“2018-ci ildə mən birmənalı olaraq proqnoz vermişdim ki, bir-iki ildən sonra yeni müharibə olacaq və biz onu uduzacağıq”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın “İzvestiya”ya müsahibəsində səslənib.
Qeyd edək ki, Karapetyan müsahibəsində maraqlı etiraflar edib.
“Mənim əsasım nə idi? Kifayət qədər statistika və açıq məlumatlar var idi. Məsələn, 1990-cı illərdə Ermənistan və Azərbaycanın demoqrafik göstəriciləri az-çox uyğun gəlirdi. Əhalimiz 4 milyona yaxınlaşırdı, qonşularımız isə 6 milyona yaxın idi. Biz ilk növbədə erməni millətindən olan sovet zabitlərinin sayəsində daha tez təşkilatlana bildik və bunun sayəsində qalib gəldik.
30 ildən sonra Ermənistanda 2,5 milyon insan qaldı, Azərbaycanın isə əksinə, büdcə və silahlı qüvvələr sahəsində gücü müqayisə olunmaz dərəcədə artdı. Onların ordusunun sayı 800 minə qədər səfərbərlik ehtiyatı ilə 150 min nəfərə çatdı. Üstəlik, Azərbaycan silah, texnika və atəş gücü baxımından mütləq üstünlüyə nail oldu. Belə şəraitdə perspektivlər kifayət qədər aydın görünürdü.
Şəxsən mən əsas müttəfiqimiz Rusiyadan kömək istəməyi təklif etdim. Təəssüf ki, bu fikrə cavab verilmədi. Faciə o idi ki, hakim komandanın əksəriyyəti silahlı qüvvələrin ehtiyac və tələblərini çox zəif başa düşürdü. Təkcə onu demək kifayətdir ki, onların demək olar ki, heç biri, o cümlədən Nikol Paşinyanın özü orduda xidmət etməyib. Bu adamlar nədənsə elə bilirdilər ki, müharibə olarsa, hərbi əməliyyatlara yalnız Müdafiə Nazirliyi cavabdehlik verəcək. Lakin Azərbaycan savaşa ayrı cür yanaşdı. Onlara görə müharibə olarsa, bütün ölkə vuruşacaqdı. 2020-ci ildə qarşıdurma başlayandan sonra dərhal orada qərargah yarandı və ölkə prezidenti baş komandan vəzifəsini icra etdi”, - deyə Karapetyan qeyd edib.
“Vəziyyət necə inkişaf etdi? 2023-cü ildə ermənilər necə birdəfəlik Qarabağı itirdilər?
“2023-cü ilin sentyabrında daha bir səhv baş verdi. Müqavimət üçün bütün şərait mövcud olsa da, Qarabağ demək olar ki, döyüşsüz təslim oldu. Yalnız Qarabağda 5 milyard dollar dəyərində silah var idi. Məsələn, orada tank və artilleriya alayları var idi, bütün texnika döyüşə hazır vəziyyətdə idi, ekipajlar təlim keçmişdi. Bütün bunları şəxsən mən yoxladım.
Nikol Paşinyan bu hadisələrdən əvvəl və bu hadisələr zamanı Qarabağdan vaz keçib, öz vətəndaşlarını taleyin ümidinə atıb. Niyə bunu etdi? Bu sualı özümə verirəm. Düşünürəm ki, Qərb heç vaxt Qarabağı Ermənistanın bir hissəsi hesab etməyib və Paşinyan, görünür, Qərbin rəğbətini qazanmaq istəyir”, - Arşak Karapetyan bildirib.
Paylaş: