezinformasiya xarakterli məlumatların yayılmasının tək bir səbəbi var ki, o da Azərbaycanın ərazi bütövlüyünü kənar qüvvələrin köməyi olmadan həyata keçirməsidir. Heç bir tutarlı fakt ortaya qoyulmadan Azərbaycanın hədəfə alınmasının tək və yeganə səbəbi siyasi maraqlardır.
Dünya ölkələrində dini dözümsüzlükdən dəm vuran ABŞ nədən ölkədaxili vəziyyətə toxunmur? Halbuki amerikalı hüquq müdafiəçilərinin məlumatları ABŞ-də bu sahədə ciddi problemlərin olduğunu sübut edib. Məsələn, 2021-ci ildə ABŞ-də yəhudi və müsəlmanlara dini dözümsüzlük zəminində qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Antiislam əhval-ruhiyyəsinin artması 28%-ə, yəni həyəcanverici həddə çatıb. Bütün bunlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.
Bu istiqamətdə kifayət qədər faktlar ortaya qoymaq mümkündür və “hesabatı” hazırlayanlar da buna diqqət yetirsəydi, yaxşı olardı. Sual olunur, ABŞ hansı haqla belə “hesabatlar” ortaya qoyur, dünyaya demokratiya və hüquq dərsi keçir? Səbəb də bəllidir - qondarma və birtərəfli yanaşma və ittihamlarla müstəqil ölkələrə təzyiq göstərmək.
Report.az
Paylaş: