Tarixi, coğrafi və sosioloji faktlara əsaslanan vətən anlayışı yüksək şəxsiyyət dəyərlərinə malik real ideyadır. Vətən bir millətin can damarıdır. Minlərlə illik dəyərlərimiz, şəxsiyyətimiz, vətəndaşlıq düşüncələrimiz vətənimizin coğrafiyasında milli ruh və xarakter almışdır. Bir xalqa mənsub şəxsiyyətlər öz tarixi və coğrafiyası ilə milli miqyasda, dağları, daşları, ağacları, dənizləri, çayları, hər şeyi olan vətənində yetişir və digər millətlərdən ayrı milli kimlik qazanırlar. Nəticədə xalqla vətən birləşir — təkvücud olur. Vətən anlayışında hər bir fərd tarixi, mədəniyyəti, incəsənəti və torpağı ilə bir bütövdür.
Məmməd Araz şeirində Azərbaycan tarixi, təbii və ictimai xüsusiyyətləri ilə bölünməz bir "bütöv", milli varlığımızın simvolu kimi əks olunduğu üçün bugün də aktualdır, sabah da aktual olacaqdır. Çünki o, vətən duyğusunu, düşüncəsini coşğulu bir sevgi ilə estetikləşdirən, poetikləşdirən vətəndaş şairdir. Şairin poeziyasında Vətən mövzusu mühüm yer tutur. Məmməd Arazın vətən fəryadı bənzərsiz bir səsdir. O səs elə milli, elə doğmadır ki, hamı tərəfindən duyulur və anlaşılır.
Məmməd Araz düşüncəsində Vətən bir millətin müqəddəs torpağıdır, onun ən həqiqi və əsl yurdudur.
Məmməd Araz sözündə vətən təcəssümlü, müqəddəs məfhumdur.
Azərbaycan şeirinin vətənpərvər nümayəndələrindən Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza inanırdı ki, vətən ideyası bizdə həmişə olub, vətəndaş şairimiz Məmməd Araz isə bu ideyanı qəlbimizdə yeni nəfəslə oyadırdı. O, bizi yatdığımız yuxudan bəzən silkələyib: "Hanı sənin tufan yıxan, Gurşad boğan yurda oğul oğulların! Qara Çoban, Dəli Domrul oğulların." deyə oyadır, bəzən kövrək səslə: "Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim." deyə arzularını çağırır. Onun çağırışı duyğuludur, təsirlidir, çünki səmimidir.
Şairin fikrincə, vətən, bir alimin teoreminə, bir nəzəriyyəçinin nəzəriyyəsinə sığmaz; Vətən ancaq taleyin hökmü ilə, ona qurban gedənlərin, onu sevənlərin, onun havasında yaşayanların, torpağını şumlayanların, qoynunda nəsillər yetişdirənlərin, soyuna-kökünə bağlı olanların, fəsillərini və xatirələrini yaşayıb-yaradanların — bir qəhrəmanın, şairin, bəstəkarın, bir sözlə, mütəxəssisin, mütəfəkkirin, orada yetişən bütün vətəndaşların yaşadığı torpaqdır və vətəni onlar kimi kimsə duymaz. Elə bu fikirlərlə də yazırdı:
Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim.
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
…Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
Bir torpağın milliləşdirilməsində, vətən edilməsində dil çox mühüm elementdir. Türk dünyasının sevilən vətənpərvər şairi Yəhya Kamal dil məsələsi ilə bağlı deyirdi: "Vətənin vücudu, ruhu dildir."
Məmməd Araz bu baxımdan da milli-mənəvi dəyərlərə malik bir şairdir. Bu səbəbdən ki, o, milli kimliyindən xəbərdardır. Bəlkə də şair elə milli kimliyini unudanlara deyirdi bu misraları: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı…"
Bu sözlər şairin dilindən gəlişigözəl sözlər olaraq çıxmırdı, ağlının və qəlbinin dərinliyindən süzülüb gəlirdi. Şair özünün kimliyini zatən şeirlərində təqdim etdiyini də şeiri ilə demişdir:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
Bəlkə də buna görə ədəbiyyatşünas, tənqidçi Bəkir Nəbiyev şair haqqında yazırdı: "Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklora, ata-baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır. Onun şeir bulağı ictimai yığıncaqların, müxtəlif miqyaslı ədəbi məclislərin xitabət kürsülərində, kitabların səhifələrində, sevgililərin məhəbbət məktublarında, məktəb uşaqlarının şirin dillərində çağlayacaqdır." Demək ki, ədəbiyyatşünas-alim şairin milli kimliyini, Məmməd Araz poeziyasının dumduru, şəffaf bulağı xatırladan şeir dilini şeirlərindən çözmüş, sevmişdi.
"…Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir." İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
"Məmməd Arazın bədii dili bütün əzələləri ilə müasirdir. Onun dili ənənə ilə novatorluğun, bədiiliklə əbədiliyin, əbədiliklə dialektçiliyin və xəlqiliklə qrammatikliyin harmonik rabitəsinə ən parlaq nümunələrdən biridir." Tofiq Hacıyev, Türkoloq, alim.
Ana dilimizin doğmalığını, gözəlliyini, oynaqlığını Məmməd Arazın bütün şeirlərində, hətta dilimizin o taylı — bu taylı Azərbaycanda işğalçı ölkələrin işğalına uğramasını əks etdirən şeirlərində də görürük. "Bu gecə yuxumda Arazı gördüm" adlı şeirindəki kimi.
Qədimlik utanır qədimliyindən,
Qədim abidələr gülüş hədəfi.
Bir dilin bir dilə qənimliyindən
Dad qılır çalağan, dad qılır əfi.
Göründüyü kimi, Məmməd Araz sözçülük oyunu oynamır, öz fikir və qənaətlərini ustalıqla, poetik olduğu qədər yığcam və mükəmməl ifadə edir.
Vətənə, xalqa, torpağa sevgi Məmməd Arazı oxucuya bir şairdən çox bir vətəndaş kimi təqdim edir. Ürəyi Vətən torpağı kimi neçə yerə bölünən şairin itirdiklərindən gözü qorxub deyə, öz doğulduğu yurd haqqında deyir:
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq,
Çaylı, baldırğanlı dağ dərəsində.
Və ardınca bütövlüyə səsləyən başqa bir şeirində sevgilərin ən mühümü və güclüsü Vətən sevgisini belə tərənnüm edir:
Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm,
Çox görmüşəm hasar üstə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də.
Son misrası necə də günümüzlə səsləşir. Şairin pak ruhu hazırkı Qarabağ Zəfərimizi — həm ermənilərə, həm də dilimizi, torpağımızı bölənlərin birinin artıq İlahi ədalətə yenildiyini duymuşdur yəqin ki. Duymaya bilməz bunları Məmməd Araz ruhu. Çünki "Bu torpağın daşı olub qalaydım, yoxdu özgə umacağım." deyə, etiraf edən şair Vətən daşı olan şəhidlər kimi vətən daşı olmağı arzulamış, daşla, qaya ilə dil tapıb "danışan", "yaşamağa" da haqq qazanmışdır. Necə ki, özü zamanında əbədi yaşamağa haqq qazananlar haqqında ən layiqli fikirləri yazıb qoymuşdur.
Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində, sən kiminin…
Şöhrətini yaşadan az yaşayır.
Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa…
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Məmməd Arazın vətən haqqında şeirləri çoxdur. O şeirlərin uğurlu tərəflərindən biri də odur ki, şair vətəni təkcə öz gözü ilə tərif və təqdim etmir. Şair öz şeirləri ilə Azərbaycanın gəlmiş-keçmiş (əslində keçməmiş) ölü ilə diri birliyinə işarə edir və "Daş dələr ahim oxu" deyən klassikəri, onların Vətənə dərin bağlılığı ilə üzərində bir ədəbi memarlıq abidəsi qurduqlarını bildirir. Bununla da öz milli mənsubiyyətini bir daha xatırladır və vətəni
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
… Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! —
deyən mütəfəkkir, filosof, Azərbaycan Ədəbiyyatı tarixində divan janrının ən məşhur siması Məhəmməd Füzulinin dəlilik dərəcəsində sevdiyi yarı — vətəni kimi də təqdim edir və oxucuya Vətəni bir də Füzuli eşqinə sevdirməyə çalışır:
Azərbaycan-mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
"Milli şair, vətəndaş şair" kimi tanınan, həm sovet dövrünün çətinliklərini, milli ayırımçılığını, həm də müstəqillik dövrünün ilk on ilinin qarışıqlığını yaşayan, bütün siyasi, sosial-mədəni reallıqlarını dəqiq görə bilən və şeirlərində əks etdirən Məmməd Araz poeziyamızın ən görkəmli simalarındandır. Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyinə baxmayaraq, bu sahədə əfsuslar olsun ki, beynəlxalq akademik ictimaiyyətə onun haqqında az şey məlumdur. Şairin həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına və əsərlərinin ən azından türk xalqlarının dillərinə tərcümə olunmasına ehtiyac vardır.
Müstəqilliyimizin ilk illərində cəmiyyətdə baş verən fitnə-fəsadın şahidi olan Məmməd Araz daxili və xarici düşmənlərə qarşı mübarizə apararkən, diqqəti qulaqlarını qəsdən tıxayanları oyatmağa, cəmiyyətdəki susqunluğu aradan qaldırmağa, birliyimiz üçün vətəndaşların şüurunu oyaq saxlamağa çalışırdı. Amma o, bunun üçün heç kimdən heç nə ummurdu. Vətənin yovşanını yad elin gül-çiçəyindən üstün tutan, küləyini təltif yerinə qəbul edən şair elə beləcə də deyirdi:
Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ ol”un da bəsimdi, vətən.
Bəsimdi hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən.
Təbii ki, Məmməd Araz yaradıcılığının ümumi məzmununu belə kiçik məqalələrə sığdırmaq mümkün deyil.
Ta heç nə demirəm, heç nə demirəm,
Alışır sinəmdə söz aram-aram.
Mən sənə bir kövrək, yaddaşı möhkəm,
Vəfalı xatirə bağışlayıram. -
deyən şairin ruhunu daim ehtiramla yad etməli, yaradıcılığına yenidən nəzər yetirməli, yeni araşdırmalar aparmalı, xatirə yazıları yazıb bağışlamalıyıq.
Bu məqaləni yazmaqda da iki məqsədim var. Birincisi, bugün Məmməd Araz şeirilə vətəndaş olmağı yenidən düşünmək və düşündürməkdir, ikincisi isə şairin bir neçəsini nümunə gətirdiyimiz, əslində isə yaradıcılığının böyük bir hissəsini əhatə edən vətənpərvərlik məzmunlu əsərlərinə əsaslanaraq milli, xəlqi və vətəndaş şair kimliyini müzakirə və tədqiqatlara yenidən cəlb etmək, 90 illik yubileyi ilə bağlı birliyimizi təmin edən qan bağı, genetik bağlılıq, irs və mədəniyyət kimi ünsürləri ön planda tutan yaradıcılığının müxtəlif təriflərinə yenidən işıq salmaq və şairin bu sahədə yerini layiqincə müəyyənləşdirməyə çalışmaqdır.
Adilə Nəzərova
Filologya üzrə fəlsəfə doktoru
Paylaş: